Yuxarı

Putinin səs-küylü Qafqaz "işğalı”

Putinin səs-küylü Qafqaz

Putin müsahibələrindən birində 100 ilə yaxındır mumiyası "Mavzoley”də saxlanılan Lenini SSRİ - Rusiya imperiyasını dağıtmaqda ittiham etdi. O, Leninin Stalinin etdiyi təkliflərə məhəl qoymayıb (Stalin müstəqil respublikalar yox, muxtar respublikalar təklif edirdi) müstəqil respublikalar yaratmaq səylərinin Sovet İttifaqının dağılmasının əsas səbəbi olduğunu dedi.

Putin çıxışlarında tez-tez Leninə duyduğu açıq və gizli nifrətdən danışır. Çünki Putinə görə, SSRİ-nin dağılmasının yeganə səbəbi Lenin olub: "O, Rusiyanın altına atom bombası yerləşdirdi. Fikir cərəyanlarını istiqamətləndirmək çətin işdir, amma bu fikirlərin doğru nəticələr ortaya qoyması daha vacibdir, Vladimir İliçin etdiyi kimi yox.Leninin müdafiə etdiyi fikir Sovet İttifaqının dağılmasına yol açdı.Həmin dönəmdə avtonomluq və buna oxşar bir çox fikir vardı."Rusiya” adlanan binanın altına atom bombası yerləşdirdilər və sonra Rusiya sarsıldı.Lenin və tərəfdarlarına görə, yumşaq inqilaba ehtiyacları yox idi.Bax, o dönəmdə fikir beləydi”.

Stalindən başlayan nifrət

Putinin çıxışından 95 il əvvəl Leninin kiçik bacısı Mariya Ulyanovanın 1922-ci ildə yazdığı gündəliyində həmin il ağır formada iflic olan Leninin Stalindən ona zəhər verməsini xahiş etdiyini yazırdı: "O, bu tələbini yerinə yetirməsi üçün Stalini təsadüfən seçməmişdi. Lenin Stalinin qətiyyətli bolşevik, həqiqi yoldaş olduğuna inanırdı. Başqa kim Leninin həyatına son qoymağa cürət edə bilərdi?”.Gündəlikdə Stalinin Leninə kömək sözünü verdiyini, amma digər Siyasi Büro üzvlərinin bu tələbi rədd etdikləri qeyd olunur.Stalinin sürgün etdiyi Trotski də xatirələrində Lenini Stalinin zəhərləyərək öldürdüyünü yazırdı.

Leninin ikinci "ölümü”

Leninə qarşı çevrilmiş bu nifrət Putin və Stalin simasını eyniləşdirən əsas cizgidir.Stalinin nifrəti Lenini fiziki olaraq öldürmüşdüsə, Putinin nifrəti isə inqilab liderinin mumiyasını torpaq altına göndərə bilər.Artıq onun partiyasından olan deputatlar belə bir təşəbbüslə çıxış edib.Lenini təkrar-təkrar "öldürən” Putin həm də Rusiyada sürətlə yayılan Sergiyev Monastrının nəşriyyat mərkəzi üzərində Sovet diktatoru İosif Vissarionoviç Stalinin şəkli olan yeni təqvim kartlarının da sifarişçisidir.Kartların dizaynı "Dostoinstvo” nəşriyyatı tərəfindən hazırlanıb.Sağçı nəşrlərlə tanınan "Dostoinstvo” nəşriyyatı 2013-ci ilin üçün də Stalinin şəkli olan təqvim nəşr etdirmişdi.Qeyd edək ki, Rusiyanın Pravoslav Kilsəsi Stalinin müəyyən yollarla təbliğ olunmasını qınamışdı.Çünki Stalininin hakimiyyəti dövründə bir çox kilsələr dağıdılıb.Hətta "dəmiryumruq” ləqəbli diktatorun əmrilə 1931-ci ildə Moskvada Xilaskar İsa Katedralı partdladılaraq yerlə-yeksan edilib. Lakin ölümündən 64 il sonra isə Stalin yenidən qayıdır, Putin getdiyi yolda ona "ikinci həyat” verir. 

"QULAQ”lara qayıdış

Ukrayna və Gürcüstandakı işğallar, muxtar respublikaların səlahiyyətlərinin azaldılması, etniklərin öz dillərində təhsil almaq hüquqlarından məhrum edilməsi, fikir fərqliliklərini izləyən repressiyalar - Putinin istinad etdiyi Stalin metodologiyasıdır. Putin bürokratiyası da "dəmir yumruq” kimi özünə və iqtidarına replika atan hər kəsi bunker kimi "udur”. O artıq federasiyaya yox, "QULAQ düşərgələri”nə başçılıq edir. Artıq Rusiya itaət etməyənləri boğan dibsiz quyu təsiri bağışlayır. Putin Stalin qaydalarına qayıdır, onun çatılan qaşları mərkəzdənqaçmağa meyilli olan hər kəs üçün bir təhdiddir.Kremlin siyasi elitası istər vətəndaşları, istərsə də Rusiya ətrafında yerləşən ölkələr üçün polis dövlətidir."Böyük hökumət”, "Böyük əmək” və "Böyük biznes”… imperiyanı köhnə sərhədlərinə qaytarmaq - Putinin sərhədsiz istəkləri xalqları Sovetin nimdaş şinelinə bürüyə bilər."QULAQ”ların qapıları itaət etməyən hər xalqın üzünə açıqdır.Artıq Rusiyada irqi zorakılığın dəhşətli partlayış səsləri eşidilməyə başlayıb. Tatarıstan, Çuvaşetiya və Dağıstan... Etniklərin yaşadığı bölgələri yenidən işğal etmək cəhdi Putinə qarşı fikir hücumlarının sürətini artırıb.Putinin Stalin furajkasından yüksəlişi Kremldə boruya qışqırılan səs kimi guruldayır.Rus bürokratiyasının Rusiyanı yenidən tikmək planı üçün istinad etdiyi köhnə materiallar baha başa gələ bilər. Etnik bölgələrdən eşidilən etirazlar Putinin "satirik hekayəsi”ni faciəyə çevirə bilər. Çünki o, imperiya toxumlarını elə Stalin kimi bomba üzərinə səpir.Onun nifrət etdiyi Lenindən fərqi də bundadır.

Əyləşilən budağın kəsilməsi

Almaniya kansleri çıxışlarından birində Putin başqa dünyada yaşadığını dedi. Kanslerin iddiasında böyük həqiqət payı var. Bəlkə də buna görədir ki, istər müasir dünya, istərsə də vaxtilə imperiya təbəəsi olmuş respublikalar Putini birtəhər başa düşürlər. Lakin Abxaziya və Cənubi Osetiyadan sonra Krımın işğalı Putin üçün yeni ümid işığı yandırsa da istinad etdiyi "dəmir yumruq metodologiyası”, vaxtilə XX əsrin "ən dağıdıcı qasırğa”sı olan SSRİ kimi Rusiyanı da qaranlıqda qoya bilər. Çünki Putinin yeni dünyanın rənglərinə uyuşmayan rəngləri də daha çox bozun milyardlarla çalarını öz aldadıcı qatının altında gizlədib.Vaxtilə Stalinin rəhbərlik etdiyi kommunist imperiya da düşmən dünyanın ortasında tək qalmışdı.
Necə ola bilərdi? 1920-ci ildə Lenindən hakimiyyəti təhvil alan Stalin də suala cavab tapa bilmədi. Necə ki, Lenin - Stalin tandemi ölkələri, müstəqil subyektləri parça-parça Rusiyaya yamaq etdi və sonradan bu yamaqlar qopub Rusiya nimdaş şinelində öz soyuq çanağı altına çəkildi, indi də Putin o qopmuş yamaqların sökülmüş yerlərinə yeni parçalar axtarır. Hədəfini də muxtar respublikalar üzərindən vurmağa başlayıb.Amma Putin Stalindən zəif işləyir.Çünki Vladimir yaxın ətrafını görürsə, İosifin gözü Qərbi Avropada idi.Belə desək, Putin əyləşdiyi budağı kəsir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları