Yuxarı

Qərbi təlaşa salan "SSRİ planı”

Qərbi təlaşa salan

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinin keçmiş Sovet respublikalarına dair planını açıqlayıb."Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, MKİ başçısı Putinin Rusiyanın keçmiş imperiya sərhədlərini bərpa etməyə çalışdığını diqqətə çatdıraraq deyib ki, o, keçmiş SSRİ-ni bərpa etmək niyyətindədir."Putinin niyyətlərinə dair fikrimiz dəyişməyib. O, hələ də hesab edir ki, XX əsrin ən böyük uğursuzluğu SSRİ-nin dağılması olub. O, əvvəlki SSRİ-nin şöhrətini və əzəmətini bərpa etmək niyyətindədir. O, hər gün bu fikirlə yuxudan oyanır, onun ikinci fikri isə təkrar prezident seçilməkdir”, - deyə Mayk Pompeo qeyd edib.

"Heç kəsi inandıra bilmirəm ki, SSRİ-ni yenidən qurmaq istəmirəm”

SSRİ-nin dağılmasından sonra ilk dəfə Rusiyanın keçmiş imperiya gücünü geri qaytarmaq niyyətində olduğu Vladimir Putinin hakimiyyətə gəlişindən sonra gündəmə gəldi.Ukraynanın Krım bölgəsinin federasiyaya ilhaqı və Donbasın rus separatçılar tərəfindən işlağ edilməsi, bu ehtimalı daha da gücləndirdi.Krımın ilhaqı ABŞ və Avropa İttifaqının siyasi gündəliyində "Putin Sovet İtifaqını yenidən qurmaq üçün qollarını çırmaladı”, başlıqlı tezislərlə özünə şərh tapırdı. Krımın ələ keçirilməsinədək irəli sürülən ittihamlar qarşısında həmişə susan Kreml başçısı nəhayət ilk dəfə bunlara cavab verdi. 2015-ci ilin aprelin 1-də "Rossiya 1” telekanalında çıxış edən Vladimir Putin dedi ki, keçmiş Sovet İttifaqını yenidən qurmaq niyyətində olmadığını heç kəsə inandıra bilmir. "Qərb dövlətləri Ukrayna üzərində yaranmış anlaşılmazlığı aradan qaldırmaq yerinə, Sovet İttifaqının yenidən qurulmasının qarşısını almağa çalışırlar.Lakin heç kəsi bu niyyətdə olmadığıma inandıra bilmirəm”, - deyə o qeyd etdi.Amma bu çıxışın aprelin 1-nə, yəni, "Gülüş”, yaxud "Aldatma” gününə təsadüf etdiyini nəzərə alsaq, Putinin zarafat etdiyini, hər kəsi aldatdığını zənn edə bilərik. Çünki onun keçmiş imperiya sərhədlərini bərpa etmək niyyətində olması, az qala dəlillərlə sübut edilmiş bir məsələdir.

Putinin imperialist səyləri

Vladimir Putinin özü dəfələrlə etdiyi çıxışlarında SSRİ-nin dağılmasını "XX əsrin ən böyük fəlakəti” adlandıraraq, bu ittifaqı parçalamaqda ittiham etdiyi Mixail Qorbaçovu məhkəmə qarşısına çıxarmağa cəhd də edib. Bu istəyi reallaşmasa da zaman-zaman keçmiş Sovet məkanında yerləşən respublikaları yenidən bir "çətir” altına yığmağa cəhdlər edir. "SSRİ-nin yeni modeli” adlandırılan Avrasiya İttifaqının təsis edilərək vaxtilə SSRİ-yə daxil olmuş bir sıra respublikaların bu birliyə cəlb edilməsi, Ukrayna ərazilərinə olan iddialar, Krımın ilhaqından sonra bu ölkənin tamamilə Rusiyaya birləşdiriləcəyinin gündəmə gətirilməsi, Gürcüstan ərazilərinin işğal edilməsi, Qazaxıstanın Şimal bölgələrinə olan iddialar, Moldovanın ilhaqına dair məsələnin gündəmə gəlməsi, Belarusun Rusiyaya birləşdirilməsinə yönəlik cəhdlər və s. kimi səylərini Putinin bu ambisiyasına bağlamaq olar. Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həll prosesinin dayandırılması fonunda ara-sıra Moskvadan Cənubi Qafqaz respublikalarına dair "Rusiyanın keçmiş əraziləri” tezisi üzərində fokuslanmış bəyanatların səsləndirilməsi də bu qəbildəndir. 

Post-Sovet məkanı yenidən ABŞ-ın diqqətində

MKİ başçısının iddiasını şərh edən bir sıra analitiklər bunun Rusiyaya ediləcək yeni təzyiqlərin anonsu olduğunu istisna etmirlər.Hesab edilir ki, mart ayında Rusiyada keçiriləcək prezident seçkilərində qalib gəlmək şansı yüksək olan Putinin növbəti dəfə federasiyaya rəhbərlik etməsi ilə razılaşmaq istəməyən ABŞ, yaxud Qərb buna görə də Moskvaya edilən təzyiqləri daha da sərtləşdirəcək.Söhbət seçkilərə müdaxilə, bu cəhdlər də effektli olmayacağı halda, seçkilərdən sonra Putinin keçmiş Sovet respublikalarını ələ keçirmək niyyətində olduğunu əsas götürərək NATO-nun bu məkanda mövqelərinin gücləndirilməsi cəhdlərindən gedir.Bu baxımdan, ehtimal etmək olar ki, Vladimir Putinin növbəti hakimiyyəti illərində keçmiş SSRİ-yə daxil olan ölkələrdə Rusiyanın nüfuz dairəsinin zəiflədilməsi ABŞ-ın xarici siyasətinin priotitetlərindən biri olacaq. Prezident Donald Trampın açıqladığı "ABŞ-ın Təhlükəsizlik Strategiyası”nda da Rusiyanın ətraf dövlətləri təhdid etdiyi diqqətə çatdırılaraq, növbəti illərdə Rusiya ilə mübarizənin prioritet olacağı qeyd edilir.

"Həqiqətən də Putin SSRİ-ni bərpa etmək istəyir”

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə açıqlamasında Putinin keçmiş Rusiya imperiyasını yenidən qurmaq istədiyini bildirib. O, Pompeonun iddiasının əsaslı olduğunu deyib:

"Gennadi Zyüqanov və Vladimir Jirinovski dəfələrlə Putinin adından keçmiş SSRİ-nin yenidən qurulmasının vacibliyindən danışıblar. Hesab etmək olar ki, Putin keçmiş ittifaqı yenidən dirçəltməyi özünün bir nömrəli vəzifəsi kimi qəbul edir.Rusiya həqiqətən də bu niyyətdədir. Yenə də Jirinovski və Zyüqanov Putinin adından diqqətə çatdırırlar ki, Cənubi Qafqazdakı münaqişələr o halda həll olunacaq ki, bu bölgədə yerləşən respublikalar - Azərbaycan, Gürcüstan və Ermənistan Rusiyanın tərkibinə daxil olacaqlar. Yəni, Rusiya müxtəlif bəhanələrlə keçmiş Sovet məkanında yerləşən ölkələri özünün ərazisi hesab edir.Krımın ilhaqından sonra Rusiyadan rəsmi və qeyri-rəsmi səviyyələrdə o bəyanatlar verildi ki, Ukrayna da Rusiyanın tərkibinə daxil ediləcək.Ukrayna hələ də Rusiyanın bu təhdidi altındadır.Bütün bunlar onu göstərir ki, Rusiyanın imperiya ambisiyası olduqca güclüdür.Rusiya təkcə post-Sovet məkanını yox, daha geniş ərazilərə iddia edir.İmperiya ambisiyası, əsrlərdir Kremlin siyasi təfəkküründə oturuşmuş bir anlayışdır.Məsələn, Krımı ilhaq edəndən sonra Putinin daxildəki reytinqi sürətlə artdı.Suriyaya qoşun yeritdi, bu da onun nüfuzunu gücləndirdi.Yəni, ruslar Putinin imperiya siyasətini alqışlayırlar və onu sevirlər.Bu baxımdan, Mərkəzi Kəşfiyyat İdarəsinin iddiası ilə razılaşmaq olar, amma bunun həyata keçəcəyi qeyri-mümkündür”.

Qabil Hüseynli Qərb, yaxud ABŞ-ın Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə edəcəyini istisna etmir, bu baxımdan, Mayk Pompeonun bu xəbərdarlığını Putinə ediləcək təzyiqlərə işarə ola biləcəyini də qeyd edir:

"Müdaxilələr mümkün ola bilər. Amma zənn etmirəm ki, Qərbin bu müdaxilələri effektli olacaq.Çünki Putinin daxili reytinqi olduqca yüksəkdir.Putin seçkilərdən əvvəl özü üçün elə bir şərait yaradıb ki, prosesdə onun qabağına çıxa biləcək güclü alternativi yoxdur. O, indidən bütün maneələri aradan qaldıraraq kürsüdə oturub. Buna görə də kənar müdaxilələrin işə yarayacağını düşünmürəm”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları