Yuxarı

Suriyaya dair ilginc sövdələşmə

Suriyaya dair ilginc sövdələşmə

Səudiyyə Ərəbistanı Suriyada siyasi rejimin dəyişdirilməsindən imtina edə, müxalifətə yardımı dayandıra və Bəşər Əsədin hakimiyyətdə qalması üçün Rusiya ilə razılığa gələ bilər. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Qeyd edilir ki, Suriya münaqişəsi ətrafında uzun müddətdir fikir ayrılığı olan dövlətlər indi böhranın nizamlanmasında əməkdaşlıq etməyə başlayıb. İlkin razılaşmaya əsasən Bəşər Əsəd hakimiyyətdə qalacaq. Əsədin hakimiyyətdən getməsində təkid edən barışmaz rəqibləri arasında razılıq əldə olunmasına çalışan Səudiyyə Ərəbistanı ötən ay Suriya müxalifətinin nümayəndələrinin görüşünü təşkil edib. 

Xatırladaq ki, sentyabrın 10-da isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ər-Riyada səfər edib. Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əs-Səud və xarici işlər naziri Adil əl-Cübeyrlə aparılan danışıqlardan sonra S.Lavrovun verdiyi açıqlama Suriya məsələsinə dair tərəflərin ortaq məxrəcə gəldiyini göstərir. Rusiya XİN-in rəhbəri Suriya böhranının BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında həllinə dair Moskva və Ər-Riyad arasında razılaşma əldə olunduğunu deyib. Sergey Lavrov Rusiya ilə Səudiyyə Krallığının münasibətlərinin yeni sahələr üzrə genişləndiyini və maraqlarının ortaq olduğunu vurğulayıb: 

"Rusiya Federasiyası Səudiyyəli həmkarları ilə birlikdə Ər-Riyad, Moskva və Qahirə tərəfindən müxalif qrupların vahid komanda halında Suriya hakimiyyəti ilə Cenevrə müstəvisində danışıqlarının təşkil olunmasını dəstəkləyir". 

Əl-Cübeyr və S.Lavrov Suriyada təhlükəsizlik zonalarının yaradılması məsələsinin vacib olduğunu bəyan ediblər. Rusiya xarici siyasət idarəsinin başçısı Suriya böhranına dair Astanada aparılan danışıqların gələn həftə davam etdiriləcəyini deyib. Rusiya İdlib şəhərinin cənubunda yaradılacaq təhlükəsizlik zonasının xəritəsini həmin danışıqlarda Səudiyyə Ərəbistanı ilə razılaşdırmaq istəyir. Bunun üçün Kremlə Səudiyyə Ərəbistanının İdlib bölgəsinə nəzarət edən müxalif qüvvələrə dəstəkdən imtina etməsi lazımdır. 

Artıq Rusiya İdlibdə mövqe tutan "Ən-Nüsrə Cəbhəsi"nə dəstəyi dayandırmaq üçün Türkiyə və Qətərlə anlaşma əldə edib. Əgər Səudiyyə Ərəbistanı və Misir də Suriya müxalifətinə dəstəyini geri çəkərsə, İdlib bölgəsi Rusiyanın nəzarətinə keçə bilər. Moskvanın əsas məqsədi isə Lazkiyə bölgəsinin şərq hissəsinə doğru daha geniş əraziləri ələ keçirmək, İdlibi Hələb şəhəri ilə birləşdirən strateji əhəmiyyətli magistral yolla Rusiya hərbçilərinin nəzarətində olan Aralıq dənizi sahilinə çıxışı təmin etməkdir. Bu da həmin ərazilərin Bəşər Əsədin idarəçiliyi altına keçməsi deməkdir. 

Son məlumatlar Səudiyyə Ərəbistanının Rusiyanın planlarına etiraz etmədiyini göstərir. Krallığın bu addımı silahlı müxalifətə ciddi zərbə olub. Ancaq Səudiyyə hakimiyyətinin bu mövqeyi ABŞ-la üst-üstə düşür. Müxalifət yaraqlılarına hərbi və maliyyə yardımını dayandıran Donald Tramp administrasiyası əsas hədəfinin İŞİD-i məhv etmək olduğunu bildirib. Müxalifətə fəal dəstək verən Türkiyə belə, son vaxtlar Rusiya ilə işləməyə üstünlük verir. 

Dubayda yerləşən Fars Körfəzi Araşdırmalar Mərkəzinin Müdafiə və Təhlükəsizlik şöbəsinin rəhbəri Mustafa Əlaninin sözlərinə görə, səudiyyəlilər Rusiyanın Suriya münaqişəsini həll etmək imkanına malik olan yeganə qüvvə olduğunu dərk edirlər: "Artıq onlar rejimin qalması ilə razılaşıblar" -deyə M.Əlani bildirib. 

Halbuki, nazir Əl-Cübeyr ötən ay verdiyi bəyanatda Suriyanın yeni gələcəyinə dair uzunmüddətli məqsədin Bəşər Əsədsiz olduğunu söyləmişdi. Lakin avqustun 22-də Ər-Riyadda aparılan danışıqlar göstərdi ki, Səudiyyə Ərəbistanı tərəfindən uzun müddətdir dəstəklənən Suriya müxalifətinin danışıqlar üzrə Ali Komitəsi Moskvaya yaxın olan iki bloku ilə vahid cəbhənin formalaşmasına çalışır. Səudiyyə Ərəbistanında danışıqların növbəti mərhələsi oktyabr ayında davam etdirilə bilər. 

Məqsəd BMT-nin vasitəçiliyi ilə Cenevrədə iştirak edən müxalifətin üç qruplaşmasının vahid nümayəndə heyətini formalaşdırmaqdır. Prosesin iştirakçıları dəyişikliklərin göz qabağında olduğunu deyir. "Mən Ər-Riyadın mövqeyində irəliləyiş görürəm. Razılaşmanın təmin olunması şansı çox yüksəkdir”- Suriya baş nazirinin keçmiş müavini və Rusiya tərəfindən dəstəklənən müxalifət blokunun başçısı Qədri Cəmil belə bəyan edib. 

Bununla yanaşı, anti-Əsəd qruplaşmasının yüksək rütbəli rəhbəri Yəhya əl-Aridi özünün əsas sponsoru hesab olunan Səudiyyə Ərəbistanının Rusiya ilə anlaşmasından Hazırda Əsəd rejiminin bərpası ilə bağlı qızğın kampaniya gedir-deyə narahatlığını ifadə edib. 

Bölgədə hərbi şərait daha çox Rusiyanın və Əsəd rejiminin xeyrinə formalaşır. Son günlər Suriya hökumət qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirib və ölkənin şərqindəki strateji əhəmiyyətli Deyr əz-Zor şəhəri ətrafında üç ilə yaxın davam edən blokadanı yarıb. Suriyanın digər ərazilərində Əsədə qarşı vuruşan həm cihadçılara, həm də mülayim müxalifətə zərbə-zərbə üstündən endirilir. Onların nəzarət etdiyi ərazilər getdikcə azalır. 

Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı münasibətlərin genişlənməsi özünü başqa bir istiqamətdə də göstərir. İri neft istehsalçısı olan bu iki dövlət fikir ayrılığını kənara qoyub qiymətin artırılması məqsədilə OPEK çərçivəsində hasilatın azaldılmasına dair razılıq əldə ediblər. 

Rusiyanı Səudiyyə Ərəbistanı ilə yaxınlaşmağa sövq edən səbəblərdən biri Əsədin digər mühüm hamisi olan İrana meylinin güclənməsinə yol verməməkdir. İranın dəstəklədiyi "Hizbullah” döyüşçüləri Suriya prezidentinin hakimiyyətinin möhkəmlənməsində mühüm rol oynayır. Əsədin hakimiyyətdən kənarlaşdırılması imkanı daha az olduğundan onun düşmənləri öz diqqətini başqa prioritetlər üzərində dəyişdirir. Mustafa Əlaninin sözlərinə görə, səudiyyəlilər üçün Suriya rejimi artıq problem deyil. Hətta prezident də problem deyil. Onlar üçün problem Suriyada mövcud olan İrandır. ABŞ və İsrail də bu gün Rusiyadan İranın Suriyadakı iştirakına son qoyulmasını istəyir. 

İsrailin baş naziri Benyamin Netanyahu İranın Suriyada və Livandakı zavodlarda hədəfi yüksək dəqiqliklə vuran raketlər istehsal etdiyinə dair xəbərdarlıq edib. Əsəd hakimiyyəti isə İsraili Suriyanın şimal-qərbindəki mövqelərinə aviazərbələr endirməkdə ittiham edir. Rusiya İranı özünün Yaxın Şərqdəki strateji müttəfiqi hesab edirsə, İran Səudiyyə Ərəbistanı üçün qatı düşməndir. Buna baxmayaraq, onların maraqları bəzən üst-üstə düşə bilər. Yaxın Şərq üzrə mütəxəssis Yuri Barmin qeyd edir ki, Rusiya İranın artan təsirinin qarşısını almaq üçün Səudiyyə ilə danışığa gedə bilər. 

Rusiya özünün Suriya siyasətinin legitimliyinə nail olmağa, beynəlxalq aləmdə qəbul edilməsinə və münaqişənin uzanmamasına çalışır. Buna görə də Moskva Cenevrədə öz rəqibləri ilə razılaşmaq üçün Əsədə təzyiq göstərir. Çünki bir neçə ildir davam edən danışıqlar artıq dalana dirənib. Ötən həftə körfəz ölkələrinə səfər edən Sergey Lavrov bildirib ki, tərəflər mövqe ayrılığının qalmasına baxmayaraq, müharibənin başa çatmasında maraqlıdır. 

ABŞ və onun Avropadakı müttəfiqləri, hətta Səudiyyə Ərəbistanı ilə Türkiyə öz mövqelərini Əsədin xeyrinə dəyişmək qərarına gəliblər. İndi bütün tərəflər Əsədin keçid dövrü üçün hakimiyyətdə qalması ilə razılaşır. Adının çəkilməsini istəməyən iki Qərb diplomatı "Bloomberg”ə açıqlamasında bu barədə konfidensial müzakirələrin getdiyini bildirib. Ancaq Rusiyanın xarici işlər naziri bəyan edib ki, müxalifətin birliyi olmadan münaqişəyə son qoymaq mümkün deyil. 

Qeyd edək ki, ekspertlər mütəmadi olaraq, Suriyada marağı olan siyasi güclərin yalnız ortaq məxrəcə gələcəyi təqdirdə, böhranın həllinin mümkün olacağını deyib. Bu mənada, Rusiya, Türkiyə, İran, ABŞ, Avropa Birliyi, Səudiyyə Ərəbistanı, Qətər kimi geosiyasi güc mərkəzləri Suriyada rejim dəyişikliyi ilə bağlı ilkin anlaşma əldə etməyə yaxındır. "Yol xəritəsi”nə əsasən, Bəşər Əsədin müvəqqəti hakimiyyətdə qalması ilə müharibəyə son qoyulması şərti qəbul edilir. ABŞ, Rusiya, Türkiyə və ərəb dövlətləri Suriyada döyüşən radikal dini qruplara maliyyə və hərbi dəstəyini dayandırır. Bəs İran "Hizbullah”, "Qüds ordusu”, "87-ci briqada”, "47-ci briqada” kimi silahlı birləşmələrə hərbi dəstəkdən imtina edəcəkmi? Rəsmi Tehran belə bir niyyətdə olması barədə hər hansı açıqlama verməyib. İranın Səudiyyə Ərəbistanının tələbləri qarşısında Suriyadan çıxacağı da indiki şəraitdə real görünmür. 

Sergey Lavrov sentyabrın 10-da Adil əl-Cübeyrlə Ciddə şəhərində keçirdiyi mətbuat konfransında Rusiya və Səudiyyə Ərəbistanının münaqişənin Suriyanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması barədə razılığa gəldiyini söyləyib. Hər iki tərəfin mövqeyi belədir ki, bu ölkənin gələcəyini Suriya xalqı özü həll etməlidir. 

Bu yanaşma Türkiyə və İranın da maraqlarına cavab verir. Lakin bölgədə müstəqil kürd dövləti yaratmağa cəhd edən ABŞ-ın Suriyanın ərazi bütövlüyünə dair anlaşmanı dəstəkləyəcəyini söyləmək çətindir. 

Rusiyanın istəyi isə daha çox Səudiyyə Ərəbistanı, Misir, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə razılaşdırılmış "yol xəritəsi”ni Astana və Cenevrə danışıqlarında masaya çıxartmaqla Suriyanın gələcək siyasi taleyinin müəyyənləşməsində həlledici rol oynamaqdır. Bu prosesdə İranla müttəfiqlikdən imtina edilməsi planı isə yer almayıb. Əks halda, Səudiyyə Ərəbistanı ilə razlaşma uzun sürməyə bilər.  

Müşfiq Abdulla