Yuxarı

FETÖ-dən 2019-cu il HƏMLƏSİ

FETÖ-dən 2019-cu il HƏMLƏSİ

Natiq Miri: "Bu təhlükə o qədər realdır ki...”

Türkiyə hakimiyyətinin apardığı mübarizəyə, həbslərə baxmayaraq FETÖ təhlükəsi hələ də mövcuddur. Belə bir iddia ilə "Türkiyə” qəzetinin yazarı Nuri Elibol çıxış edib. Müəllif həmçinin yazısında qeyd edib ki, FETÖ siyasi sui-qəsdlər törədə bilər. Yazar əlavə edib ki, bu gün ən böyük problem sistemdə zəifliyin olmasıdır. Türkiyəli yazar hesab edir ki, ordu və təhlükəsizlik sistemində zəif nöqtələr aradan qalxmasa, ordu içindəki "laik” (dünyəvi) qrup ikinci bir çevriliş törədə bilər. "Zəif nöqtələr  2019-cu il prezident seçkilərinə qədər aradan qaldırılmalı, islahatlar həyata keçirilməlidir. Əks təqdirdə, seçkiöncəsi çevriliş cəhdləri ola bilər”, - deyə o bildirib. Ümumiyyətlə, bu və buna bənzərə məlumatlar son zamanlar Türkiyə mətbuatında geniş vüsət alıb. Bu isə onu deməyə əsas verir ki, FETÖ hələ də Türkiyəni təhdid edir.

Siyasi-şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Türkiyə üçün FETÖ təhlükəsi hər dönəm öz aktuallığını qoruyur: 

"FETÖ deyəndə təkcə Fətullah Gülən və onun ətrafında olanlar nəzərdə tutulmur. Onun arxasında qlobal maliyyə, siyasi, hərbi gücləri də nəzərə almaq lazımdır.  Çünki məhz həmin güclər FETÖ vasitəsilə demək olar ki, dünyanın tən yarısında maliyyə sistemini idarə edə bilir və  böyük pullar qazanırlar. Ona görə də FETÖ təkcə Türkiyədə fəaliyyət göstərən bir neçə min nəfər deyil. Düşünürəm ki, FETÖ təhlükəsi dünən də var idi, bü gün də var və sabah da olacaq. Çünki Türkiyə elə bir geostrateji məkanda yerləşən bir ölkədir ki, dünya gücləri heç bir zaman bu dövlətlə bağlı maraqlarından  vaz keçməyəcək. 10 minlərlə FETÖ tərəfdarları bu günə qədər ya işdən azad olunub, ya da həbs olunub. Ancaq buna rəğmən hələ də Türkiyədə fövqəladə vəziyyət ləğv olunmayıb. Çünki bu təhlükə o, qədər realdır ki, hər an Türkiyənin istənilən idarəetmə sistemində böyük sabataj və çevrilişlər baş verə bilər.

 Ona görə də hər dəfə Türkiyə hakimiyyəti bu məsələni müzakirəyə çıxarır və nəticə etibarı ilə fövqəladə vəziyyətin bir müddət də uzadılamasına qərar verirlər. Hesab edirəm ki, bu məsələyə səthi yanaşmaq olmaz. Bu çox təhlükəli bir güc mərkəzidir. Düşünürəm ki, nəinki 2019-cu il, hətta ondan sonra da FETÖ-çüların təmizlənmə prosesi davam edəcək. Çünki bu məxfi və gizlənmiş  bir şəbəkədir. Belə bir şəbəkəni isə deşifrə etmək o, qədər də asan məsələ deyil. Bu gün ifşa olunan FETÖ-çülar ya xəbərləşmək üçün istifadə etdikləri şəbəkələrə, ya da bəzi etirafçı üzvlərinə görə mümkün olub. Ancaq FETÖ üzvlərinin əksəriyyəti hələ də öz liderlərinə sadiq qalmaqda davam edirlər. Düşünürlər ki, FETÖ nə zaman gəlib nəinki onları azad edəcək, hətta Türkiyədə çevriliş etməklə siyasi hakimiyyəti ələ alacaq. Hesab edirəm ki, 2019-cu il Türkiyə üçün həyati önəm daşıyan il olacaq. 

Çünki prezident və qarlament seçkiləri olacaq ki, bu da ya Türkiyənin sıçrayışla inkişafına, ya da indiyə qədər etdiklərinin boşuna getməsinə səbəb olacaq. Bu məsələdə Türkiyə hakimiyyəti və cəmiyyəti çox həssas olmalıdır”.

"AKP-yə alternativ hazırlanır”

2019-cu il Türkiyədə keçirələcək prezident seçkilərinə toxunan Natiq Miri cəmiyyətin böyük əksəriyyətinin AKP iqtidarına inamının sarsılmadığını deyib. Ekspert hesab edir ki, seçkilərdə AKP-yə alternativ  yaradılıb:

"2019-cu il prezident seçkiləri AKP hakimiyyətinin və xüsusilə də böyük səlahiyyətlər almış Ərdoğanın bilavasitə fəaliyyəti ilə bağlı olacaq. Ancaq onu da nəzərə almaq lazımdır ki, 2019-cu il seçkilərində AKP-yə çox ciddi alternativlər hazırlanır. Bu alternativ CHP deyil, müxtəlif siyasi güclərin birləşərək yaratdıqları siyasi qurumdur. Bu qurumda MHP-nin sosial bazasından çıxmış siyasilər də təmsil olunur. Həmin partiyanın başında isə xanım siyasətçi dayanır. Hesab edirəm ki, bu təkcə Türkiyənin daxilində qurulan bir güc mərkəzi deyil. Bu güc mərkəzinin çox ciddi qlobal dəstəyi də var. Həm Avropa, həm də ABŞ-dan bu güc mərkəzinə ciddi şəkildə dəstək veriləcək. Bu siyasi güc mərkəzi isə növbəti seçkilərdə AKP-yə alternativ görünür. Bu baxımdan 2019-cu ilin seçkilərinin asan keçəcəyini düşünmək doğru deyil”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları