Yuxarı

Erməni təxribatlarının arxasındakı əl

Erməni təxribatlarının arxasındakı əl

Elçin Mirzəbəyli: "Dünyada artıq başa düşürlər ki, Rusiya ilə danışmaq və ona etimad göstərmək mümkün deyil”

Nadir Qocabəyli: "Suriya və Türkiyədə baş verən terror hadisələri onların planıdır”

Ermənistanın Berd rayonu ilə həmsərhəd olan Tovuzun Qaralar kəndi Ermənistan ordusu tərəfindən atəşə tutulub."Cümhuriyət” qəzeti xəbər verir ki, düşmən iyulun 29-30 tarixlərindən bu istiqamətdə fəallaşıb.Ermənilər əsasən, təsərrüfatla məşğul olan dinc əhalini hədəfə alıb.İriçaplı silahlardan açılan atəş nəticəsində evlərin dam örtüklərinə, divarlarına ciddi ziyan dəyib. Kənd sakinləri bildiriblər ki, əkin vaxtı ermənilər ardıcıl  olaraq bu cür təxribatlar törədir və iş görməyə imkan vermir. 

İyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə təxribatçı cəhdlərdən sonra Ermənistan silahlı birləşmələri bütün sərhəd və cəbhə boyu istiqamətlərdə hücumların sayını artırıblar.Xüsusilə, son zamanlarda - Rusiyadan Azərbaycana diplomatik təzyiqlərin artdığı vaxt ermənilərin cəbhə xəttində fəallaşması təsadüfi hesab olunmur.Ehtimal etmək olar ki, Ermənistan rəhbərliyi kənardan Azərbaycana qarşı olan missiyanı həyata keçirmək məcburiyyətində qalıb.Lakin Alxanlı təxribatı Ermənistanda ciddi narahatlıq yaratmışdı.Erməni hakimiyyətinə yaxın KİV-lər və siyasi institutlar Azərbaycanın tezliklə bu təxribata əməliyyatları bərpa etməklə cavab verəcəyini cəmiyyətə təlqin edirdilər.Həmin vaxt erməni ekspertlər müharibə vəziyyətində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında ən çox 3 gün davam gətirəcəyini bildirirdilər.Lakin hazırkı situasiyada başqa bir ehtimal müzakirə mövzusuna çevrilib.Ekspertlərə görə, Ermənistan rəhbərliyi diktə və təzyiqlər altında Azərbaycanın mövqelərinə qarşı hücuma keçir, öz qərarıyla yox.

Rusiya ətrafında daralan "həlqə”

Politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, son zamanlarda ermənilərin törətdikləri təxribatların birbaşa kənardan alınan tapşırıq olduğunu demək mümkün deyil. Lakin politoloq Ermənistanın yenidən fəallaşmasının bir neçə səbəbinin olduğunu istisna etməyib: "İlk növbədə bunlar, danışıqlar prosesinin pozulmasına yönəlmiş cəhddir. Görünən budur ki, Rusiya status-kvonun dəyişməsini istəsədə də Ermənistan vasitəsilə danışıqlar prosesinin pozulmasına cəhd göstərir, dolayı yolla bununla status-kvonu saxlamaq istəyir.İndiki şəraitdə Ermənistanın azğınlaşmasının əsas səbəbi də budur.Digər yandan Ermənistan danışıqlar masasında münaqişədə dönüş yaradacaq şərtlə oturmur.Həmçinin iddia olunur ki, Ermənistan aprel döyüşlərindən əvvəlki mövqelərinə geri qayıtmaq istəyir və bu halda danışıqlara davam edəcəyini bildirir”.

Elçin Mirzəbəyli qeyd edib ki, son dövrlərdə daha çox mülki əhali erməni silahlı birləşmələri tərəfindən atəşə məruz qalır: "Bunu da məqsədyönlü şəkildə edirlər. Vaxtilə Azərbaycan ərazilərinin işğalı prosesində də Ermənistan eyni texnologiyadan istifadə etmişdi. Bu, vaxtilə rusların istifadə etdikləri üsuldur: mülki insanlar arasında psixoloji gərginlik yaratmaq və bundan sonra digər addımları atmaq. Əlbəttə, Azərbaycan Ermənistana adekvat cavab verəcək.Amma məsələyə qlobal çərçivədən baxmaq lazımdır. Rusiya ətrafındakı "həlqənin” daraldığını hiss edir. Tətbiq edilən sanksiyalar Rusiyanın "qan damarlarının” tutulmasına yönəlib.Rusiyanın dünyanın enerji bazarından sıxışdırılıb çıxarılması istiqamətində proseslər gedir.Dünyada artıq başa düşürlər ki, Rusiya ilə danışmaq və ona etimad göstərmək mümkün deyil.Bu baxımdan da Rusiya MDB məkanında reydlərinin sayını artırmağa və mövqelərini gücləndirməyə çalışır”.

Erməni ordusundakı təxribatçılar

Siyasi analitik Nadir Qocabəyli "Cümhuriyət” qəzetinə açıqlamasında son zamanlarda erməni silahlı birləşmələrinin fəallaşmasının arxasında Rusiyanın dayanmadığını deyib. O, hesab edir ki, Rusiya bu münaqişənin həllində maraqlıdır: "Rusiya öz sərhədlərində qaynar nöqtələrin, münaqişə ocağının olmasında maraqlı deyil, ola da bilməz. Heç bir dövlət burnunun ucunda hərbi münaqişə olmasını istəməz.Bu coğrafiyada baş verən nə qədər münaqişə, müharibə, təxribat varsa, hamısı Qərbdə planlaşdırılır və həyata keçirilir.Qarabağ münaqişəsini də onlar alovlandırıb və sönməyə qoymurlar.Suriya və Türkiyədə baş verən terror hadisələri onların planıdır.Sadəcə Rusiya hələ ki, bunun öhdəsindən gələ bilmir.Rusiya Azərbaycanla Ermənistanı bir araya gətirmək istəyir, iki prezidenti mütəmadi görüşdürür ki, sülhə nail olunsun.Ancaq araqarışdıranlar da yatmayıb.Biz cəbhə xəttində baş verən bütün təxribatlara görə, Sarkisyanın haradansa tapşırıq aldığını düşünürük. Amma situasiya xeyli fərqli ola bilər. Ola bilər ki, Sarkisyan heç orduya tam nəzarət edə bilmir, orada ona tabe olmayan, müxtəlif xarici qüvvələrə bağlı qruplaşmalar var. Təxribatçılar hər yerdə ola bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları