Yuxarı

Ermənilərin "S-400” təlaşı

Ermənilərin

Sərdar Cəlaoğlu: "Türkiyənin silahlanmasıyla bağlı bölgədə etiraz mühiti yaratmaq istəyirlər”

Arzu Nağıyev: "Ermənistan ikibaşlı oyun oynayır, həm ABŞ-dan, həm də Rusiyadan divident qazanmağa çalışır”

Türkiyənin Rusiyadan almağa hazırlaşdığı "S-400” ("Triumf”) zenit-raket komplekslərinin Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhədlərdə yerləşdirəcəyi ilə bağlı iddialar yayılıb. "Cümhuriyət” qəzeti erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Məsələləri İnstitutunun direktoru, politoloq Stefan Səfəryan məlumat verib. O, iddia edir ki, Türkiyə Rusiyadan almağa hazırlaşdığı S-400 "Triumf” zenit-raket komplekslərindən birini Naxçıvanda yerləşdirə bilər. Politoloq həmçinin qeyd edib ki, Türkiyə Naxçıvan əlahiddə ümumqoşun ordusuna təlim keçir və dəstək verir.

"Əgər başqa yerlərdə Türkiyə Azərbaycana kömək edə bilməsə də olduqca əlçatan olan Naxçıvanda Hava Hücumundan müdafiə sistemləri yerləşdirə bilər. Naxçıvan isə Türkiyə və Azərbaycan tərəfdən möhkəmləndirildikdən sonra İrəvan və bütün Ararat bölgələrini təhdid edəcək. Həmin sistemlər təkcə Türkiyənin müdafiəsi üçün deyil, Azərbaycanın maraqları üçün də istifadə olunacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Bu müqavilənin məzmunu məlum deyil, lakin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ağlasığmaz dərəcədə dərindir. Beləliklə, "S-400” sistemlərinin Türkiyəyə verilməsi Ermənistanı narahat etməlidir”, - deyə Səfəryan qeyd edib. Politoloq vurğulayıb ki, "S-400” dünyada ən güclü hava hücumundan müdafiə vasitələrindən biridir və bu sistemlər Ermənistanın malik olduğu "İsgəndər” raketlərinə də problem yarada bilər.

"Türkiyənin müttəfiqləri də narahatdırlar”

Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Türkiyənin "S-400” zenit-raket komplekslərini Azərbaycanın Naxçıvan bölgəsi ilə sərhədlərində yerləşdirəcəyi ehtimalı aşağıdır. ADP sədri bununla bağlı yayılan məlumatların şayiə olduğunu diqqətə çatdırıb: 

""S-400” strateji silahdır. Ermənistanla sərhəd bölgələrində belə bir silahların yerləşdirilməsinin heç bir mənası yoxdur. Əgər bu silahları Rusiya satırsa, bu zaman rus hökuməti bu raketlərin Rusiyaya qarşı istifadə olunmayacağına dair Türkiyədən zəruri təminat alacaq. Hesab edirəm ki, bununla bağlı yayılan məlumatlar şayiədir. Çox güman ki, Türkiyənin silahlanmasıyla bağlı bölgədə etiraz mühiti yaratmaq istəyirlər. Heç bir ölkə silah satarkən bu silahın sonradan özünə qarşı işlənməyəcəyinə dair təminat almadan bunu qarşı tərəfə verməz. İmzalanan müqavilədə də bu silahların yerləşdirilməsi və hansı məqsədlər üçün istifadə olunacağı məsələlərinə xüsusi yer verilir”. 

Sərdar Cəlaloğlu vurğulayıb ki, həmin məlumatları ermənilər, yaxud Qərbə xidmət edən dairələr yayıblar:

 "Çünki Türkiyənin bu silahı alması, onun formal müttəfiqi olan dövlətləri də narahat edir. Açıq formada Türkiyəyə heç nə deyə bilmirlər, buna görə də uydurma iddialarla çıxış edirlər. Hesab edirəm ki, Türkiyənin aldığı silahlar daha uzaq hədəfləri vurmaq üçün istifadə olunacaq. Rusiya bu silahları istehsal etdiyinə görə, daha mükəmməl müdafiə sisteminə malikdir. Yəni, Türkiyənin bunu nəzərə almadan həmin silahdan Rusiyaya qarşı istifadə edəcəyini demək, mənasızdır”.

"Ermənistan ikibaşlı oyun oynayır”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə deyib ki, Türkiyənin almaq istədiyi bu silahlar barədə ciddi müzakirələr gedir, ABŞ da rəsmi şəkildə Türkiyənin bu silahları almasına qarşı çıxış edib. Politoloqun sözlərinə görə, Ermənistan ciddi-cəhdlə bu məsələni şişirtməyə çalışır ki, Türkiyə kompleksləri Ermənistanla sərhədlərdə yerləşdirəcək: 

"Amerika vaxtilə "Patriot” raketlərini Türkiyəyə satmaqdan imtina etdi ki, NATO-nun bu ölkəyə verdiyi hava hücumundan müdafiə kompleksi sərhədləri qorumaq üçün kifayət edir. İndi də Amerika "S-400”-lərin alınması məsələsində Türkiyə - Suriya sərhədlərinə görə narahatdır. ABŞ Türkiyədə kürd silahlı birləşmələrini silahlandırmağa başlayıb. ABŞ da həmin silahların bu bölgələrdə yerləşdiriləcəyindən qorxur. Ermənistan NATO - Türkiyə sərhədlərində yerləşdiyinə görə Amerika gərginlik yaratmaq üçün belə bir məlumatı ortaya ata bilər. Məlumdur ki, Naxçıvanın Ermənistanla böyük sərhədləri var, bu, Azərbaycan - Ermənistan sərhədi deməkdir. Türkiyə ilə Naxçıvanın sərhədi 11 kilometrlik ərazidir. Belə bir bölgədə həmin raketlərin yerləşdirilməsi nə dərəcədə məqsədəuyğundur? Hərbçilər bu məsələni raketlərin texniki-taktiki xarakterinə uyğun dəyərləndirəcəklər. Digər yandan bura İrana daha yaxındır”. 

Arzu Nağıyev hesab edir ki, Ermənistan bu iddianı ortaya atmaqla Türkiyənin bu silahları almasının qarşısına əngəl çıxarmağa cəhd edir: "Lakin ortada Rusiya faktoru var. Rusiya bu silahları Türkiyəyə hədiyyə kimi vermir. Böyük pullar aldıqdan sonra raketləri verə bilər. Ermənistan ikibaşlı oyun oynayır. Bununla həm ABŞ-dan, həm də Rusiyadan divident qazanmağa çalışır. Çalışır ki, nəyin bahasına olursa-olsun, Türkiyə bu raketləri əldə etməsin. Yaxud, əldə etsə də Rusiyanın xeyrinə olan müqavilə ilə olsun”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları