Yuxarı

"Nəhəng”lər Putinə qarşı birləşdi

Çin ilə ABŞ arasında 245 milyardlıq biznes anlaşması əldə edilib. Bu günlərdə Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Trampın görüşündən sonra iki ölkə arasında daha bir neçə sənəd imzalanıb. Dövlət başçılarının iştirakı ilə keçirilən imzalanma mərasimində ümumi dəyəri 244,9 milyard ABŞ dolları məbləğində olan biznes müqavilələri imzalanıb. Beləliklə, Donald Trampın Çinə ilk rəsmi səfəri çərçivəsində son iki gündə imzalanmış müqavilələrin ümumi dəyəri Çin-ABŞ ticarət münasibətlərində rekord həddə, yəni 253,9 milyard dollara çatıb. 

Məlumat üçün qeyd edək ki, razılaşmalar arasında ən dəyərlisi Çin Neft və Kimya Korporasiyasının ABŞ şirkəti ilə birgə Alyaskada təbii qaz yataqlarının işlənilməsinə dair 43 milyard dollarlıq müqavilədir. Bundan başqa, Çin istehsalı olan "Xiaomi”, "Oppo”, "Vivo” mobil telefonları üçün ABŞ-ın "Qualcomm” şirkətindən çip alınması, habelə "Boeing” təyyarələrinin və "Telsa” avtomobillərinin Çinə satışı ilə bağlıdır. 

Maraqlıdır, iki ölkə arasında əldə olunan razılaşma Rusiyaya zərbədirmi?

Siyasi məsələlər üzrə şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Çin bütün məsələlərdə özünün strateji dövlət və milli maraqlarından çıxış edir: "Rusiya ilə müəyyən mənada birgə fəaliyyət və müttəfiqliklərinə baxmayaraq təbii ki, Çin dünyada gücü olan ABŞ-la münasibətləri də korlamaq istəmir. Nəzərə almaq lazımdır ki, Çin iqtisadi və istehsal baxımından müəyyən mənada həm dəABŞ-la əməkdaşlıq etmək məcburiyyətindədir. ABŞ texnoloji cəhətdən çox yüksək səviyyədə inkişaf etmiş əksər istehsal müəssisələrini  Çinə köçürüb.

İstehsal Çində həyata keçirilir. Bunun müqabilində də Çin həm texnoloji, həm də maliyyə cəhətdən getdikcə güclənir. Rusiyadan ötrü Çin ABŞ-la düşmənçilik edə biləcək bir ölkə də deyil. Ona görə də Çin bütün zamanlarda müəyyən siyasi manevrlərlə həm ABŞ, həm də Rusiya ilə əməkdaşlıq etməkdədir. Çin-ABŞ əməkdaşlığını birmənalı Çinin ABŞ-a dönüşü kimi qiymətləndirmək də doğru deyil. Çünki böyük nüvə dövləti olan qonşu Rusiyanı Çin heç bir zaman gözardı etməz. İkincisi, ABŞ-a qarşı bütün zamanlarda Çin qonşu böyük Rusiya dövləti ilə müttəfiqlikdə müəyyən mənada həm də çəkindirici bir vəziyyət yaradır.

Onu da qeyd edim ki, Çin həm də Rusiya torpaqlarına iddialı bir dövlətdir. Bu mənada getdikcə iqtisadi cəhətdən Rusiyanın zəifləməsində müəyyən mənada maraqlıdır. Çünki Rusiya iqtisadi cəhətdən zəiflədikcə, bu regionlarda, xüsusilə də, Uzaq Şərqdə insanların kütləvi şəkildə bu əraziləri tərk etməsinə gəririb çıxarır. Belə bir vəziyyət təbii ki, Çinin maraqlarına uyğundur. 

Əhali Uzaq Şərq regionundan çıxdıqca, Çin tədricən öz artan əhalisini bu bölgəyə  transfer etmək istəyində olur. O baxımdan Rusiyanın iqtisadi cəhətdən müəyyən mənada zəifləməsi Çinin maraqları çərçivəsindədir. Ona görə də ABŞ-la bu cür əməkdaşlıq etməklə Çin həm özünün texnoloji imkanlarını gücləndirməyə çalışır, həm də Rusiyaya şərait yaradır.  Digər tərəfdən, Rusiya ilə əməkdaşlıq etməklə zaman-zaman regionda ABŞ-ın aqressiyasına duruş gətirmək üçün bir növ çəkindirici bir məqam yaranır”.

Politoloq hesab edir ki, Çinin bu siyasətini çoxtərəfli bir siyasət kimi qəbul etmək lazımdır. Yəni birmənalı olaraq ABŞ-a dönüş siyasəti kimi qəbul etmək lazım deyil: "Hətta Şimali Koreya məsələsində  Çin ABŞ-a açıq olduğunu birmənalı göstərir. Müəyyən mənada Şimali Koreyaya təzyiqlər edəcəyi, hətta ticarət əməkdaşlığını tamamilə dayandıracağı haqqında müəyyən vədlər də verir”. 

Alçina Amilqızı






Həftənin ən çox oxunanları