Yuxarı

Erməni məmurlara Qarabağ qadağası

Erməni məmurlara Qarabağ qadağası

Ermənistan prezidenti Serj Sarkisyan parlamentin deputatlarına Azərbaycanın işğal edilmiş ərazilərindəki hərbi hissələrə baş çəkməyi qadağan edib. "Cümhuriyət” qəzeti xəbər verir ki, Dağlıq Qarabağdakı separatçı rejim və Ermənistan hakimiyyətinə yaxın mənbələr bunu təkzib etsələr də məlum olub ki, Sarkisyan deputatların, həmçinin kiçik və orta təbəqə məmurlarının əsgərlərin olduğu mövqelərə qalxmalarına qadağa qoyulması barədə həqiqətən də göstəriş verib.

"Ermənistan prezidentinin xoşuna gəlmir ki, xalqın xidmətçiləri hərbi qulluqçularla selfi çəkdirir və bu yolla özlərinə xal qazanırlar.İki ay əvvəl Sarkisyan öz partiyasının - Ermənistanı idarə edən Respublika partiyasının üzvləri ilə ciddi söhbət aparıb. O vaxtdan əsgərlərlə görüşmək və danışmaq şərəfinə yalnız prezident özü, həmçinin baş nazir və Milli Məclisin spikeri nail ola bilərlər. Nazirlər və deputatlar isə hərbi hissələrdə yalnız o halda ola bilərlər ki, ən yüksək vəzifəli hansısa dövlət xadimini müşayiət edirlər. Ermənistanda yeni il bayramında rəsmi şəxslərdən əsgərlərə heç kimin baş çəkməməsini və onlara heç bir sovqat aparılmamasını, hansı ki, deputatlar bunu bir növ ənənəyə çevirmişdilər, məhz bu qadağa ilə izah edirlər. Bu baxımdan parlament üzvlərinin 2-4 fevralda Qarabağa səfərləri də istisna olmayıb. Belə ki, onlar yerli "parlament”ə baş çəkiblər, "prezident”lə və separatçı rejimin başqa nümayəndələri ilə görüşüblər, amma mövqelərə qalxmayıblar”, - deyə Ermənistan KİV-lərində yayılmış məlumatlarda bildirilir.

Sarkisyanın qadağasının pərdəarxası

Ermənistan KİV-ləri Sarkisyanın məlum qərarını mart ayında ölkədə keçiriləcək seçkilərdən əvvəl hakimiyyət daxilində klanlararası mübarizənin güclənməsi ilə əlaqələndirirlər. İddiaya görə hakimiyyət içində Serj Sarkisyanın başçılıq etdiyi "Qarabağ klanı”na qarşı güclənən "İrəvan klanı” seçkilərdən sonra prezident və komandasını tamamilə siyasi səhnədən uzaqlaşdırmağa hazırlaşır. Sözügedən klanın hakim Respublika Partiyası daxilində də bu məqsədlə öz mövqelərini gücləndirdiyi də iddia edilir.Öz komandası daxilində Sarkisyana qarşı hazırlanmış gizli qiyamın arxasında Rusiyanın dəstəklədiyi və mart ayından sonra namizəd kimi görmək istədiyi şəxsin dayandığı bildirilir. Bundan xəbər tutan Ermənistan başçısının son zamanlarda "İrəvan klanı”nı təmsil edən nümayəndələrlə Qarabağdakı separatçı rejim arasında sıxlaşan təmaslardan da narahatdır.

O, hesab edir ki, hakimiyyətdən getdikdən sonra sonuncu "dayaq nöqtəsi” kimi baxdığı Qarabağ da əldən çıxa bilər. O, əsas və yeganə dəstəkçisi separatçı rejimin də bu "xəyanət”in içində yer alacağından narahatdır, buna görə də bu mövqedə əlini gücləndirməyə çalışır.

"Sarkisyan qorxur”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında Ermənistan prezidentinin məlum qərarının daxildə ona qarşı formalaşmış vəziyyətlə əlaqədar olduğunu deyib. Politoloqun sözlərinə görə, öz hakimiyyətini itirmək qorxusu qarşısında qalan Serj Sarkisyan bunun üçün müxtəlif gedişlər edir:

"Sarkisyanın bu qərarı ilk növbədə qorxudan irəli gəlir. Məlumdur ki, mart ayında Ermənistan parlamentində bu ölkənin yeni prezidenti və baş nazirinin kimliyinə aydınlıq gələcək.Bu seçkilərdən əvvəl Ermənistanda klanlar arasında siyasi qarşıdurma kifayət qədər kəskinləşib.Bu qarşıdurmanın hakimiyyət daxilində də kəskin olduğu artıq dilə gətirilir.Bəyan ediblər ki, "Qarabağ klanı” Ermənistanı idarə edə bilməz.Bu baxımdan, Ermənistandakı gərgin siyasi proseslərin Qarabağdakı separatçı rejimin daxilinə sıçrayacağından narahatdırlar.Faktiki olaraq, Sarkisyanı Qarabağdakı separatçı qüvvələrdən başqa heç bir qüvvə dəstəkləmir.İctimai rəydə də bununla bağlı, konkret fikirlər formalaşıb.Yəni, Sarkisyanın Ermənistandan olan nümayəndələrin Qarabağa səfərlərinə qadağa qoyması, qarşıdan gələcək seçkilərlə bağlıdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları