Yuxarı

Putinin çevriliş planı

Putinin çevriliş planı

Ukraynada Poroşenkonu devirməyə çalışırlar

İlham İsmayıl: "Rusiyanın siyasətində kardinal dəyişiklik baş verməyincə Donbasda separatçılıq davam edəcək”

Luqansk Xalq Respublikası adlı separatçı qurumun rəhbəri İqor Plotnitski Ukraynanın tərkibinə daxil olmağa hazır olduqlarını bəyan edib. Lakin o, bunun baş verməsi üçün şərt irəli sürüb. Plotnitski bildirib ki, Ukraynada hakimiyyət dəyişməsə birləşmə mümkün olmayacaq. "Əgər Ukrayna Rusiya meylli əhval-ruhiyyədə olsa, düşünsə ki, biz qardaşıq, vahid ailəyik, bu bir rus dünyasıdır, o halda bu mümkün ola bilər”. O, hazırda Ukraynada LXR-i dəstəkləyən qüvvələrin olduğunu deyib. İqor Plotnitski göstərdiyi köməyə görə Rusiya rəhbərliyinə təşəkkür edib. 

İqor Plotnitskinin qeyd edilən açıqlaması çox güman ki, Moskvaya və Kiyevə ünvanlanmış bəzi mesajları özündə əks etdirir. Bu ilk növbədə, Kremlin son günlər Ukrayna ərazisində Malorossiya konfederasiyası adlı separatçı dövlət yaratmaq planında yaranmış fikir ayrılığı ilə bağlıdır. Məlum olduğu kimi, "Malorossiya” ideyası Donetsk və Luqanskdakı separatçı qurumların birləşdirilərək Ukrayna ərazisində ikinci rus dövlətinin yaradılmasını nəzərdə tutur. Plana əsasən Xarkov, Odessa və Lvov vilayətləri də "Malorossiyanın konfederasiyası”nın tərkibinə daxil edilməklə Ukrayna parçalanmalıdır. Rəsmi Kiyevin sərt bəyanatları isə Rusiyanın bu istiqamətdə növbəti addımlarının şiddətli müharibə ilə qarşılanacağından xəbər verir. Lakin Donetsk və Luqansk separatçılarının Malorossiya məsələsində ortaq mövqeyə gələ bilməməsi Moskvanın yeni siyasi planını həyata keçirməyə mane olur. Qondarma Luqansk Xalq Respublikası Donetsk separatçılarının başçısı Aleksandr Zaxarçenkoya tabe olmaq istəmir. Ona görə də "Malorossiya konfederasiyası”nın elan olunduğu toplantıda Donetsk də daxil olmaqla 16 şəhər və rayonun nümayəndələri iştirak etsə də Luqanskın təmsilçiləri tədbirə gəlməyib. İqor Plotnitski isə sonradan "Bizim bundan xəbərimiz yoxdur”-deməklə faktiki olaraq, Donetskdə çıxarılan qərarı tanımadığına işarə edir. Özünü Luqansk Xalq Respublikasının Xalq Şurasının sədri kimi təqdim edən Vladimir Deqtyarenko həmin iclasa dəvət edilmədiklərinə görə, belə bir konfederativ dövlətin yaranacağına şübhə etdiyini deyib. Mövcud fikir ayrılığı Rusiyanın yeni siyasi layihəsində İ. Plotniskiyə geniş səlahiyyət verilməməsi ilə izah olunur. Bəzi ekspertlərin fikrincə, "Malorossiya”da idarəçiliyin mərkəzi Donetskə həvalə edilməsi Luqanskda yerli ukraynalıların sayca çoxluq təşkil etməsi ilə bağlıdır. 

Bu baxımdan, İqor Plotnitskinin müəyyən şərtlər daxilində Luqanskın Ukraynaya birləşməyə hazır olduğuna dair bəyanatı əslində ona etimadsızlıq göstərmiş Kremlə və Donetskə təzyiq mesajı hesab oluna bilər. Eyni zamanda, separatçılarının rəhbəri Ukrayna qarşısında şərt irəli sürməklə Rusiyaya Malorossiya planında Luqanskın statusu ilə bağlı məsələyə yenidən baxmağı və bu siyasi oyunda iştirak etməyə hazır olduğunu nümayiş etdirir. Əks təqdirdə, İ.Plotnitski Kiyevlə müstəqil danışıqlara başlamaqla Rusiyaya təzyiq üsuluna əl ata bilər. Çünki Luqanskidəki qondarma rejimin rəhbəri Ukraynanın yaranmış fikir ayrılığından faydalanmağa çalışacağını yaxşı anlayır. Bu isə Ukrayna ilə yanaşı, Malorossiya Konfederasiyası ideyasının iflasa uğramasında Qərbin də maraqlarına cavab verir.

Ukrayna probleminin həllinə münasibətdə Qərbin mövqeyinə gəlincə, hazırda ABŞ, Fransa və Aımaniyanın mövqelərini uzlaşdırmasına ehtiyac yaranıb. Tərəflərdən heç biri "Normand dördlüyü” formatının dağılmasında maraqlı deyil. Lakin Almaniya kansleri Angela Merkel ABŞ-ın dövlət katibi, "Exxon Mobile” şirkətinin sabiq rəhbəri Reks Tillersonun Moskvanın Ukrayna siyasətinə yumşaq münasibət sərgiləməsindən narahatdır. ABŞ-ın NATO-dakı sabiq təmsilçisi Kurt Volker Ukrayna üzrə xüsusi səlahiyyətli nümayəndə təyin edilib. Kurt Volker Birləşmiş Ştatların Rusiya siyasətinin "qırğısı” adlandırılır. Almaniyanın narahatlığı öz təsdiqini tapmayıb. Çünki Amerika Ukraynaya tank əleyhinə raketlərin verilməsini planlaşdırır. 

Bununla yanaşı, Almaniya Ukrayna prezidenti Pyotr Poroşenkoya dəstəyi artırmağı vacib sayır. Ukraynada iqtisadiyyat, energetika, səhiyyə, korrupsiya və inhisarçılıqla mübarizə sahələrində xarici dəstəyin artırılması iki ildən sonra yenidən prezident seçkilərinə qatılmaq istəyən Poroşenkoya uğur gətirə bilər. Bu təşəbbüsü Ukrayna icmasının yaşadığı Kanada dəstəkləyir. "Böyük iyirmilər”in Hamburqda keçirilmiş sammitində A.Merkel sözügedən məsələ ilə bağlı Böyük Britaniyanın baş naziri Tereza Meyin müsbət rəyini alıb. Ancaq Rusiyameylli siyasəti ilə seçilən İtaliyanın mövqeyi birmənalı deyil. 

Almaniyanın Saksoniya əyalətinin sabiq baş naziri Georq Milbradt Ukrayna üzrə xüsusi səlahiyyətli nümayəndə təyin edilib. O, islahatların həyata keçirilməsində rəsmi Kiyevə yardım göstərməklə məşğul olacaq. 

Mövcud situasiyanı təhlil edən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, "Malorossiya” layihəsi Rusiyanın geosiyasi oyunudur. Qərbin bütün tələblərinə baxmayaraq, Putin Donbasdakı siyasətindən geri çəkilmək istəmir:

"Putin ikili oyun nümayiş etdirir. Rusiya prezidenti demək istəyir ki, yumşaldıcı variant mümkündür. Lakin bunun üçün Poroşenko hakimiyyətdən getməlidir. Bu o deməkdir ki, Ukrayna xarici siyasət kursunu dəyişir, Yanukoviçin dövründə olduğu kimi yenidən Moskvaya tərəf üz döndərir. Ancaq Rusiya Ukrayna ilə qardaşlıq münasibətlərini davam etdirə bilməz. Bunun baş verməsi üçün gərək Rusiya özü dəyişə. Hadisələrin inkişafı hələ uzun müddət davam edəcək. Yəni Donbasın hələ bir müddət separatçıların nəzarətində qalacaq. Yəqin ki, Putin növbəti dəfə yenidən prezident seçiləcək. Putin hakimiyyət başında qaldıqca, yaxud Rusiyanın siyasətində kardinal dəyişiklik baş verməyənə qədər Donbasda separatçılıq fəaliyyəti davam edəcək. Bu proses həmçinin Dağlıq Qarabağda, Moldovada, Gürcüstanda da həyata keçiriləcək. Hazırda ABŞ-ın, daha dəqiq desək prezident Trampın Ukrayna ilə bağlı siyasətində yumşalmalar var. Putinlə Trampın əlaqələrinin olması barədə ABŞ-da gedən müzakirələr Ukraynada vəziyyətin gərgin olaraq qalacağını deməyə əsas verir. Ona görə də bütün Kremldə hazırlanan bütün bəyanatlar Poroşenkonun yenidən seçilməsinin qarşısını almağa və ya indiki siyasi kursun qarşısını almağa hesablanıb. Poroşenkonun əleyhinə olan Savçenko kimi adamlardan istifadə etməklə bu xətti gücləndirməyə çalışacaqlar”. 

İlham İsmayılın fikrincə, yay mövsümü olduğu üçün hərbi əməliyyatların başlanması ehtimalı getdikcə artır. Rusiya beynəlxalq ictimaiyyətin diqqətini Donbasdan yayındırmaq üçün yeni separatçılıq ocağı yaratmağa çalışacaq: "Amma Ukrayna da digər ərazilərə separatizmin yayılmasının qarşısını almaq üçün hazırdır. Odessada da Rusiyapərəst qüvvələrin qarşısı çox sərt şəkildə alındı. Qərb bu məsələdə geri çəkilməsə də mövqeyində yumşalma ola bilər. Bu cür məsələlər də Trampın impiçmentinə apara bilər. Lakin Almaniya və Fransa başda olmaqla Avropa Birliyi bu siyasətin qətı əleyhinədir. Ona görə də çalışacaqlar ki, atəşkəsin pozulmasının qarşısını alsınlar”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları