Yuxarı

Cənubi Qafqazda yeni ab-hava

Cənubi Qafqazda yeni ab-hava

Qabil Hüseynli: "Azərbaycanın Qərbyönümlü siyasət perspektivləri real görünməyə başlayıb”

ABŞ-ın vitse-prezidenti Maykl Pens Gürcüstana səfər edib. "Cümhuriyət” qəzeti Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, qonşu ölkədə NATO təlimlərini izləyən amerikalı diplomat eyni zamanda Rusiya əleyhinə səsləndirdiyi fikirlərlə də yadda qalıb. Gürcü mənbələr Pensin Rusiya ilə bağlı çıxışlarının geosiyasi əhəmiyyətini vurğulayırlar. Gürcüstanı ABŞ-ın bölgədəki əsas strateji tərəfdaşı adlandıran Mayk Pens Vaşinqtonun bu ölkənin təhlükəsizliyinin təmin olunmasında iştirakını bundan sonra da davam etdirəcəyini bildirib. O, çıxışında Rusiyanı bölgə dövlətləri, NATO üzvü olan və bu ittifaqla əməkdaşlıq edən dövlətlər üçün "təhlükə” adlandırıb: "Rusiya NATO üzrə müttəfiq ölkələr üçün təhlükədir və ABŞ bunun qarşısını almaq üçün maksimum çalışacaq”.

Amerikanın yüksək rütbəli diplomatının Gürcüstan səfəri başqa bir məsələni gündəmə gətirib. Gürcüstanın nüfuzlu KİV-ləri iddia edirlər ki, ABŞ Cənubi Osetiya və Abxaziyanın işğalına görə Rusiyaya sanksiyalar tətbiq edə bilər. Mənbələr xatırladırlar ki, bununla bağlı məsələ hələ Gürcüstan baş nazir Georgi Kvirikaşvilinin Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşündən sonra gündəmə gəlmişdi. Konqresə təqdim olunan sənəddə Rusiyanın Gürcüstana qarşı işğalçı həmlələri pislənilir və bununla bağlı tədbirlərin görülməsi Konqreslə yanaşı, Ağ Ev rəhbərinə təklif olunur.

Bölgənin 180 dərəcə dəyişən konfiqurasiyası

Mayk Pensin Gürcüstan səfəri və Tiflisdən səsləndirdiyi geosiyasi əhəmiyyətli fikirlər Rusiyada narahatlıqla qarşılanıb. Barak Obama dönəmində Cənubi Qafqazdakı maraqlarından çəkilən ABŞ-ın yenidən bölgəyə qayıtdığını bildirən rusiyalı ekspertlər hesab edirlər ki, Rusiyanın orbitindən çıxmağa hazırlaşan Gürcüstanla yanaşı, Azərbaycan və Ermənistan da üzünü Qərbə çevirə bilər. 

Ekspertlər Mayk Pensin səfəri ilə Cənubi Qafqazda bölgənin dizaynını dəyişəcək siyasi əhəmiyyətli proseslərin başlayacağını və ABŞ-ın öz nüfuz dairəsini genişləndirmək üçün fəallığını artıracağını istisna etmirlər. Gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərinin də ABŞ-ın bu ölkədə fəallaşmasına münbit zəmin hazırladığı da ehtimallar arasındadır. Mənbələr Rusiyadan son zamanlarda Azərbaycana artan diplomatik təzyiqlərin Amerikaya burada öz nüfuz dairəsini genişləndirməsi üçün şans yaratdığı da müzakirə mövzusuna çevrilib. Hesab olunur ki, ABŞ son zamanlarda Azərbaycan - Rusiya münasibətlərindəki soyuqluqdan istifadə etməyə cəhd göstərə bilər və bu baxımdan Vaşinqton və Bakı arasında təmasların sıxlaşması istisna olnmur. Ehtimal olunur ki, Amerikanın yüksək nüfuzlu diplomatlarından birinin növbəti dayanacaq yeri Bakı ola bilər.

Rusiya və Azərbaycan arasında "Amerika çənbəri”

"Cümhuriyət” qəzetinə açıqlamasında son zamanlarda ABŞ-ın Azərbaycana marağının artdığını deyən politoloq Qabil Hüseynli hesab edir ki, ölkə başçısı İlham Əliyevin İstanbulda dövlət katibi Reks Tillersonla görüşü zamanı bu maraq özünü açıq formada göstərdi. Politoloq xatırladıb ki, Azərbaycanın enerji layihələrinə dəstək verən Tillerson eyni zamanda ölkəmizin bölgədə geosiyasi əhəmiyyətini qeyd etdi: 

"Dövlət katibi həmçinin Azərbaycanın Əfqanıstdankı NATO qoşunlarına yardımı məsələsində rolumuzu yüksək qiymətləndirdi. Hesab edirəm ki, bu görüş və görüşdə müzakirə olunan məsələlər Kremlə ciddi mesaj idi ki, Amerika Azərbaycanı geosiyasi maraqları çərçivəsində görür. Amerikanın nüfuzlu KİV-lərində də son zamanlarda ABŞ-ın Cənubi Qafqaz bölgəsinə təsirlərinin artacağını vurğulayırlar. Hesab edirəm ki, ABŞ-ın əsas hədəfi Rusiyanı "çənbər” içinə almaqdır. Baltikyanı bölgədən başlayan və Qara dənizədək uzanan "çənbərin” əsas hissəsi başa çatmaq üzrədir. Bu "çənbərin” Cənubi Qafqaz və Orta Asiya hissəsi qalır ki, NATO və ABŞ bu bölgədə möhkəmləndikdən sonra Orta Asiya respublikalarına da nüfuz edəcəklər. Bizi daha çox Cənubi Qafqaz maraqlandırır. Artıq NATO-nun Gürcüstanda təlimləri keçirilir. Mayk Pens burada Gürcüstan üçün NATO yolunun açıq olduğunu bəyan etdi. Bu məsələdə gürcülərə hər cür dəstək verəcəklərini bildirdi”.

Cənubi Qafqaz üzərində yeni atmosfer

Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistan da NATO-nun Gürcüstanda keçirilən təlimlərində iştirak edir: 

"Ermənistan da son zamanlarda NATO-ya inteqrasiya etdiyini bildirir. Hər halda Ermənistanın NATO-ya inteqrasiya edəcəyi ağılasığmaz ehtimaldır, amma Azərbaycanın Qərbyönümlü siyasət perspektivləri real görünməyə başlayıb. Çünki Rusiya ilə münasibətlərdə ehtiyatlı davransaq da Kremlin Dağlıq Qarabağ münaqişəsinin həll prosesindəki mövqeyi Azərbaycanı qane etmir. Rusiya istəməsə də Azərbaycanla bağlı məsələlərdə supergüclərə təsir etmək məcburiyyəti qarşısında qalacaq. Çünki Azərbaycan sərhədlərindən bir neçə kilometr uzaqda Amerikanın vitse-prezidenti çıxış edirsə və Rusiyaya barmaq silkələyirsə, bu, artıq ciddi məsələdir. Görünən budur ki, hadisələrin gedişatı Cənubi Qafqazda ciddi siyasi proseslərin başlayacağından xəbər verir. Yəqin ki, Ermənistan da cərəyan edəcək hadisələrdən kənarda qalmayacaq. Hesab edirəm ki, bölgədəki destruktiv qüvvələrin fəaliyyətlərinin məhdudlaşdırılması, beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının münaqişələrlə bağlı qətnamələrinin bu normalar çərçivəsində icra olunması atmosferinin yaradılması uzaq perspektiv deyil”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları