Yuxarı

Türkiyə hədəfə gəlir: Supergüclərlə üz-üzə

Türkiyə hədəfə gəlir: Supergüclərlə üz-üzə

Dekabrın 21-də BMT Təhlükəsizlik Şurası ABŞ-ın Yerusəlimi (Qüds) İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.Səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9 - əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb. Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Qonduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.  

Dünya Amerikaya qarşı

Görünən budur ki, ABŞ prezidenti Donald Trampın məlum qərarına qarşı dünya birliyinin etdiyi etiraz BMT-ni belə bir qətnamə qəbul etməyə məcbur etdi.Məsələnin ilginc tərəfi bu idi ki, xristian-katolik dünyasının mərkəzi Vatikanla yanaşı, Amerikanın Avropa İttifaqı və NATO-dakı müttəfiqlərinin hamısı da Trampa etiraz etdi.İndiyədək İsraildən başqa, Amerikanı dəstəkləyən ikinci ciddi dövlət yoxdur. Şübhəsiz ki, ən kəskin etiraz islam və müsəlman ölkələrindən gəldi. Dekabrın 13-də müsəlman dövlətlərini (İslam Əməkdaşlıq Təşkilatı) İstanbulda bir araya yığan Türkiyənin öndərlik etdiyi ölkələr ABŞ-a etiraz olaraq, Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıdılar. Lakin Türkiyə və islam dünyasından fərqli olaraq, xristian dünyası, yaxud Qərb BMT-nin toplantısı çağırılanadək Amerikaya qarşı praktiki hərəkətə keçmədi. Başqa sözlə, BMT-nin Amerikanın əleyhinə olan məlum qərarı verməyə məcbur edilməsində Türkiyənin hissolunan rolu var. Bundan sonrakı proseslərdə də Türkiyə ilə daha ciddi məşğul olmaq məsələsinin ABŞ-ın yürüdəcəyi xarici siyasətdə prioritet olacağı gözləniləndir. Türkiyə bununla ABŞ-la yanaşı, özünə qarşı ciddi şəkildə "baş ağrısı” ola biləcək İsrailin də qarşısına keçdi.

Türkiyənin ağır imtahanı

Türkiyə bura qədər də ikitərəfli münasibətlər fonunda istər İsraillə, istərsə də ABŞ-la normal münasibətdə deyildi."Mərmərə hadisəsi”ndən sonra İsraillə münasibətləri gərginlikdə olan Türkiyənin ABŞ-la əlaqələri keçən ilin iyul ayında fətullahçı terror təşkilatının - FETÖ-nün dövlət çevrilşinə cəhd etməsi ilə qırılma mərhələsinə girdi.Üstəgəl, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ölkənin Konstitusiyasında dəyişiklik etməsi barədə keçirdiyi referendum və prezidentin səlahiyyətlərinin artırılmasıyla bağlı Rəcəb Tayyib Ərdoğanın gedişləri də Türkiyəni Amerikanın rəqibinə çevirdi.BMT-nin məlum qətnaməsinin qəbulunda Türkiyənin tutduğu yer isə ABŞ-ın NATO-dakı müttəfiqinə qarşı daha ciddi tədbirlərə əl atmasına gətirib çıxara bilər.Söhbət, Türkiyə daxilində fəaliyyət göstərən terrorçu təşkilatlara (PKK, İŞİD, FETÖ və s.) verilən dəstəyin artırılmasından, kürd separatizminin qızışdırılmasından və növbəti çevriliş cəhdinin edilməsi ilə yanaşı, Suriya və İraqda gedən dağıdıcı hərbi-siyasi proseslərin Türkiyəyə transfer edilməsindən gedir.Yəni, Amerika Türkiyəni çətin sınaq qarşısında qoya bilər.

"ABŞ ətrafında qeyri-ciddi mənzərə yaranıb”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, BMT-nin bu qərara gəlməsində Türkiyənin rolu danılmazdır. Politoloq hesab edir ki, burada İstanbulda bir araya gələn İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin çağırışlarının da payı var:

"Bundan əvvəl isə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü Trampın Qüdslə bağlı qərarına qarşı olduğunu bildirib. Müsəlman ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan ölkələr də Trampın qərarına qarşı açıq mövqe nümayiş etdirdilər.Birləşmiş Ştatların bu qərarını özündən və İsraildən başqa dəstəkləyən digər ciddi dövlət yoxdur, hamısı xırda, ada dövlətlərdir.Qeyri-ciddi bir mənzərə yaranıb.Adətən, belə mənzərəni Rusiya ilə bağlı görməyə öyrəşmişdik.İndi bu mənzərə ABŞ-ın ətrafında formalaşıb.Şübhəsiz ki, BMT-nin qərarı ciddi mahiyyət kəsb edir, amma bu, mənəvi əhəmiyyət daşıyır.BMT-nin, xüsusilə də bu təşkilatın Baş Assambleyasının qətnamələri beynəlxalq hüquq predmeti sayılsa da indiyədək bir sıra qətnamələrin yerinə yetirilmədiyinin şahidi olmuşuq.Bu baxımdan, qətnamənin mənəvi qüvvəsi daha böyükdür.Lakin bu, ABŞ-ın beynəlxalq səviyyədə məğlubiyyəti kimi qiymətləndirilə bilər.Bu o deməkdir ki, Birləşmiş Ştatlarla hesablaşmayan qüvvələrin, dövlətlərin sayı artır. Dünya artıq "təkqütblü dünya”nın olmadığını qəbul edir. Bu da ABŞ üçün bir çağırışdır, yəni, nəticədən asılı olmayaraq, qətnaməyə əməl olunacaq.Lakin Tramp Qüdslə bağlı qərarını geri götürməyəcək.Proses bu formada qalacaq”. Elçin Mirzəbəyli qeyd edib ki, Qüds məsələsi kifayət qədər həsassdır: "Qüds təkcə yəhudilərin və müsəlmanların dini mərkəzi sayılmır, həm də xristianlığın mərkəzidir. Bu baxımdan, Vatikan da Trampın bu qərarına qarşı çıxdı.Amma nə ABŞ qərarını geri götürəcək, nə də İsrail bu vəziyyətlə barışacaq.Proseslər əvvəlki qaydada davam edəcək.Amma münasibətlərin gərginləşməsi istiqamətində müəyyən proseslərin baş verməsi gözləniləndir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları