Yuxarı

Rusiya Ermənistanda hərbi gücünü artırır

Rusiya Ermənistanda hərbi gücünü artırır

Üzeyir Cəfərov: "Rusiya Azərbaycan və Gürcüstanı hədəf alıb”

Məhəmməd Əsədullzadə:"Gürcüstanın üzünü NATO-ya çevirməsi Rusiyanın bu addımı atmağa sövq edir”

Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin ölkəsinin Gümrü rayonundakı hərbi bazasının (102-ci baza) genişləndirilməsindən danışıb. "Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, hərbi bazanın genişləndirilməsi ikitərəfli razılaşma əsasında həyata keçiriləcək. Lakin diplomat Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın 102-ci hərbi bazanı genişləndirmək və modernləşdirmək təkilifinə münasibət bildirmək istəməyib. Volınkin onu bildirib ki, Ermənistanda Rusiya bazasının yerləşməsinin məqsədi erməni dövlətinin müdafiəsini möhkəmləndirməkdən ibarətdir: 

"Mümkündür ki, qarşılıqlı razılaşma əsasında hər hansı genişləndirilmə olacaq. Əgər hərbi bazanın bu və ya digər şəkildə genişləndirilməsi baş verərsə, ikitərəfli müqavilə əsasında həyata keçiriləcək. Birtərəfli qaydada heç nə olmayacaq. Xarici işlər naziri Sergey Lavrov da bildirmişdi ki, Ermənistan və digər ölkələrdəki hərbi bazalarımız İŞİD-lə mübarizəyə hazırdır”. Qeyd edək ki, Ermənistanın müdafiə naziri Viqen Sarkisyan "İnterfaks” agentliyinə müsahibəsində hazıda rusiyalı həmkarı Sergey Şoyqu ilə Gümrüdəki hərbi bazanın imkanlarının genişləndirilməsi və təkmilləşdirilməsi məsələsini müzakirə etdiyini deyib.

İŞİD yoxsa, Türkiyə, Azərbaycan və Gürcüstan?

Səfirdən əvvəl Sergey Lavrov Rusiyanın Ermənistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan dövlətlərdəki hərbi bazalarının İŞİD terror təşkilatı ilə mübarizəyə hazır olduğunu demişdi. Volınkin də bunu təkrarladı və dolayı yolla əsas hədəfin İŞİD olduğunu desə də bu genişləndirmə planının region dövlətlərinə - Türkiyə, Azərbaycan və Gürcüstana hesablandığına şübhə yoxdur. Nəzərə alsaq ki, Gürcüstanın baş naziri İrakli Kvirikaşvili ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona dəvət olunub, bu, Kremlin narahatlığına səbəb olmalıdır. Çünki bu, Rusiya mənbələri tərəfindən Tramp administrasiyasının Gürcüstanı Ukraynaya dəyişdirməsi qərarı kimi şərh olunur. Trampın özü də Kiyevə verdiyi mesajda Gürcüstanı müsbət örnək göstərdi və bildirdi ki, əgər Ukrayna Qərbin müttəfiqi və tərəfdaşı olmaq istəyirsə, Tiflis kimi ciddi islahatlar aparmalıdır. Digər yandan Gürcüstan və Qərb arasındakı münasibətlərin yeni dönəmə qədəm qoyduğu vaxt Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirdi. Bu, Ermənistanla yanaşı Rusiyanın siyasi dairələrində də narahatlıq yaratdı. Türkiyənin Azərbaycanda möhkəmlənəcəyindən ehtiyat edən Kreml növbəti dəfə 5 rayonun Azərbaycana qaytarılması məsələsini gündəmə gətirdi. Bir tərəfdən də ermənilər yenidən Türkiyəyə qarşı ərazi iddialarını gündəmə gətiriblər. Bu nöqteyi-nəzərdən bazanın genişləndirilməsinin Rusiyanın region dövlətlərinə mesajı kimi qəbul edilə bilər. Lakin Sergey Minasyan kimi erməni politoloqlar Dağlıq Qarabağda növbəti müharibəyə hazırlıq getdiyinə diqqət çəkərək, Rusiyanın bu addımının da bu hazırlıq prosesinin tərkib hissəsi olduğunu deyirlər.

"Azərbaycana qarşı məkrli planlar var”

Hərbçi-ekspert Üzeyir Cəfərov "Cümhuriyət” qəzetinə bildirib ki, Rusiyanın bu bazanı genişləndirmək istəməsində hansı məqsədi güddüyü anlaşılan deyil. Ekspertin sözlərinə görə, Volonkin bu haqda Lavrovun daha çox məlumatlı olduğunu və əsas məqsədin Ermənistanın təhlükəsizliyinin təmin edilməsi olduğunu dedi:

"Bu məsələ bizim müvafiq qurumlar tərəfindən cavablandırılmalıdır. Onsuz da 102-ci baza 2049-cu ilədək Ermənistanda qalacaq. Bundan başqa Ermənistan və Rusiyanın birgə hərbi birləşməsi var. General Makaryan da bu yaxınlarda başından yekə açıqlama verdi. Amma təəssüf ki, Azərbaycan Xarici İşlər Nazirliyi susur. Ola bilsin ki, yaxın vaxtlarda buna Bakıdan şərh veriləcək. Bütün hallarda biz belə məsələləri diqqətdən kənarda saxlamamalıyıq. Çünki düşmən ölkənin Azərbaycanla bağlı məkrli planları var. Bu planı həyata keçirmək üçün səy göstərirlər. Hesab edirəm ki, Rusiyanın bu niyyəti artıq hərəkətdir. Bu, yaxşı niyyətdən xəbər vermir. Rusiyanın bunsuz da kifayət qədər öz maraqları və Ermənistanın təhlükəsizliyini təmin etmək üçün imkanları var. Yəqin ki, bundan həm də ictimai rəyi öyrənmək üçün istifadə edirlər. Əgər belə hal baş verəcəksə, bu, Rusiyanın müəyyən niyyətlərinin olmasından xəbər verəcək”.

Üzeyir Cəfərov hesab edir ki, Rusiya Azərbaycan və Gürcüstanı hədəfə alıb: 

"Düşünmürəm ki, Rusiya Türkiyəyə qarşı hansısa hərəkət etsin. Əsas faktor, Gürcüstan və Azərbaycandır. Ermənistan onsuz da Rusiyanın quberniyası kimi fəaliyyət göstərir. Ermənistandan istədiyi kimi istifadə edir. Xarici işlər nazirlərinin görüşündə də bunun canlı şahidi olduq. Görüşdən bir neçə saat əvvəl Ermənistan mətbuatı Nalbandyanın görüşə getməyəcəyini yazdı. Amma Moskvadan zəng gələn kimi, Nalbandyan Moskvaya qaça-qaça getdi”.

"Ermənistana əlavə hərbi texnika və canlı qüvvə göndərilə bilər”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə deyib ki, Rusiyanın Ermənistanın Gümrü rayonunda 102-ci bazası, İrəvanın Erebuni rayonunda avia bazası və Göyçə gölü ətrafında gizli hərbi bazası var. Politoloq qeyd edib ki, Göyçə ətrafındakı bazanı yeni tikib: "Rusiyanın 102-ci bazasını genişləndirmək niyyəti, Azərbaycan və Türkiyə üçün təhdiddir. Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri görünür ki, Moskvada narahatlıq yaradıb. Onun Ermənistan ərazisini hərbi bazaya çevirməsi, birbaşa işğalçı ölkəyə dəstəyi və işğalı davam etdirməsinə köməkdir. Türkiyənin öz sərhədləri yaxınlığındakı rus bazasının genişləndirilməsinə etiraz edəcəyi mütləqdir. Səfirdən əvvəl isə Lavrov Ermənistandakı bazanın İŞİD-ə qarşı istifadə ediləcəyini demişdi. Yaxın Şərqdəki müharibə, ABŞ-ın Gürcüstanla bağlı yeni planları və bu ölkənin üzünü NATO-ya çevirməsi Rusiyanı bu addımı atmağa sövq edir”. 

Məhəmməd Əsədullazadə vurğulayıb ki, bazanın genişləndirilməsi məqsədilə Rusiya Ermənistana əlavə hərbi texnika və canlı qüvvə göndərə bilər: "Bu silahların Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməyəcəyinə Rusiya təminat verməyəcək. Ermənistan ordusu məhz Gümrüdəki rus hərbçiləri vasitəsilə Azərbaycana qarşı kəşfiyyat-diversiya həmlələrinə cəhd edir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları