Yuxarı

Moskva üçün xilas kəməri: "Türk axını”

Moskva üçün xilas kəməri:

Elşən Manafov: "Türkiyə ilə əldə olunmuş razılıqlar Rusiyanın neft-qaz sektorunu təhlükələrdən sığortalaya biləcək”

Amerika Birləşmiş Ştatlarının senatı Rusiyaya qarşı yeni sanksiyalar layihəsini təsdiqləyib. Layihədə Rusiya ilə yanaşı İran və Şimali Koreyaya qarşı da sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulub. Layihə Senat üzvlərinin əksəriyyətinin səsini qazanıb. 25 iyulda ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilən sənəd Senatda təsdiqləndikdən sonra prezidentə göndəriləcək. Donald Trampın sənədə veto qoymaq hüququ var. 

Ancaq Ağ Ev prezidentin bu hüququndan istifadə etməyəcəyini və sənədi bütünlüklə dəstəklədiyini bildirib. Layihə iqtisadiyyatın müxtəif sahələrini əhatə edir. Rusiya tərəfi isə bu sanksiyaların vura biləcəyi mümkün zərərləri kompensasiya etmək üçün "Türk axını” layihəsinin icrasını sürətləndirmək qərarına gəlib. Belə ki, Rusiyanın qaz nəhəngi "Qazprom” sanksiya təhlükəsinə qarşı  "Türk axını” qaz kəmərinin tikintisini sürətləndirir. Həmin sanksiyanın qəbul edilməsi, bu layihənin qapadılmasına gətirib çıxara bilər. Rusiyanın "Vedomosti” qəzetinin məlumatına görə, ”Qazprom”un podratçısı "Swis Allseas” şirkəti artıq  Qara dənizin dibi ilə 15 mil uzunluğunda qaz borusu çəkib. "Swis Allseas Audacia” şirkətinin dəniz nəqliyyatı koordinatoru göstərir ki, onun gəmiləri nəzərdə tutulan qrafiki qabaqlayırlar.

Siyasi-şərhçi Elşən Manafov "Cümhuriyət” qəzetinə sanksiyaların bütün hallarda Rusiyanın neft-qaz və maliyyə sektoruna təsiri edəcəyini deyib: 

"ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar bir tərəfdən Avropanın Rusiyadan enerji asılılığını aradan qaldırmağa xidmət edir. Digər tərəfdən Ukrayna hadisələri ilə bağlı rəsmi Kremlə təzyiq vasitəsidir. Rusiya  Ukraynadan milyardlarla borcun ödənilməsini tələb edir. Ukrayna iqtidarı isə əksinə, hələ də borcun ödənilməsi ilə bağlı konkret mövqe sərgiləmir. Qeyd edim ki, Rusiya beynəlxalq məhkəməyə müraciət edərək Ukraynanın onlara olan borcunun təsdiqlənməsinə nail oldu. Bu da Ukrayna iqtidarını daha da ağır bir duruma saldı. Sanksiyalar göstərir ki, ABŞ Rusiyanı Ukraynadan keçəcək qaz kəmərinə və bu kəmərə vaxtı-vaxtında qazla təmin olunmasına vadar etmək istəyir. Çünki  bu qazı almayacağı tədqirdə Ukrayna iqtisadiyyatı və dövləti  problemlərlə üz-üzə qalacaq. Qarşıdakı qış çox sərt ola bilər. Ukraynada isə  Beynəlxalq Valyuta Fondu və Avropanın valyuta institutları növbəti kreditləri ödəməkdə həvəsli və maraqlı deyillər. Rusiyanın Ukraynaya tətbiq etdiyi qaz sanksiyası təbii ki, Ukraynada sosial problemlərin daha da dərinləşməsinə səbəb olacaq. Bu da Ukraynanın indiki iqtidarı üçün xoşagəlməz problemlər yarada bilər. Onsuz da əhalinin bu məsələ ilə bağlı narazılığı göz qabağındadır”. 

Elşən Manafov hesab edir ki, Rusiyanın Türkiyə və Baltik dənizi vasitəsilə dünyaya çıxardığı qaz və neft resursları Rusiyanın büdcəsinə bundan sonra da yetərincə vəsaitlərin daxil olmasını təmin edəcək: 

"Hal-hazırda da dünya  bazarında neftin qiyməti durmadan artır. Burada maraqlı məqam ondan ibarətdir ki, ABŞ Səudiyyə Ərəbistanı ilə bir müddət əvvəl müəyyən razılıqlar əldə etmişdi. Səudiyyə də OPEC-in aparıcı üzvü olaraq dünya neft bazarına daha böyük miqdarda neft çıxarmayacağına söz vermişdi. Amma hal-hazırda Səudiyyə anlayır ki, ABŞ özünün neft hasilatını dünya bazarına çıxarmaqla əslində öz müttəfiqlərini vurur. Zərbə də onların iqtisadiyyatına, bank sektoruna dəyir. Ona görə də OPEC tərəfindən də dünya bazarına razılaşmadan daha çox neft çıxarılmasını müşahidə edirik. İranı dünya bazarına daha çox qaz çıxarmaqla bağlı addımlar atır. Bu konteksdə düşünürəm ki, OPEC-lə müəyyən razılaşmalar olmayacaqsa, Rusiya dünya bazarında bu resursların həcmini özünə lazım olan səviyyədə saxlamağa nail olacaq. Bu mənada Türkiyə ilə əldə olunmuş razılıqlar Rusiyanın bank-maliyyə, neft-qaz sektorunu təhlükələrdən sığortalaya biləcək”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları