Yuxarı

Ermənilər MDB-də də təklənir

Ermənilər MDB-də də təklənir

İşğalçı ölkə daha bir zərbəni Bişkekdə aldı


Natiq Miri: "Azərbaycan Qarabağ siyasətini dəyişməlidir”


Üzeyir Cəfərov: "Ermənistan bu cür təxribatlarla əslində nəbz yoxlayır

 

Müstəqil Dövlətlər Birliyində (MDB) bu ilin əvvəlindən elan olunan "Ailə ili” ilə əlaqədar Tacikistan paytaxtı Düşənbədə "Ailə ocağı” adlı Forum keçirilib. Foruma Azərbaycan, Rusiya, Qırğızıstan, Belarus, Moldova, Ukrayna, Tacikistan və Ermənistan nümayəndə heyətləri qatılıb. Forumda Ermənistan nümayəndə heyəti tərəfindən təxribata əl atılıb, nümayəndə heyətləri arasında narazılıq yaranıb və nəticədə Ermənistana rəsmi xəbərdarlıq edilib. Belə ki, Ermənistan nümayəndə heyəti Azərbaycanın Dağlıq Qarabağı adından gənclər təşkilatlarını separatçı rejim olan "respublika” adından təqdim ediblər.

Azərbaycan nümayəndə heyəti buna etiraz edib. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması xatırladılıb və bu təmsilçiliyin forumdan dərhal yığışdırılması tələb olunub. Separatçı rejimin təqdimatı forumdan yığışdırılıb və ermənilərə xəbərdarlıq edilib.


Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Ermənistanın mahiyyətinə baxdıqda bu cür hərəkətləri bir növ normal qarşılamaq lazımdır. N.Miri əlavə edib ki, Azərbaycan artıq mövcud Dağlıq Qarabağ siyasətini dəyişdirməli və torpaqları azad etməyə başlamalıdır:


"Çünki, bu dövlət qarşısına məqsəd qoyub ki, Dağlıq Qarabağı subyekt olaraq bütün dünyada tanıtdıracaq. Bu baxımdan Ermənistan dəvət aldığı hər bir beynəlxalq tədbirdə qondarma Dağlıq Qarabağı müstəqil qurum kimi təqdim etməyə çalışır. Təbii ki, Azərbaycan buna qarşı adekvat addımlar atmalı və bir trend yaratmalıdır ki, qondarma qurumun nümayəndələri beynəlxalq tədbirlərdə subyekt kimi çıxış etməsinlər. Ayrıca onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın istəkləri, etdikləri beynəlxalq hüquqa uyğun davranışdır. Ancaq buna baxmayaraq bəzən görürük ki, Ermənistan beynəlxalq hüququ gözardı edir. Qondarma qurum bəzi tədbirlərdə özlərini müstəqil subyekt kimi təqdim edir. Düşünürəm ki, bu cür təxribatlar olub və olmaqda da davam edəcək.


Ona görə də Azərbaycan bununla bağlı çox ciddi bir immunitet formalaşdırmalıdır ki, dünya və xüsusilə də MDB ölkələri bu cür addımlardan çəkinsin. Çünki, Dağlıq Qarabağ münaqişəsini keçmiş post-sovet ölkələri daha yaxşı bilir. Bilirlər ki, Dağlıq Qarabağ və ətraf rayonları işğal olunmuş ərazilərdir. Məhz Ermənistan işğal etdiyi əraziləri müstəqil subyekt kimi təqdim etmək istəyir. Düşünürəm ki, beynəlxalq aləmlə bərabər, həm də MDB-də çox ciddi işlər görülməlidir. Azərbaycan artıq Dağlıq Qarabağ probleminin həlli istiqamətində çox ciddi addımlar atmalıdır. Bu addımlar təkcə siysasi məqamlarla məhdudlaşmamalıdır, hərbi istiqamətdə də addımlar atmaq vacibdir. Söhbət təkcə hakimiyyətin yürütdüyü mövcud hərbi-siyasi xəttən getmir. Hesab edirəm ki, artıq kiçik də olsa hər həftə ərazilər azad edilməlidir. Belə olmayana qədər Ermənistanın verdiyi itkilər erməniləri ağıllandırmayacaq. Ona görə də hər Ermənistanı, həm də onların havadarlarını hərəkətə gətirmək üçün lokal əməliyyatların zamanı çatıb. Böyük hərbi savaşdan söhbət getmir, düşünürəm ki, hələ Azərbaycana bu imkanı tanımazlar. Ancaq ən azından hər gün kiçik əraziləri, strateji yüksəklikləri azad etmək Ermənistanı və onun havadarlarını ağıla gətirəcək”.


Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir  ki, artıq dünyada erməni həyasızlığı ilə barışıblar. Həm onlara fikir vermirlər, həm də özləri çox aciz durumdadırlar:


"Ermənilər harda varsa, onlar orada faktiki olaraq "cığallıq” edirlər. Onlara dəfələrlə xəbərdarlıq edilib ki, bu cür təxribatlara yol verməsinlər. Amma erməni erməni olmaz ki, onlar olduqları yerdə Dağlıq Qarabağla bağlı təxribatlar etməsələr. Əslində bu elə də mühüm rol oynamır. Amma "milçək nə qədər kiçik olsa da ürək bulandırır”. Ermənistan özü belə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və heç tanıya da bilməz. Özləri də bilirlər ki, bunu etsələr çox ağır bədəl ödəyəcəklər. Ümumiyyətlə, Ermənistanın iştirak etdiyi beynəlxalq tədbirlərdə əvvəlcədən xəbərdarlıq olunmalıdır ki, əgər onlar hər hansı bir təxribata yol verəcəklərsə tədbirdən uzaqlaşdırılacaq. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti Ermənistanın iştirak etdiyi tədbirlərdə bu fikri təşkilatçılara bildirməlidir. Qaydalara əməl edilmədiyi halda Azərbaycan tərəfi tədbiri tərk edə, tədbir keçirilən ölkə ilə münasibətlərə yenidən baxmaq məsələsini gündəmə gətirə bilər.

O, zaman artıq təşkilatçılar bu məsələyə daha ciddi yanaşarlar. Ermənistan bu cür təxribatlarla əslində nəbz yoxlayır. Onlar düşünürlər ki, bəlkə bu məsələnin üstündən səthi keçdilər. Bununla da beynəxlaq aləmin gözünü, qulağını buna öyrəşdirməyə çalışırlar. Gələcəkdə də bu məsələyə sərt reaksiya veriləcəksə o, zaman da ermənilər deyəcək ki, 2017-ci ildə tədbirdə biz bunu deyəndə niyə heç kim reaksiya vermədi, indi sərt mövqe nümayiş etdirirlər? Bütün bunların məqsədi və məramı da məhz budur. Çünki, Ermənistan özü də bilir ki, bu cür təxribatlarla heç nəyə nail olmayacaq”.


Vilayət Muxtar





Həftənin ən çox oxunanları