Yuxarı

Xankəndinə yol görünür: Ordumuz əməliyyata başlayacaq?

Xankəndinə yol görünür: Ordumuz əməliyyata başlayacaq?

Dağlıq Qarabağda iyunun 1-dən başlamış etirazlar Nikol Paşinyan hakimiyyətində ciddi qorxu yaradıb.

Paşinyanın müdaxiləsindən sonra nisbətən səngiyən aksiyaların yenidən alovlanacağı istisna olunmur. Nəzərə alsaq ki, Xankəndində başlayan etirazlar birbaşa mövcud siyasi-iqtisadi vəziyyətə yönəlib, aksiyaların tezliklə dağıdılacağına inam azdır. Digər tərəfdən, Xankəndi Azərbaycan torpağıdır və baş verən aksiyalar Azərbaycan ərazilərində gedir. Bu baxımdan Azərbaycanın da bu aksiyalara müdaxilə etmək hüquqi var. Bakı ən azı anti-terror əməliyyatı keçirərək şəhərin dağıdılmasının qarşısını ala bilər. Maraqlıdır, Xankəndində vəziyyət qarışarsa və tərəflər silahlı qarşıdurmaya gedərsə, Azərbaycanın prosesə müdaxilə etmək hüququ varmı? 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov "Cümhuriyət” qəzetinə şərhində deyib ki, artıq ermənilər Qarabağ məsələsindən yorulublar: "Bunlar daha çox daxili siyasi proseslərdir. Bu da onunla bağlıdır ki, Paşinyan kənardan gələn dövlət başçısıdır. Onun "Qarabağ klanı” ilə bağlı müəyyən problemləri var. Çünki Sarkisyan hakimiyyəti dönəmində dövlətin bir çox aparıcı strukturlarında "Qarabağ klanı”nın nümayəndələri təmsil olunub. Paşinyan isə xüsusilə də güc nazirliklərini dəyişdirdi və hətta prezidentin də postunda qalıb-qalmayacağı sual altındadır. Belə bir vəziyyətdə Xankəndində "Qarabağ klanı”na dəstək olaraq müəyyən aksiyalar keçirilir. Təbii ki, Paşinyanın müdaxiləsindən sonra danışıqlarda ümumi bir məxrəcə gəlinib.

Digər tərəfdən erməni cəmiyyəti bilir ki, 25 ildir qorxu, böhran içində yaşayırlar. Hətta erməni kəndləri də artıq xarabalıqlara dönüb. İnfrastruktur pis vəziyyətdədir. Belə bir vəziyyətdə isə hakimiyyət əhalini həmin yerlərdə yaşamağa məcbur edir. Hesab edirəm ki, artıq hər kəs, Qarabağda yaşayan ermənilər də, Ermənistanda yaşayanlar da və hətta Azərbaycan özü də Qarabağ məsələsindən yorulub. Bir tərəf iqtisadi böhran, qorxu içində yaşayan Ermənistandır. Digər tərəf isə israrlıdır, haqq işini başa düşür və bilir ki, torpaqları işğal altındadır.

Azərbaycan prezidenti bu məsələ ilə bağlı konkret fikirlərini bildirib. Bu fikirlər isə getdikcə sərtləşir. An məsələsidir ki, Azərbaycan güc tətbiq edib işğal altında olan torpaqlarını azad etsin. Erməni tərəf isə, istər Xankəndində olan, istərsə də Ermənistanın özündə olanlar bilir ki, bu onların faciəsinə çevrilə bilər. Ona görə ki, Qarabağı azad etdikdən sonra müharibənin harada bitəcəyini heç kim deyə bilməz. Artıq bununla bağlı Azərbaycan prezidenti strateji planlarını deyib. Hansı ki, söhbət sovet hakimiyyəti zamanı Ermənistana bağışlanan torpaqların azad olunmasından gedir”.

Ş.Ramaldanov hesab edir ki, ermənilərin Azərbaycana etdiyi müraciətlər Qarabağ ermənilərinin vəziyyətini göstərir: "Çünki bugünə qədər bilirdilər ki, "Qarabağ klanı” Qarabağda yaşayan erməniləri saxlamaq üçün mümkün imkanlardan istifadə edir. Ancaq artıq bu klan dövlət strukturlarından uzaqlaşdırılıb və təbii ki, bu onların imkanlarını azaldıb. Bu gün baş verən etirazlar da onların öz vəziyyətləri üçün narahatçılığın təzahürüdür. Onlar bəlkə də daha əvvəldən Azərbaycana müraciət etsəydilər, bəlkə də onları bu bəladan qurtarardılar. Qarabağı da inkişaf edən yaşayış məntəqəsinə çevirərdilər. Bunu artıq erməni cəmiyyəti yaxşı bilir və normal həyat yaşamaq istəyirlər. Bunu isə onlara ancaq Azərbaycan verə bilər. Çünki Azərbaycanın iqtisadiyyatı, geosiyasi vəziyyəti, təbii resursları və digər amillər buna imkan verir”.

Şair Ramaldanov qeyd edib ki, Azərbaycanın torpaqları işğaldan azad etməyə tam şəkildə hüququ çatır: "Əlbəttə Azərbaycanın hər an, hər dəqiqə, hər gün ixtiyarı var ki, işğal olunmuş torpaqlarını azad etsin. Bu nə Xankəndində gedən proseslərlə, nə də Ermənistanın daxilində baş verənlərlə bağlıdır. Zaman göstərir ki, bunun vaxtı çatıb. Digər tərəfdən, son zamanlar səslənən fikirlər, gedən proseslər artıq zamanın çatdığından xəbər verir. Azərbaycan dövləti bu məsələdə düzgün qərar qəbul edəcək, lazım olanı edəcək. Ona görə də həm ermənilərin müraciətlərinə, həm də Ermənistandakı mövcud vəziyyəti nəzərə alsaq, bu onların ordusuna mənfi təsir göstərən amillərdir. Əgər bir cəmiyyət bir deyilsə, parçalanmalar bütün sahələrə öz mənfi təsirini göstərir. Bütün hallarda Azərbaycanın torpaqlarını işğaldan azad etməyə tam şəkildə haqqı və hüququ çatır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları