Yuxarı

"İran inqilabı”nın gizlinləri: Ölkəni və rejimi nə gözləyir?

Rəsmi Tehran İrandakı etiraz aksiyalarının yatırıldığını, ölkədə sabitliyin bərpa olunuduğunu iddia edir. İğtişaşların baş verdiyi küçələrə artıq polisin və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus əsgərlərin nəzarət etdiyi bildirilir. SEPAH-ın komandanı Muhəmməd Əli Cəfəri bəyan edib ki, ölkədə baş qaldırmış "2017-ci ilin fitnəsi" iğtişaşçılar üçün uğursuzluqla sona çatıb. "2017-ci ilin fitnəsinin iflasa uğradığını elan edirəm. Etirazçıların sayı az idi və bütün İran ərazisində onların sayı 15 mini keçməmişdi", - deyə o bildirib. SEPAH komandanı həmçinin ABŞ, İsrail və Səudiyyə Ərəbistanını İŞİD terrorçularına İran ərazisinə soxulmaq əmrini verməkdə ittiham edib.

Lakin İrandan yenə də qarşıdurmaların davam etməsi xəbəri gəlməkdədir. Hakim molla rejiminə qarşı İranın İsfahan, Səbzəvar, Məlayer, Nurabad, Tehran, Həmədan, Sənəndəc, Xürrəmabad, İzə, Şiraz və bir neçə digər şəhərində İslam Respublikası sisteminə qarşı etirazlar qarşıdurmalara gətirib çıxarıb. 

Tehranda keçirilən aksiyada "Xamneyiyə ölüm”, "Diktatora ölüm”, "Millət acından dilənir, Ağa (Xamneyi) isə Allahlıq edir”, "Axıra qədər vuruşub İranı axundların cəngindən qurtararıq”, "Hizbullaha ölüm" və digər şüarlar səsləndirən etirazçılarla silahlı hökumət qüvvələri arasında toqquşma yaranıb. Nəticədə, aksiyaçılar onların üstünə gələn hüquq-mühafizə qüvvələrindən birinin motosikletini ələ keçirərək od vurublar.

 Loristan əyalətinin Nurabad şəhərində keçirilən dinc etirazlarda hökumət qüvvələri odlu silahdan atəş açaraq gənc bir aksiyaçını öldürüblər. Öldürülən aksiyaçının adı hələlik bilinmir.

Səbzivar şəhərində isə aksiyaçılar "Diktatora ölüm”, "Xamneyiyə ölüm” və "Həmvətən, dəstək ver və bizə qoşul”, şüarı səsləndirərək kənarda dayanıb onlara baxan vətəndaşları qorxunu bir kənara ataraq kütləvi etirazlara qoşulmağa çağırıblar. 

İsfahanda keçirilən aksiyada isə etirazçılarla hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Nəticədə, "Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək”, "Diktatora ölüm” və "İslam respublikasına ölüm” şüarları səsləndirən onlarla gənc aksiyaçı yaxalanaraq naməlum istiqamətə aparılıb. Siyasi müşahidəçilər hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyi sualına cavab axtarırlar. Bəzi ekspertlərin fikrincə, Həsən Ruhani hökuməti ölkədə köklü sosial-iqtisadi islahatlar həyata keçirməsə, aksiyalar yenidən vüsət alacaq. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, İranda siyasi hadisələrin gələcək nəticəsi iğtişaşları törədən səbəblərdən asılıdır. Hazırda İrandakı prosesiin gələcəyini müəyyənləşməsi daha çox iki variantla izah oluna bilər: "Birincisi, demək olar ki, baş verənlər İran dövlətinin özünün təşkil etdiyi bir siyasi çaxnaşma idi. Səbəb ondan ibarətdir ki, Yaxın Şərq, Fars körfəzi, Suriyaya əsas hədəfi Qətər olan bir prosesdə İran ABŞ başda olmaqla Qərbi düşmən göstərməklə daxildəki sabitliyi pozmaq istəyən qüvvələrin olacağını müəyyənləşdirməyə çalışır. İran dövləti daxili sabitliyin təmin olunmasında nələr edə biləcəyini göstərdi. Bu İranın öz layihəsi sayıla bilər. İğtişaşların bir neçə gün davam etməsinə baxmayaraq, rejim tərəfdarları yalnız yanvarın 2-də mitinq keçirdilər.

Ölkədə minlərlə insanın həbs olunmasından sonra belə bir addımın atılması düşündürücü məsələdir. Digər amil ondan ibarətdir ki, Qərb, o cümlədən, ABŞ İranın daxilindəki vəziyyəti yoxlamaq istədi. Bu, ölkədə çevrilişə və yaxud dəyişikliyə hesablanmış çaxnaşma deyildi. Son olaylar sadəcə olaraq yaxın gələcəkdə baş verə biləcək hadisələrə siqnal da sayıla bilər. İran nümayiş etdirə bilər ki, daxildə islami ideologiyaya dayanan və sabitliyi qorumağa çalışan bir dövlət modeli mövcuddur. Bu dövlət modeli də belə bir siyasi şounu düzəldə bilərdi. Əgər xarici xüsusi xidmət orqanları bu sayaq təxribatlar törədirlərsə, adətən, həmin prosesin silahlı qolu olur və onlar hadisələrin qızışdırılmasında çox fəal şəkildə iştirak edir. Əgər söhbət İrandan gedirsə, məlumdur ki, rəsmi Tehranın ərəb ölkələri, Birləşmiş Ştatlar və Avropa ilə münasibətləri yaxşı deyil.

Ona görə də Suriyadakından da dağıdıcı vəziyyət yarana bilərdi. Amma biz bu vəziyyəti hələlik orada görmürük. İrandakı hadisələr sonu hələ məlum olmayan bir prosesdir. Atıq son hadisələr səngiməyə doğru gedirsə, dövlət vəziyyətə nəzarəti bərpa edirsə, deməli, bu, İran xüsusi xidmət orqanlarının öz planıdır. Sadəcə, bir qrup insanın həbsi və bir neçə insanın öldürülməsi ilə daxildə təmizləmə işi apardı. İran dövləti düyməyə basmış ola bilər. Çünki aksiyalarda ali lider Ayətullah Seyid Əli Xameneyinin posterlərinin yandırılması rejim üçün gözlənilməz idi. Ona görə də hadisələrin İran hakimiyyətinin özünün hazırladığı ssenari üzrə getdiyi görünür. Qərb və ərəb ölkələri bu prosesə birbaşa müdaxilə etsəydi, ağır silahlı qarşıdurma baş verərdi ki, bunun da qarşısını almaq mümkün olmayacaqdı”. 

Lakin siyasi ekspert bildirdi ki, İranda teokratik rejimin ömrünün uzadılması müvəqqəti xarakter daşıyır və dəyişiklik yaxın gələcək üçün qaçılmaz görünür: "Gələcəyi, inkişafı olmayan ideologiyanın ömrü 30-40 il çəkir. İran İslam İnqilabından artıq 39 il ötür. İranda 40 ilə yaxın davam edən bir ideologiya, inkişafdan geriqalma, təhsilsizlik, cahillik, iqtisadi tənəzzül, insan haqları və demokratiya kimi fundamental bəşəri dəyərlərin tənəzzülü, dini ideologiya adı altında ölkədə insanların xalqın gözü qarşısında açıq şəkildə edam edilməsi, narkotiklərin geniş şəkildə yayılması kimi mənfi hallar gətirdi. Əgər İran yaxın gələcəkdə daxili və xarici siyasətdə ciddi dəyişiklik etməsə, ölkəni daha təhlükəli vəziyyət gözləyir. İran artıq dini ideologiyadan əl çəkməsə də özünün ideoloji siyasətini dəyişməli, demokratiya, insan haqları məsələsi ilə bağlı liberal xəttə keçməlidir. İran bir növ liberal islama keçməlidir. Tehran rejimi islam dini öz bildikləri kimi yozur və din pərdəsi altında korrupsiyalaşmış bir hakimiyyət formalaşıb. İnsanlar dəyişmir, yalnız formal olaraq prezidentlər dəyişir. Ölkə əhalisi arasında sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşır. Baş verən olaylar göstərir ki, xalq hakimiyyətlə razı deyil. Bu günlərdə dövlət qulluqçularının, muzdluların, məktəblıilərin Xamneyiyə dəstək aksiyasına çıxarılması isə hakim rejimin qorunub saxlanılmasına xidmət edir. Bütün bunların təhlili yaxın gələcəkdə İranda etiraz nümayişlərinin yenidən baş qaldıracağından xəbər verir. İrandan sonra isə növbə Rusiyanındır. Rusiyada problemlər daha çoxdur”.

İranda baş verən hadisələrdə əsas amillərdən biri kimi xarici təsir qeyd edilir. Yəni Tehran rejiminin İraq, Suriya,Livan və Fələstindən keçməklə qurduğu şiə dəhlizi vasitəsilə İsrail sərhədlərinə və Aralıq dənizinə çıxışından narahat olan Qərb İranın Yaxın Şərqdən çəkilməsində, "Hizbullah"la yaratdığı quru əlaqəsinin kəsilməsində maraqlıdır. Həmçinin, İranın Yəməndə hakimiyyəti devirməsi, Bəhreyndəki şiələr üzərində nəzarəti artırması və Qətərlə əlaqələri Səudiyyə Ərəbistanının milli təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Ona görə ABŞ prezidenti Donald Trampın etirazçılara dəstəyini açıq ifadə etməsi əslində, İran hakimiyyətinə "ya inqilab, ya da Yaxın Şərqdən çək"- mesajı kimi başa düşülə bilər. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri isə ötən həftə verdiyi açıqlamada Yəməndən çəkilmək fikrində olmadıqlarını bəyan edib. 

Fərrux Məmmədovun fikrincə, İranın daxili təzyiqlər qarşısında Yaxın Şərqdən tezliklə geri çəkiləcəyi inandırıcı görünmür. Politoloq bildirir ki, digər böyük dövlətlər kimi İranın da strateji maraqları bölgədə əldə etdiyi geosiyasi və hərbi mövqelərini qoruyub saxlamağı tələb edir :"İran Yaxın Şərqdən çıxarsa, onun varlığı sual atına düşə bilər. Çünki İran Yaxın Şərqdəki imkanlardan ABŞ-a və İsrailə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Məlumdir ki, "Hizbullah”a və HƏMAS-a əsas maliyyə dəstəyi verən ölkə də İrandır. Yəməndəki hadisələrdə hər iki təşkilat açıq rol oynayır. İranın Yaxın Şərqdən çıxarılması, "Hizbullah”ın və HƏMAS-ın məhv edilməsi İsrail üçün prioritet məsələ olaraq qalır. Əgər gələcəkdə İran ərazisində hər hansı qarşıdurma olarsa, İsrail bundan geostrateji və hərbi məqsədləri üçün istifadə etməyə çalışacaq. İranın Yəməndən, Suriyadan çəkilməsi isə hazırkı situasiyada real görünmür. Belə bir addımın atılması İranın milli təhlükəsizliyini sual altında qoya bilər”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları