Yuxarı

NATO-Rusiya savaşı: Bu ölkədə olacaq

 NATO-Rusiya savaşı: Bu ölkədə olacaq

Fərrux Məmmədov: "Rusiya Suriyadan sonra Türkiyədə hərbi-siyasi cəhətdən oturuşmaq fikrinə düşəcək”

NATO-nun raketdən və havadan müdafiə sistemlərində dəyişiklik müşahidə olunur. Alyansa daxil olan ölkələrin hərbi balansında Rusiya istehsalı olan "S-300” və "S-400” raketlərinin sayı artmağa başlayıb. Xəbər verildiyi kimi, Türkiyə Rusiyadan "S-400” raketdən müdafiə sistemləri alınmasına dair 2,5 milyard dollar dəyərində müqavilə imzalayıb. Rusiya mediasının verdiyi məlumata görə, prezident Vladimir Putin Türkiyəyə göndəriləcək "S-400” ZRK-nin birinci batareyasına baxış keçirib. ABŞ başda olmaqla NATO Rusiya silahlarının NATO-nun raketdən müdafiə sisteminə daxil edilməsinə etiraz edir. ABŞ-ın müdafiə naziri Ceyms Mətts bu yaxınlarda verdiyi açıqlamada "S-400” raketləri almaq məsələsinin Türkiyənin daxili işi olduğunu desə də, onun operativ olmayacağını bildirib. 

Çünki Rusiya istehsalı olan raketlər NATO standartlarına uyğun olmadığından onun istifadə mexanizmləri hələ tam müəyyənləşməyib. Türkiyə isə NATO-nun üzvü olduğundan onun HHM və RMS-ləri Alyansın standartlarına uyğun qurulub. Ona görə də Türkiyə "S-400”-ləri NATO standartlarına uyğunlaşdırmaq üçün Fransa şirkətləri ilə danışıqlar aparıldığını bildirir. Ekspertlərin fikrincə, Rusiya da öz silahlarının texnologiyasını istifadə kodlarını NATO üzvü olan Türkiyəyə verməyəcək. Ona görə də qarşılıqlı müqaviləyə əsasən rusiyalı hərbçilər 2019-cu ildə Türkiyəyə gələrək "S-400”-lərin istehsalı ilə məşğul olacaq. Bu isə Rusiyaya NATO-nun HHM və RHM sistemləri ilə bağlı hərbi sirləri öyrənmək imkanı yarada bilər. Ankara isə ABŞ-ın iradlarını qəbul etməyərək Yunanıstan, Bolqarıstan, Rumıniya, Slovakiya kimi NATO-ya üzv dövlətlərin də hərbi balansında "S-300” raketlərinin olduğunu əsas gətirir. Bütün bunlar isə NATO-nun HHM və RHM sistemində Rusiya silahlarının artması bu təhlükəsizlik şəbəkəsinin dəyişikliyə məruz qalmasından xəbər verir.  

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, beynəlxalq münasibətlər sistemi sarsılıb. "Ərəb baharı” inqilabları və onun ardınca Krımın Rusiya tərəfindən ilhaqından sonra dünyada güclər balansının pozulması müşahidə olunur. Bu prosesin əsas iştirakçılarından biri olan Türkiyənin ABŞ və Avropa Birlyi ilə münasibətlərinin gərginləşməsi beynəlxalq güclər balansına növbəti zərbə vurdu: "NATO-nun üzvü olmasına baxmayaraq, Türkiyə son illər müstəqil hərbi siyasət yürüdür. Türkiyənin Qətərdə hərbi baza yerləşdirməsi, öz ərazi bütövlüyünü qorumaq üçün Suriyada hərbi əməliyyatlar aparması, Rusiyadan "S-400” zenit raket kompleksləri alması buna əyani sübutdir. Rəsmi Ankaranın bu addımları NATO-nun nizamnaməsinə və müdafiə sisteminə ziddir. Lakin məsələnin önəmli tərəfi ondan ibarətdir ki, Türkiyə Avropa Birliyinin üzvü deyil. Türkiyə sadəcə, NATO-nun üzvüdür. Ona görə də Türkiyə həm xarici siyasətdə, həm də daxili siyasətdə sərbəst qərar qəbul etmək gücünə, azadlığına sahibdir. 

Əslində, Ankaranın Rusiya ilə oynadığı bu hərbi oyun Amerika və Avropa Birliyi qarşısında siyasi qələbələrə hesablanıb. Ərdoğan iqtidarı özü də yaxşı bilir ki, Rusiyadan "S-400” raketlərinin alınması Türkiyənin hərbi sisteminin deşifrə olunmasına gətirib çıxaracaq. Bu da Türkiyənin milli təhlükəsizliyi baxımından yaxşı hal deyil. Çünki "S-400” batareyaları və onunla yanaşı rusiyalı mütəxəssislər Türkiyəyə gətirilərsə, bu ölkənin havadan və raketdən müdafiə sistemindəki boşluqları öyrənəcəklər. Həmin ekspertlər əslində, kəşfiyyatçı olduğuna görə, əldə etdikləri hərbi sirləri də Rusiyaya ötürəcəklər. Bu da Türkiyənin milli təhlükəsizliyinin təhdid altına düşməsi deməkdir. Lakin Türkiyə rəhbərliyi bu riski belə nəzərə alaraq, Avropa və ABŞ qarşısında siyasi manevrlər və siyasi divident qazanmaq üçün "S-400” raketlərinin Türkiyədə mövcudluğunu təmin etmək üçün Rusiya ilə bərabər siyasi qərar qəbul etdi. Digər tərəfdən isə Rusiyadan ”S-400”-lərin alınması Türkiyənin beynəlxalq münasibətlər sistemində özünü təklənmiş hesab etməsi ilə bağlıdır. 

NATO-nun havadan və raketdən müdafiə sistemləri çox mükəmməldir, hətta kosmosdan idarə olunur. Əgər NATO üzvü olan hər hansı ölkəyə qarşı hücum təhlükəsi yaranarsa, buraxılacaq raketin yerini, məsafəsini 10-15 dəqiqə əvvəldən kosmosdan müəyyən edərək məhv etmək gücünə malikdir. Rusiyanın isə bu texnologiyanın qarşısında duruş gətirməsi çox çətindir. Çünki Rusiyada müasir hərbi texnologiya mövcud olsa da bu avtomatlaşdırlmayıb. Həmin silahlar sadəcə olaraq, Rusiya hərbçilərinin istifadə edə biləcəyi şəkildə istehsal olunub. Ona görə də "S-400” raketlərinin Türkiyəyə gətirilməsi bölgədə güclər balansına ciddi zərbə vuracaq. Əgər Türkiyə hökuməti bununla siyasi manevr imkanları əldə etdiyini düşünürsə, yanılır. Türkiyə, ABŞ və Avropa Birliyi arasındakı gərginlik daha da artacaq. Ancaq burada günahkar yalnız Türkiyə deyil. Türkiyənin siyasi səhnədə tənha buraxılması və hər məsələdə aldığı siyasi zərbələr Ankaranı belə addımlar atmağa sövq edib. Ancaq bu qərarın ümumi prosesə çox mənfi təsir edəcəyi artıq görünür”.

Ekspert bildirdi ki, ABŞ, Almaniya, Fransa, İsrail kimi ölkələr Rusiya silahlarının NATO-nun hava məkanına daxil olmasına icazə verməz. Çünki illik büdcəsi 200 milyard dollara yaxın olan bir hərbi alyansın hərbi bazarına Rusiyanın daxil olmasının qarşısı alınacaq: "Çox güman ki, Rusiya NATO məkanında öz silahları ilə iştirak etməyə çalışacaq. Məsələn, Türkiyənin vasitəsilə bu siyasəti həyata keçirir. Bolqarıstanda, Rumıniyada, Yunanıstanda "S-300” raketləri var. Ancaq həmin ölkələr bu silahları Boris Yeltsinin prezidentliyi dönəmində əldə etmişdilər. Yeltsin ABŞ-ın istədiyi siyasi xəttə uyğun hərəkət edirdi. O zaman Birləşmiş Ştatlar siyasi, iqtisadi, hərbi sahələrdə xeyli dividentlər əldə etdi. Lakin Putin gəldikdən sonra bu siyasət dəyişdi. Lakin mən inanmıram ki, Rusiya NATO bazarına daxil ola bilsin. Bunun baş verməsi NATO-nun nüfuzuna zərbə ola bilər. 

Rusiya bundan təbliğat məqsədilə istifadə edib NATO-nu silahla təmin etdiyini iddia edə bilər”. 

Fərrux Məmmdəovun sözlərinə görə, Rusiyanın strateji silahlarını bu ölkənin mütəxəssislərinin iştirakı olmadan onların öyrənilməsi prosesi olduqca çətindir. 

"Rusiya başqa dövlətə satdığı strateji silahları həmin ölkənin hərbi balansına tam təhvil vermir. Rusiya bu silahları özünün müttəfiqləri olan dövlətlərə satır. Burada çox diqqətçəkən bir məqam var. "S-400” raketlərini satmaqla həmin ölkənin havadan və raketdən müdafiə sistemlərindəki bütün boşluqları öyrənmək olur. Bu da həmin ölkənin milli təhlükəsizliyi üçün birbaşa təhdiddir. Türkiyə Fransa şirkətləri ilə "S-400” raketlərinin NATO standartlarına uyğunlaşdırlması barədə razılaşma əldə edə bilər. Belə bir təcrübə var. Ukraynada istehsal olunan helikopterlər hazırda NATO standartlarına uyğunlaşdırılır. Lakin "S-400” raketlərində bu mümkün deyil. Çünki Rusiya "S-400” raketlərinin kodlarını, şifrələrini və digər mexanizmlərini heç bir NATO ölkəsinə verməz. Rusiya yaxşı bilir ki, həmin raketlərə baxış keçirən hərbi ekspertlər əslində kəşfiyyatçılardır. Bu da Rusiyanın silah bazarına strateji təhdiddir. Bu gün dünyada hərbi alyanslar böyük bir iqtisadi bazardır. Rusiya silahlarının da ABŞ, Kanada və digər ölkələrin silah bazarına üzü bağlıdır. "S-400”-lər də çox bahalı silahlardır. Ona görə də iqtisadi böhran şəraitində olan Rusiya yeni bazarlar axtarmağa başlayıb. Bazardan əlavə də Rusiya özü üçün həmin ölkələrin raketdən və havadan müdafiə sistemlərindəki boşluqları öyrənməyə çalışır. Bununla da Rusiya həmin ölkələrdə qalıcı olmasını təmin etmək istəyir. "S-400” raketləri Türkiyəyə daxil olarsa, Rusiya Suriyadan sonra Türkiyədə hərbi-siyasi cəhətdən oturuşmaq fikrinə düşəcək. Türkiyə ərazisində solçu baxışlara malik xeyli sayda siyasi qruplar var. Rusiya yəqin ki, onlarla da işləmək üzərində düşünəcək. Üstəlik, Rusiyanın regionda müttəfiqlik etdiyi İran, PKK, silahlı kürd peşmərgələri kimi qüvvələr var. PKK isə Türkiyənin düşmənidir. Bu da Türkiyənin milli maraqlarına ziddir. Ancaq Türkiyə rəhbərliyi Avropa Birliyinə və ABŞ-a qarşı aqressiv siyasətini belə addımlar atmaqla ölkənin təhlükəsizliyini siyasi təhlükə altına atır. Bu yanlış qərardır. Ona görə də yaranmış vəziyyətdə qalan hələ ki, Rusiyadır”. 

"Ərəblər etibarlı tərəfdaş deyil”

Fərrux Məmmədov son illər NATO daxilində fikir ayrılığının artmasını Alyansın siyasətindəki səhvlərlə izah edir. Belə ki, NATO öz qərarlarına bəzən riayət etmir. Bu da Türkiyənin siyasi cəhətdən aqressivləşməsinə gətirib çıxarır: "Lakin Türkiyənin də haqlı tərəfləri var. Lakin siyasi masada Ərdoğan hakimiyyəti ciddi səhvlər buraxır. "Patriot” raketdən müdafiə sistemlərinin Türkiyəyə verilməməsi, ərəb ölkələri ilə münasibətlərə üstünlük verilməsi kimi buna sübutdur. Türkiyə istər terrorla, PKK ilə mübarizədə NATO-dan dəstək ala bilmir. Burada ABŞ-la, Almaniya, Fransa ilə münasibətlər amili mühüm rol oynayır. Türkiyə NATO üzvü olduğu halda "Patriot” raketlərini ala bilmir. Ancaq ABŞ NATO ilə assosiativ tərəfdaşlıq edən ərəb ölkələrinə istənilən qədər "Patriot” sistemləri verir. Bu gün Almaniyada gərginləşən siyasi mühit Malatyadakı "Patriot” sistemlərinin sökülüb aparılması ilə nəticələndi. Bu da NATO-nun Türkiyəyə etibar etmədiyini göstərir. Nəticədə Türkiyəni Rusiyanın əhatə dairəsinə saldı. Əgər NATO-nun üzvü olan ölkələr terrorla mübarizədə yalnız buraxılırsa, raketdən müdafiə sistemi ilə təmin olunmursa, Alyansın nizamnaməsi pozulursa, deməli, bu təşkilatın daxilində ciddi problemlər var. ABŞ-da, Fransada keçirilmiş seçkilər, Almaniyada isə qarşıdan gələn seçkilər Türkiyə-NATO münasibətlərinə böyük bir zərbə oldu. Bu da Türkiyənin yaxın gələcəkdə böyük bir təhlükəli prosesdən keçəcəyindən xəbər verir. 2017-2023-cü illərdə Türkiyənin ərazi bütövlüyünün qorunub saxlanılması və parçalanması məsələsini ortaya qoyur. Ona görə də Türkiyə çox ehtiyatlı siyasət yürütməli, NATO ilə münasibətləri yenidən başlamalıdır. Yoxsa bunun acınacaqlı nəticələri ola bilər. Türkiyənin Qərbdən uzaqlaşması və ərəb dünyası ilə yaxınlaşması təklənməsinə gətirib çıxartdı. Türkiyə anlamalıdır ki, Rusiya, Çin onun tərəfdaşı deyil. Türkiyənin tərəfdaşı Avropa Birliyi və Amerikadır. 

Bu gün Türkiyənin xarici siyasəti olduqca qarışıqdır. Türkiyənin xarici siyasət kursu ərəb coğrafiyasında dəfn edilir. 10 il bundan öncə Suriya, İraq, Misir kimi ölkələrlə münasibətləri çox yaxşı olan Türkiyənin bu gün həmin dövlətlərlə kəskin ziddiyyətləri yaranıb. Türkiyənin güclər balansını dəyişmək istəyi, Qətərə görə digər ərəb ölkələri ilə münasibətlərini pisləşdirməklə xarici siyasətindəki növbəti səhvə yol verdi. Türkiyə nəzərə almalıdır ki, ərəblər siyasətini müstəqil şəkildə formalaşdırmır. Bu Amerika və Avropanın Türkiyəni növbəti dəfə tələyə salmasına gətirib çıxrtdı. Ərdoğan iqtidarı bilməlidir ki, ərəblər etibarlı tərəfdaş deyil. Nəticədə Türkiyə arxadan zərbə aldı. Osmanlı dövründən bu yana tarixən belə olub. Ərdoğanın bütün çıxışları, o cümlədən, Almaniyaya qarşı ittihamları daxili icitimai rəyə hesablanıb və Türkiyənin gücünün itirilməsinə səbəb olur”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları