Yuxarı

Müxalifəti Saakaşvilidən uzaqlaşdıran səbəb

Müxalifəti Saakaşvilidən uzaqlaşdıran səbəb

Gürcüstanın eks prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili qısa zamanda Ukrayna siyasətinin ana müxalifət liderinə çevrilib.Bu gün Saakaşvili həm Ukrayna hakimiyyəti, həm də nə qədər qəribə görünsə də müxalifət üçün arzuolunmaz şəxsə çevrilib.Ukrayna hakimiyyəti Saakaşvilini nə ölkədən çıxara, nə də həbs edə bilir.Bu isə onu deməyə əsas verir ki, Saakaşvilini ya Ukrayna xalqının əksəriyyəti dsətəkləyir, ya da onu "qoruyan əl” mövcud hakimiyyətdən qat-qat güclüdür.Xatırladaq ki, bir neçə gün öncə Saakaşvili həbs olunsa da, bir gündən sonra məhkəmə onu azadlığa buraxdı.

Digər tərəfdən, Saakaşvilinin hal-hazırda heç bir ölkədə vətəndaşlığı yoxdur.Ancaq Saakaşvili Ukraynada böyük tərəfdar kütləsi yığıb və onun mitinqlərinə minlərlə insan qatılır. Məsələn, 17 dekabrda Ukrayna prezidenti Pyotr Poroşenkonun impiçmentini tələb etmək üçün təşkil etdiyi mitinqdə minlərlə insan Saakaşvilinin çağırışına səs verdi, meydanlara axışdı. Ancaq nə qədər qəribə görünsə də, Ukrayna müxalifəti də gürcü liderə dəstək vermir, prosesləri kənardan izləyir.Ekspertlər hesab edir ki, əslində ukraynalı siyasilərin hamısı Saakaşvilidən qurtulmaq istəyir.Hakimiyyət kimi, müxalifət liderləri də Saakaşvilini problem kimi görürlər.Hakimiyyət Saakaşvilidən qurtulmaq yolunu onu Gürcüstana verməkdə görür.Müxalifət liderləri də ümidlərini məhz buna bağlayıb.Çünki Poroşenko Saakaşvili ilə mübarizədə kifayət qədər zəifləyib və getdikcə gücü daha da azalır.Ancaq son anda Poroşenko Saakaşvilini Ukraynaya verə bilsə, müxalifət təmsilçiləri meydanda gücsüz hakimiyyətlə üz-üzə qalacaqlar. Müxalifətin tutduğu mövqe belə deyilsə, niyə Ana Vətən Partiyasının lideri Yuliya Timoşenko, Batkivşina partiyasının lideri Arseniy Yatsenyuk və digərləri Saakaşvilinin hakimiyyətə qarşı apardığı mübarizəyə dəstək vermirlər?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə baş verən proseslərin əslində prezident Poroşenkoya sərf etdiyini deyib:

"Ukraynada Odessanın sabiq qubernatoru Saakaşvilinin siyasi fəaliyyəti bu ölkədə Maydan hadisələrindən sonra baş verdi. Prezident Poroşenkoya dəstək vermək, islahatlara başlamaq və Rusiyaya qarşı cəbhədə yer almaq üçün göndərilən Saakaşvili sonradan müxalifət cinahına keçdi.Odessada prezident Poroşenkonun nümayəndəsi olan Saakaşvilinin islahatlar həyata keçirməsi, korrupsiyaya qarşı mübarizə aparması və islahat çağırışları rəsmi Kiyevdə narahatlıq doğurdu.Çünki, Maydan hadisələrindən sonra hakim komandada heç də islahatçılar yer almadı.Buna oliqarx, erməni nazir Avakovu misal göstərə bilərik.Bu şəxs prezident Porosenko ilə çox ciddi dostluq münasibətlərinə malikdir, ona təsir etmək gücündədi.Məhz Avakovla münasibətləri pozulan Saakaşiliyə hakim komandada hücumlar başladı.Ciddi fikir ayrılığından sonra qubernatorluqdan istefa verən Saakaşvilinin müxalifətə keçməsi, hakimiyyətə qarşı yer alması, Ukraynada siyasi proseslərdə ciddi şəkildə problemlər yaratdı. Saakaşviliyə qarşı hakimiyyətin təzyiqləri onun real siyasətdən uzaqlaşdırılmasına səbəb ola bilmədi. Saakaşvili hesab edirdi ki, ilk gündən müxalifət və xalq onun siyasətinə qoşulacaq və hakimiyyəin devrilməsinə nail olacaq.Maydan hadisələrindən və Ukraynanın şərqində baş verən müharibədən sonra xalq yeni siyasi gərginliyin yaradılmasından narahatdır və buna görə də Saakaşvikiyə dəstək ifadə edilmir. Bundan əlavə qanuni olaraq demokratik seçki yolu ilə hakimiyyətə gələn Poroşenkoya qarşı Saakaşvilinin siyasi hərəkətləri, sabotaj olaraq Ukraynada siyasi  gərginliyə yol açır. Ona görə də Ukrayna siyasi dairələri və müxalifət partiyaları Saakaşviliyə dəstək vermir.Ötən gün Kiyevdə "Oktyabr” sarayının zəbt edilməsi, baş verən iğtişaşlar Ukraynada sabitliyi təhdid edir.Bu da Rusiyanın siyasi maraqlarına cavab verir.Saakaşvilinin siyasəti Ukraynada siyasi sabitsizliyi və ölkənin qanuni prezidentini təhdid etdiyi üçün dəstək göstərilmir.Hesab edirəm ki, Saakaşvilinin siyasəti uğursuzluğa düçar oldu.Burada qazanan tərəf prezident Poroşenkodur”.

M.Əsədullazadə əlavə edib ki, Ukraynada müxalifətin Saakaşviliyə dəstək verməməsi siyasi xaosun yarana biləcəyi ehtimalları ilə bağlıdır:

"Müxalifət istəmir ki, Saakaşvilinin kölgəsində fəaliyyətlərini davam etdirsin. Çünki, Saakaşvilinin siyasəti ölkədə siyasi böhranı dərinləşdirə bilər.Müxalifət əsasən öz siyasi fəaliyyətini seçkiöncəsi göstərəcək.İndidən Saakaşviliyə dəstək verərsə, çox ciddi şəkildə xalqın etimadını itirə bilər”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları