Yuxarı

Əsəd iki dövləti üz-üzə qoydu

Əsəd iki dövləti üz-üzə qoydu

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Suriya lideri Bəşər Əsədi terrorçu adlandırması Rusiya Xarici İşlər Nazirliyi tərəfindən etirazla qarşılanıb."Bəşər Əsəd Suriyanın qanuni prezidentidir.Suriyanı BMT-də məhz o təmsil edir.Ona görə də "Bəşər Əsəd terrorçudur" kimi bəyanatların hüquqi nöqteyi-nəzərdən heç bir əsası yoxdur"deyə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bildirib."Bu cür bəyanatların mənəvi tərəfini bir kənara qoyuram.Belə bəyanatlar hüquqi cəhətdən əsassızdır", - M.Zaxarova qeyd edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan dekabrın 27-də Tunisə səfəri zamanı Əsədin hakimiyyətdən getməli olduğunu deyib: "Əli milyonlarla vətəndaşının qanına bulaşmış şəxslə necə yeni gələcək qurmaq olar? Əsəd dövlət səviyyəsində terror apardığı üçün hakimiyyətdə qala bilməz.Nə üçün Rusiya və Türkiyə, həmçinin beynəlxalq koalisiya Suriyadadır?Çünki ölkədə sabitlik yoxdur və Əsədlə hər hansı stabillikdən danışmağa dəyməz”.

Prezident Ərdoğanın bəyanatına rəsmi Moskvanın sərt reaksiya verməsi Türkiyə ilə Rusiya arasında son iki ildə Suriya böhranına dair formalaşmış taktiki müttəfiqliyin aradan qalxması ehtimalını gündəmə gətirib. Bir müddət öncə Türkiyənin Qərblə siyasi qarşıdurma fonunda Rusiya və İranla yaxınlaşması və Bəşər Əsəd rejiminin nəzarətində müharibədə qazandığı müəyyən uğurlar rəsmi Ankaranın güzəştli mövqe tutması kimi də dəyərləndirilir .Lakin hər iki tərəfin son açıqlaması Bəşər Əsədə münasibət məsələsində Türkiyə və Rusiyanın mövqeyində dəyişiklik baş vermədiyini göstərir.Rəsmi Dəməşq isə Türkiyədən və ABŞ-dan öz qoşunlarını Suriya ərazisindən çıxartmağı tələb edib.Yəni Əsəd hakimiyyətini möhkəmlətdikcə Türkiyənin qarşısında Şimali Suriyadan çəkilmək şərtini qoyur.Bu da öz növbəsində rəsmi Ankara ilə ziddiyyətlərin yenidən artmasına rəvac verə bilər.Əgər Rusiya və İran bu məsələdə Bəşər Əsədin yanında yer alarsa, müvəqqəti müttəfiqlər arasında ciddi fikir ayrılığı yaranmış olar.Ancaq indiki şəraitdə Suriyada mövcudluğunu davam etdirməyə çalışan hər üç ölkənin qarşılıqlı dəstəyə ehtiyacı var. Ona görə də Moskvada, Ankara və Tehran bu amili nəzərə almaq məcburiyyətindədir.

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Türkiyə ilə Rusiya arasında Suriya münaqişəsinə dair bir sıra fikir ayrılığı qalmaqdadır.Türkiyə ilk növbədə Bəşər Əsədin böhranın həlli üzrə danışıqlar prosesində iştirak etməsinin əleyhinə çıxır. Digər mübahisəli məsələ PKK-nın Suriya qanadı olan PYD və YPG-nin danışıqlarda iştirak etməsidir:

"Soçi görüşündən sonra belə bir təəssürat yarandı ki, Türkiyə Suriya məsələsini Bəşər Əsədlə bir masa arxasında müzakirə edəcək. Buna rəvac verən də Bəşər Əsədin prezident Ərdoğandan bir gün əvvəl Soçiyə səfər etməsi oldu.Qərbdə də, Türkiyədə də, bir sıra siyasi müşahidəçilər bununla bağlı müəmma axtardılar.Yəni hesab edirdilər ki, Türkiyə Bəşər Əsədin qarşıdan gələn danışılarda iştirakına razılıq verib.Lakin Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi terrorçu adlandrması, onun əlinin milyonlarla insanın qanına batdığını söyləməsi Türkiyənin mövqeyini açıq şəkildə ortaya qoydu. Rəsmi Ankara bununla həm Qərbə, həm Rusiyaya və İrana, hətta Əsəd rejimini müdafiə edən Şimali Koreya Respublikasının rəhbərliyinə belə elan edir ki, Türkiyə Bəşər Əsədi terrorçu kimi tanıyır və onunla bir masa arxasında oturmayacaq. Bu mövqeni Ərdoğan və digər Türkiyə rəsmiləri əvvəllər də bəyan ediblər.Türkiyənin müdafiə etdiyi Suriya müxalifəti də Bəşər Əsədə qarşıdır.Azad Suriya Ordusu rəsmi Ankaranın dəstəklədiyi müxalifətin əsas qollarından biridir.Türkiyə bu qüvvələrdən dəstəyini çəkməklə onu çətin vəziyyətə sala bilməz.Məlum olduğu kimi, bir müddət öncə Suriya müxalifəti Soçidə və Astanada aparılan danışıqları boykot etdi.Buna səbəb onların Əsəd hakimiyyəti ilə müzakirələrə razı olmaması idi.Türkiyə YPG və PYD-nin danışıqlarda iştirakına razı olmasa da, başqa kürd siyasilərin danışıqlara qatılmasını qəbul edir.Deməli, mübahisəli qalan yeganə məqam Bəşər Əsədlə bağlıdır.Üstəlik, Bəşər Əsədin yürütdüyü siyasət Suriyadakı türkmənlərin assimilyasiya olunması, ata-baba yurdlarından köçürülməsi ilə nəticələndi.Türkiyənin Əsədlə bir masa arxasında əyləşməsi türkmənlərin pozulmuş haqlarının tapdanması demək olar.Ona görə də Türkiyənin Əsəd rejimi ilə bağlı mövqeyi prezident Ərdoğanın bəyanatında bir daha ortaya qoyulub.Türkiyənin bu mövqeyi ilə Qərb də razılaşa bilər.Amma Bəşər Əsədin hakimiyyətdə qalmasına münasibətdə Qərb və Türkiyə ortaq olduğu halda, Rusiyanın və İranın mövqeləri fərqlənir.Deməli, Suriya məsələsində anlaşma üçün həm Rusiya, həm Türkiyə, həm Qərb, eləcə də İran üçün yeganə maneə Bəşər Əsəddir.Türkiyə də bu vasitə ilə Qərbə öz mesajını çatdırır və Rusiyaya da bildirir ki, Bəşər Əsəd probleminə son qoyun, Suriya böhranını həll edək”.

Politoloq Türkiyənin öz ordusunu Suriya ərazisindən çıxaracağını inandırıcı saymır. Sədrəddin Soltanın sözlərinə görə, Rusiya və Türkiyə yaxın perspektivdə Suriyada əməkdaşlığı davam etdirəcək:

"Türkiyənin və ABŞ-ın öz silahlı qüvvələrini Suriyadan çıxartması cəfəng məsələdir. Çünki Suriyaya Bəşər Əsəd nəzarət etmir. Prezident Vladimir Putinin verdiyi açıqlamaya görə, Rusiyanın Suriya ərazisində 48 minlik ordusu var. Bu, çox böyük rəqəmdir və Əsəd dövründə Suriya ordusunun üçdə birinə bərabərdir. Əlavə olaraq qeyd edim ki, bu gün İŞİD-in rəhbərliyinin harada olduğu bilinmir.İŞİD üzvləri hələ də Suriyanın ayrı-ayrı bölgələrində terror aktları həyata keçirir.Bu faktlar Suriyanın İŞİD-dən azad olunması barədə, həm Rusiyanın, həm, ABŞ-ın, həm də İranın verdiyi bəyanatların həqiqəti əks etdirmədiyini göstərir.Yəni Suriya İŞİD-dən təmizlənməyib.Əgər İŞİD ləğv edilibsə, o halda terror törədənlər kimlərdir?Belə qənaətə gəlmək olar ki, Bəşər Əsəd ölkəyə nəzarət edə bilmədiyindən onun Türkiyə və ya ABŞ hərbçilərindən Suriyanı tərk etməyi tələb etməsi gülüncdür.ABŞ-ın Suriya ərazisində 7-8 hərbi bazası var. Şimali Suriyanın xeyli hissəsinə Türkiyə hərbçiləri nəzarət edir, İran da bu ölkədə bir neçə hərbi baza qurub.Suriyanın bir tərəfində kürd terrorçularının, müəyyən əraziləri İŞİD-çilərin əlindədir. O zaman bu ölkəyə kim nəzarət edir? Türkiyə ordusunun bölgədə yerləşməsi məsələsinə Rusiya rəsmisi aydınlıq gətirib.Bildirildi ki, Türkiyə hərbçiləri həmin ərazilərdə Rusiya və başqa müttəfiqlərlə razılaşdırılmış şəkildə dislokasiya olunub və asayişin qorunmasına nəzarət edir.Rusiya həmçinin bəyan etdi ki, Türkiyə hərbçilərinin Suriyada qalması müddəti lazım gələrsə, yenidən artırılacaq.Yəni Suriyada siyasi söz sahibi Bəşər Əsəd deyil, Moskvadır.Moskva da belə qərara gəlib.İndiki məqamda Bəşər Əsəd həm Rusiyanın, həm də İranın maraqlarına oynayır.Belə ki, indiki situasiyada Əsəd Rusiyaya və İrana sərf edən qüvvədir.Onun adından istifadə etməklə siyasi alver edir.Türkiyə özünün təhlükəsizlik maraqlarını əsas gətirərək Suriyada hərbi iştirakını təmin edir.ABŞ İŞİD-lə mübarizə adı altında PYD və YPG-dən dayaq nöqtəsi kimi istifadə edir.Amma Əsəd hakimiyyətdən gedərsə, Moskva və Tehran bu dayaq nöqtəsini itirəcək.Bəşər Əsəd olmasa, Rusiyanın və İranın Suriyadan əli kəsilə bilər”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları