Yuxarı

Dalana dirənmiş Qətər

Dalana dirənmiş Qətər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətər böhranının həllində vasitəçilik məqsədilə Fars körfəzi ölkələrinə səfər edib. Nazirin Küveytdə, Birləşmiş Ərəb Əmirliklərində və Qətərdə aparacağı danışıqlar Rusiyanın mövcud böhranın həllində vasitəçilik səylərinə yardım məqsədi daşıyır. Qətər və qonşu ərəb dövlətləri arasındakı barışıq missiyası səmərə versə, Yaxın Şərq Yaxın Şərqdəki digər məsələlərin də həllində Rusiya üçün geniş imkanlar yarada bilər.Sergey Lavrov üç günlük Küveyt səfərindən sonra Birləşmiş Ərəb Əmirliklərinə, sonra isə Qətərə yola düşəcək.

Küveyt Qətər ətrafında diplomatik gərginliyin yarandığı ilk gündən vasitəçilik təşəbbüsü ilə çıxış etməklə neytral mövqe nümayiş etdirib.Bu baxımdan, Küveyt Ərəbistan yarımadasında Omanla birlikdə Qətərlə diplomatik əlaqələri kəsməyən yeganə dövlətdir.BƏƏ isə Səudiyyə Ərəbistanının Qətərə qarşı qadağaların təşbbüskarı sayılan Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdirir.Bu baxımdan, S.Lavrov həm bitərəf ölkələrin, həm də anti-Qətər koalsiyasının mövqeyini öyrəndikdən sonra yekunda Dohaya səfər edəcək.Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, səfər zamanı əsas diqqət mərkəzində rəsmi Doha ilə digər ərəb ölkələrinin münasibətlərinin böhran həddinə çatdıran səbəblər diqqət mərkəzində olacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn, Yəmən və Liviya Qətər rəhbərliyini terrorizmə dəstək verməkdə, İranla gizli əlaqələr saxlamaqda, "Müsəlman qardaşları” (İxvanil-Muslimin) təşkilatına və "HƏMAS” hərəkatına sığınacaq verməkdə ittiham edir. Eyni zamanda, adıçəıkilən ərəb dövlətləri Qətərdən "Əl-Cəzirə” telekanalını bağlamağı tələb edir. ABŞ yaranmış problemi sülh yolu ilə həll etməyi təklif etsə də faktiki olaraq, Şeyx Təmim bin Həməd əl-Tani hakimiyyətinə qarşı yönələn ittihamları müdafiə edir. Böhranın ilk mərhələsində bitərəf mövqe tutan Moskva hazırda Doha ilə yaxınlaşmaya meyl edir və Qətərin izolyasiyadan çıxmasına maraq göstərir.Qətərlə münasibətlərin yaxınlaşması Suriyanın radikal müxalifətinin böyük hissəsinə təsir göstərə bilər.Bu isə Suriya böhranının nizamlanmasında təşəbbüsü ələ almaq istəyən Moskva üçün strateji əhəmiyyət daşıyır.

Ancaq ABŞ-Rusiya münasibətlərinin kifayət qədər gərginləşdiyi indiki mərhələdə Sergey Lavrovun anti-Qətər koalisyasını təmsil edən BƏƏ ilə asanlıqla dil tapacağı real görünmür. Mariya Zaxarovanın verdiyi açıqlamaya görə, S.Lavrov yalnız öz həmkarları ilə deyil, həm də Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əs-Səbah, Əbu-Dabidə BƏƏ-nin əmiri Məhəmməd əl-Nəhəyyan, Dohada isə Şeyh Təmim bin Həməd əl-Tani ilə müzakirələr aparacaq. Təbii ki, yaranmış ziddiyyətin aradan qalxmasında adıçəkilən liderlərin verdiyi qərarlar həlledici rol oynaya bilər.Rusiyalı ekspertlərin fikrincə, Körfəz ölkələri arasında sülhün təmin olunması Suriya münaqişəsinin nizamlanmasında İranın rolu baxımından mühüm əhəmiyyət daşıyır.Belə ki, indiyə qədər gərginliyin aradan qalxması prosesində İran iştirak etməyib. Rusiyanın son vasitəçilik səyləri baş tutarsa, bu mümkün ola bilər. Ona görə də Rusiya "qayıq diplomatiyası” ilə məşğul olur.Moskvanın bu mövqeyi Türkiyənin də maraqlarına cavab verir.

Lavrovun Suriya böhranının həllinə dair Astana danışıqları başlandıqdan sonra altıncı dəıfədir ki, körfəz ölkələrinə səfər edir. Məqsəd İdlib ətrafında təhlükəzilik zonasının yaradılmasına nail olmaqdır. Rusiya, Türkiyə və İran arasında əldə olunmuş razılaşmaya əsasən Suriya ərazisində dörd atəşə yasaq bölgə yaradılmalıdır.Təhlükəsizlik zonalarının təşkil olunmasını ABŞ da dəstəkləyir.Lakin İdlibin cənub hissəsindəki ərazilərə Qətər tərəfindən dəstəklənən "Ən-Nüsrə Cəbhəsi” nəzarət edir. Rusiya isə görünür rəsmi Doha ilə dil tapmaqla "Ən-Nüsrə Cəbhəsi”nin həmin ərazilərdən könüllü çəkilməsinə və təhlükəsizlik zonlarının yaradılması adı altlında İdlib bölgəsini tam nəzarətə götürməyə çalışır. Ancaq ərəb ölkələrinin əksəriyyəti bu prosesdə İranın iştirakına qəbuledilməz hesab edir.Bu da öz növbəsində, ərəb dövlətlərinə özlərinin əzəli düşməni olan İsraillə yaxınlaşmaq imkanı verə bilər.Çünki İsrail də İranın Suriyada hərbi iştirakını istəmir.Son günlər İranın "Hizbullah” təşkilatı ilə birlikdə Suriya-Livan sərhəddini ələ keçirməsi İsrailə qarşı ciddi təhlükə törətməklə yanaşı, bölgədə məzhəbçi qarşıdurmanın dərinləşməsi üçün zəmin yaradır.İranın əleyhinə geosiyasi proseslərin əsas koordinatoru isə Səudiyyə Ərəbistanıdır.Lavrov Ər-Riyada sentyabrın birinci həftəsində, regiona növbəti səfəri zamanı getməyə hazırlaşır.

Qeyd edək ki, Fars körfəzi ölkələrinə S.Lavrovun gəlişi ərəfəsində ABŞ prezidentinin müşaviri Cared Kuşner ziyarət edib. O, Ər-Riyadda Suriya məsələsini, həmçinin ABŞ-İsrail münaqişəsinin nizamlamnası yollarını müzakirə edib. Hazırda Vaşinqton Qətərin Qəzza bölgəsində "HƏMAS”a dəstək verdiyini əsas gətirərək ərəb ölkələrini Fələstinə təzyiqi artırmağın vacibliyinə inandırmağa çalışır.Xatırladaq ki, "HƏMAS” hərəkatının lideri Xalid Məşəl və təşkilatın baş qərargahı Qətərdə sığınacaq alıb.Rəsmi Doha isə "HƏMAS”ı ölkədən çıxartmaq barədə digər ərəb dövlətlərinin tələbini qəbul etmək istəmir.Bu səbəbdən, Lavrovun səfərinin daha dəqiq nəticəsi yalnız Səudiyyə Ərəbistanına səfəri başa çatdıqdan sonra məlum olacaq.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları