Yuxarı

Diplomatik savaş başladı

Diplomatik savaş başladı

"Birləşmiş Ştatlar Rusiyanı Şimali Qafqazda zəiflətməyə çalışacaq”

Elşən Manafov: "Baltikyanı, Ukrayna, Suriya, Şimali Koreya ətrafında Amerika-Rusiya qarşıdurması artacaq”

ABŞ-ın Rusiyadakı diplomatik missiyasının sayı 755 nəfər-ə qədər ixtisar edilir və Rusiyanın Amerikadakı diplomatik heyətin sayı qədər-455 nəfər olacaq. Rusiya prezidenti Vladimir Putin "Vesti.ru”-ya müsahibəsində belə açıqlama ilə çıxış edib. Dövlət başçısı onu da bildirib ki, Amerika diplomatları Moskvada bir neçə obyekti istifadə etmək hüququndan məhrum edilir. Bu, ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanun layihəsini təsdiqləməsinə cavabdır. Bu baxımdan, Rusiya diplomatik pariteti bərpa etmək qərarına gəlib. 

Kremlin bu addımının səbəbini V.Putin belə izah edib: "Çünki Amerika tərəfi qəsdən törədilməmiş kimi Rusiya-Amerika münasibətlərinin pisləşməsi yönündə ciddi addım atıb. Qanunsuz məhdudiyyətlərlə dünyanın başqa ölkələrinə, o cümlədən Rusiya Federasiyası ilə münasibətlərin inkişafında maraqlı olan öz müttəfiqlərinə təsir etməyə cəhd edir. Xeyli müddətdir gözləyir, vəziyyətin yaxşıya doğru dəyişə biləcəyinə nə isə ümid bəsləyirdik. Lakin göründüyü kimi, nə isə dəyişsə də, bu, tezliklə olmayacaq. Mən indi Birləşmiş Ştatların bütün daxili siyasi xarakteri haqqında cürbəcür mənalar demirəm. Ancaq hesab edirəm ki, biz heç nəyi cavabsız buraxmayacağımızı göstərməliyik”. 

Prezident Putin diplomatik orqanların fəaliyyəti baxımından bunun çox həssas olduğunu vurğulayıb. "Çünki Rusiyada indiyə qədər min nəfərdən artıq şəxsi heyət-diplomatlarn və texniki işçilər işləyib. Onların 755 nəfəri Rusiya Federasiyasındakı fəaliyyətini dayandırmalı olacaq. Bu həssas məsələdir. Lazım olub-olmamasına baxmayaraq, bizim də edəcək nələrimiz isə var. Bizim Birləşmiş Ştatlarla ticarət-iqtisadi əlaqələrimiz çox kiçikdir. Burada Çinlə, yaxud Avropa Birlyi ölkələri və dünyanın digər ölkələri ilə olan ticarət münasibətlərinin həcmi ilə hər hansı müqayisə getmir. İmkanlar böyük olsa da müxtəlif səbəblər üzündən həcmi kiçikdir”. 

Vladimir Putinin sözlərinə görə, Rusiya amerikalılar üçün həssas olan sahələrdə fəaliyyət dairəsini məhdudlaşdıra bilər. Ancaq bu beynəlxalq münasibətlərin inkişafına ziyan vuracaq. Qeyd edək ki, ABŞ-ın Moskvadakı səfirliyi və digər üç şəhərdəki konsuslluqları da daxil olmaqla 1100 nəfər əməkdaşı çalışır. Onların 600 nəfərinin Rusiyadan çıxarılacağına dair məlumatlar yayılmışdı. Lakin bu göstəricinin 755 nəfərə çatmasından sonra hər iki fövqəldövlət arasında diplomatik əlaqələrin kəsilməsi həddinə çatıb. Siyasi müşahidəçilərin rəyinə görə, ABŞ-ın Rusiyaya tətbiq etdiyi son sanksiyalar yalnız Vaşinqtonla Moskva arasında deyil, beynəlxalq münasibətlər sitemində gərginlik yaradacaq. 

Politoloq Elşən Manafov hesab edir ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra Kremlin də adekvat addımlar atacağı istisna deyildi. Birləşmiş Ştatların 755 diplomatının Rusiyadan çıxarılması ikitərəfli münasibətlərdə xoşagəlməz problemlər yaradacaq:

"Rusiyanın Hərbi Dəniz Qüvvələrinin yubileyi ilə bağlı Suriyada hərbi parad keçirməsi əslində Moskvanın Birləşmiş Ştatlara əzələ nümayişi kimi qəbul olunmalıdır. Rusiya ilk dəfə idi ki, belə bir parad təşkil edirdi. Bu hərbi nümayişə Rusiyanın Aralıq dənizində növbədə dayanan gəmiləri də qoşulmuşdular. Paradı qəbul edən Vladimir Putinin verdiyi açıqlamalar göstərdi ki, Rusiya ABŞ-a da, NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı məsələlərdə də cavab tədbirlərinə əl atmaq məcburiyyətindədir. ABŞ və Rusiya beynəlxalq terrorizmə qarşı mübarizədə hər iki dövlət əməkdaşlıq edir. Lakin sanksiyalar yalnız neft-qaz sektorunu deyil, maliyyə-bank sahəsini də hədəfə aldığından Rusiyanın iqtisadiyyatını və büdcəsini zəiflətməyə yönəlmiş addımlar kimi qəbul olunur. Maraqlıdır ki, bu sanksiyalar Avropa Birliyi ölkələri tərəfindən də birmənalı qarşılanmayacaq. Əslində bu gün ABŞ-ın siyasətini şərqi Avropa ölkələri yerinə yetirir. Almaniya, Fransa kimi dövlətlər isə Birləşmiş Ştatlarla münasibətlərinə yenidən baxmağa çalışır. Donald Trampın Fransaya səfəri və prezident Makronla görüşü də bunu bir daha göstərdi. Makronun siyasəti Qollizmin davamı hesab olunur.

Xatırladaq ki, Şarl de Qollun prezidentilyi dönəmində Fransanın ABŞ-la münasibətlərində ziddiyyətlər yaşandı, hətta Fransa NATO tərkibindən çıxdı. Bu mənada Birləşmiş Ştatların Avropa Birliyini öz yedəyində görmək istəyi ikincini qane etmir. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların alman, fransız, italyan, xüsuilə də İspaniya şirkətlərinin maraqlarına zidd olduğundan Moskvanın Avropa Birliyi ilə Amerika arasında yaşanan narazılıqdan istifadə edəcəyi istisna deyil. Düşünürəm ki, Rusiya bundan sonra Baltikyanı ölkələrə təzyiqləri gücləndirəcək. Rusiya-Türkiyə münasibətlərində hər iki tərəfi məmnun edə biləcək danışıqlar olacaq. Türkiyənin bu günlərdə Rusiyadan "S-400” raketlərini alması NATO-dakı müttəfiqlərini ciddi narahat etdi.

Xüsusilə Səudiyyə tərəfinin Fətullah Güləni qəbul etməsi Türkiyədə ciddi narazılıqla qarşılanıb. Halbuki, Fətullah Gülən ABŞ-da siyasi sığınacaq tapmış bir mühacirdir. Ona Səudiyyə Ərəbistanı tərəfindən belə münasibətin göstərilməsi Türkiyə rəhbərliyinin Qətər böhranında tutduğu mövqe ilə bağlıdır. Fikrimcə, bütün bunlar yaxşı heç nə vəd etmir. Halbuki, Donald Tramp prezident seçiləndə Rusiya ilə münasibətlərdə qarşılıqlı əməkdaşlığın ola biləcəyinə ümid edirdilər. Lakin hazırda Amerikada Trampın reytinqi aşağı düşməkdədir. Güman edirəm ki, Trampdan olan narazılığın əsas səbəbi ABŞ-Rusiya münasibətlərindəki mövqeyi ilə bağlıdır. Prezident Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqini istəməsə də ona razılıq vermək məcburiyyətində qalıb. Çünki bu fakt hərbi-siyasi istiblişmentin Trampa olan təzyiqlərinin nəticəsi kimi qəbul edilməlidir”. 

Elşən Manafov onu da bildirdi ki, ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi Ukraynada, Şimali Koreya ətrafında özünü ciddi büruzə verəcək. Belə ki, Ukrayna hakimiyyəti ilə rəsmi Vaşinqton arasında soyuqluğun artmasından Rusiya siyasi cəhətdən faydalanmağa çalışacaq: "Poroşenko Saakaşvilinin özü üçün ciddi müxalif qüvvəyə çevrildiyini gördükdən sonra onu vətəndaşlıqdan məhrum etdi. Poroşenkonun bu addımı ABŞ-da yaxşı qarşılanmayacaq. Ukrayna iqtidarı ABŞ-ın dəstəyindən getdikcə məhrum olmaqdadır. Rusiya da Ukrayna iqtidarını qane etməyən bu məqamlardan istifadə etməyə çalışacaq. İkincisi, Şimali Koreya ilə münasibətlərdə gərginlik artmaqdadır və Çinin bu məsələdə narahatlığı göz qabağındadır. Əgər Çinlə Şimali Koreya arasında geopolitik, ideoloji yaxınlıq varsa, Rusiya ilə belə bağlılıq yoxdur.

Amma geopolitik maraqlar və ABŞ-ın Şimali Koreya problemini güc müstəvisində həll etmək istəyi Pxenyanı Moskva ilə yaxınlaşdıra bilər. Nəhayət, Rusiyanın hüdudlarından kənarda, Suriyanın Aralıq dənizindəki Tartus limanında irimiqyaslı hərbi parad keçirməsi ABŞ-a qarşı əzələ nümayiş etdirməsi kimi qəbul olunmalıdır. ABŞ-ın müstəqil kürd dövləti yaratmaq planları Türkiyənin narazılığına səbəb olduğundan burada Ankara ilə Moskvanın da yaxınlaşması özünü büruzə verir. İranla münasibətlərdə də hərbi gərginliyin artmasından da Rusiya istifadə etməyə çalışacaq”.

"Sanksiyaların Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərinə təsiri necə ola bilər” sualına cavab olaraq ekspert bildirdi ki, Birləşmiş Ştatların Putinə siyasi rəqib kimi etibar etdiyi əsas müxalifət lider Navalnıdır. Lakin Navalnını korrupsiyada ittiham edilərək həbs edilib. Keçmiş baş nazir Kasyanovla, sabiq şahmat üzrə dünya çempionu Harri Kasparovun da ittifaqı seçkilərdə iddiasını ortaya qoymağa çalışır. Ancaq bu birliyin Putinə ciddi alternativə çevrilməsi də real görünmür: "ABŞ Rusiya ilə hərbi qarşıdurmanın da əleyhinədir. Ona görə də Vaşinqton bundan sonra Rusiyanı daxildən zəiflətmək siyasətinə üstünlük verəcək. Ona görə də ola bilər Şimali Qafqazda, Uzaq Şərqdə, xüsusilə Kuril adaları problemlərindən istifadə etməklə Rusiyaya təzyiq göstərməyə çalışacaq. Eyni zamanda da Putinə alternativ komandanın formalaşdırlması siyasətini davam etdirəcək”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları