Yuxarı

Qarabağ klanına son həmlə

Qarabağ klanına son həmlə

Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın həbsindən sonra onun başçılıq etdiyi "Yerkrapa” yarımhərbi könüllü ittifaqının digər üzvləri də polis və xüsusi xidmət orqanlarının hədəfinə gəlib. Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Manvel Qriqoryan orduya ayrılan pulu, silahları, avtomobilləri və ərzağı korrupsiya yolu ilə mənimsədiyinə görə həbsə məhkum edilib. 1992-ci ildə Xocalı soyqırımını həyata keçirənlərdən biri olan Manvel Qriqoryanın cinayətləri bununla tükənmir. 

Ermənistan ordusunda 5-ci korpusun komandiri olduğu müddətdə Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı da M.Qriqoryanın adı ilə bağlıdır. Sabiq prezident Serj Sarkisyana yaxın mövqeyə malik M.Qriqoryan 2012-2017-ci illərdə Ermənistan Milli Məclisinin deputatı seçilib. O, yalnız Azərbaycan xalqına qarşı deyil, həm də ermənilərin özlərinə qarşı da cinayət törədib. 1994-cü ildə Ağdərədə əmrə tabe olmayan erməni əsgərini asıb. Manvel Qriqoryan Robert Koçaryan və Serj Sarkisyanın prezidentliyi dövründə Qarabağ klanının aparıcı nümayəndələrindən olub. Onun oğlu və həyat yoldaşı da korrupsiyada ittiham olunur. Bundan başqa Ermənistan polisi və təhlükəsizlik orqanları "Yerkrapa” hərəkatının digər üzvlərinə qarşı da əməliyyat-axtarış tədbirləri həyata keçirib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməliyyat qrupu "Yerkrapa”nın mərkəzi ofisində, Serj Sarkisyanın Vaçik adlı mühafizəçisinə məxsus "Yans” restoranlar kompleksində, eks-prezidentin qardaşı Aleksandr (Saşik) Sarkisyanın "Ellips” və "Sekyuriti dream” şirkətlərində və kriminal avtoritetlərin evlərində axtarışlar aparıb. 

Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan bu əməliyyatı gözlənilən təhlükənin qarşısının alınması ilə izah edib: "Bizə məlumat daxil olmuşdu ki, bir sıra qruplar bizi təsirsiz hala gətirmək istəyir ”-deyə Vanesyan bildirib. Manvel Qriqoryandan sonra həbslərin davam edəcəyini görən Dağlıq Qarabağdakı separatçı rejim özünü sığortalamaq üçün "Yerkrapa” ilə sanki heç bir əlaqəsinin olmadığını nümayiş etdirməyə çalışır. Qondarma rejimin nümayəndələrindən biri Araik Arutunyan "Yerkrapa” könüllülər ittifaqına heç bir avtomobil vermədiklərini deyib. 

Onun sözlərinə görə, 2016-cı il aprelin 4-də Dağlıq Qarabağda yardımların qəbulu və paylanması prosesini əlaqələndirmək üçün operativ qərargah qurulub. 3-4 ay fəaliyyət göstərən bu qərargah "Yerkrapa”ya heç bir maddi yardım göstərməyib: "Bir sıra şəxslər, qruplar və təşkilatlar da yardımları DQR hökumətinin (qondarma rejim nəzərdə tutulur) vasitəçiliyi olmadan birbaşa müraciət edənlərə çatdırdılar. Bu proses "Dağlıq Qarabağ hökuməti” ilə razılaşdırılmamışdı. "Yerkrapa” İttifaqı könüllüləri, ehtimal ki, bu cür ianələr alıblar. Amma bunun hansı formada və nə qədər olduğunu hökumət bilməyib”- Arutunyan belə deyib. Bununla da Dağlıq Qarabağdakı separatçı rejim Manvel Qriqoryanın rəhbərlik etdiyi qurumun yol verdiyi korrupsiya və yeyinti cinayətlərində iştirak etmədiyini göstərməyə çalışır. 

Lakin M.Qriqoryanın həbsi ilə "Yerkrapa”ya başlanan hücum Qarabağ klanının daxilində parçalanma yaradıb. 1998-ci ildə Robert Koçaryanın hakimiyyətə gəlməsində böyük rol oynamış "Yerkrapa” ittifaqının üzvləri əsasən Azərbaycan torpaqlarının işğalında iştirak etmiş döyüşçülərdən ibarətdir. Koçaryanın hakimiyyətə gəlişi "Yerkrapa”ya Ermənistanda və Dağlıq Qarabağda idarəçiliyi ələ keçirməklə hərbi xunta yaratmağa imkan verdi. Serj Sarkisyanın hakimiyyətdən devrilməsi Qarabağ klanının əsas dayağı olan "Yerkrapa”nın da siyasi mövqelərini sarsıdıb. Görünür, baş nazir Nikol Paşinyan başlıca siyasi rəqib saydığı Qarabağ klanını zərəsizləşdirmək üçün müxalifətin əsas güc mərkəzlərindən biri olan "Yerkrapa”nı məhv etmək taktikasını seçib. Ona görə də bu prosesin Robert Koçaryanın həbsinə qədər davam edəcəyi istisna olunmur. Xatırladaq ki, birliyin sabiq liderlərindən biri olan sabiq müdafiə naziri Seyran Ohanyan da korrupsiya cinayəti ilə bağlı istintaqa cəlb olunub. 

Dağlıq Qarabağdakı qondarma rejimin keçmiş müdafiə naziri adlandırılan Samvel Babayan da bu günlərdə həbsdən azad olunduqdan sonra "Yerkrapa”nın ünvanına kəskin tənqidi ifadələr işlədib. Robert Koçaryan-Serj Sarkisyan cütlüyü ilə düşmən münasibətdə olan Samvel Babayan bildirib ki, digər vəzifəli şəxslərin evlərində axtarışlar aparılarsa, onun da nəticəsi Sarkisyanın evindəki kimi olacaq.

"Mən həmişə demişəm ki, onlar general mundiri geyinmiş kolxozçulardır. Onlar sadəcə olaraq, tuzlardır. Ancaq o zaman mən bunu deyəndə heç kim maraqlanmırdı. Bir maaşla yaşayan general və ya əsgər bahalı avtomobilləri, evləri almaq üçün nə qədər varlı ola bilərdi? İndi hər kəs nədənsə təəccüblənir. Bütün bu cinayətlər 25 ildir baş verib. Hamısı eyni korrupsiyalı məmurlardır. Dünən, heç bir vəzifə tutmayan gənclər indi lüks evlərdə yaşayırlar”, - deyə S.Babayan bildirib. 

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu hesab edir ki, Nikol Paşinyan Manvel Qriqoryanı və "Yerkrapa”nı siyasi səhnədən götürməklə hərbi müxalifəti sıradan çıxartmağa çalışır. Bu həm də eks-prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın zərərsizləşdirilməsinə hesablanmış bir gedişdir: "Manvel Qroqoryan quldur olub. Onu milli qəhrəman səviyyəsinə qədər aparıb çıxaran keçmiş baş nazir, Azərbaycan torpaqlarının işğalında fəallıq göstərmiş Vazgen Sarkisyan olub. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsi spiker Karen Dəmirçiyanın və baş nazir Vazgen Sarkisyanın aradan götürülməsinə xidmət edirdi. Əldə olan məlumatlara görə, həmin qətlin sifarişi başqa dövlətin xüsusi xidmət orqanı tərəfindən hazırlansa da icraçısı Manvel Qriqoryanın dəstəsi olub. Həmin vaxt prezident Robert Koçaryan idi.

Yəni Manvel Qriqoryan Robert Koçaryanın göstərişini yerinə yetirib. Sonra prezident Koçaryan Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyanı baş nazir təyin etdi. Aram Sarkisyan da qardaşının kim tərəfindən qətlə yetirildiyini başa düşdü və o, Robert Koçaryanla mübarizəyə başladı. Bunu görən Manvel Qriqoryan hay-küy saldı, təxribat törətdi ki, Aram Sarkisyan Moskvaya işləyir, Koçaryanın prezident kimi normal fəaliyyətinə mane olur, iqtisadi islahatlar aparmasına imkan vermir. Sonra Qriqoryan guya müxaliətə keçdi. 2008-ci ilin mart hadisələrində Levon Ter-Petrosyana da xəyanət etdi və Serj Sarkisyanın yanına gəldi. O zaman Serj Sarkisyan "Yerkrapa”nı formalaşdırdı.

Nikol Paşinyan da bilir ki, Manvel Qriqoryan satqının biridir və hansı istiqamətdə tapşırsalar, o cür də izahat verəcək. Nikol Paşinyan bu həbsləri həyata keçirməklə həm Qriqoryanın dəstəsini, yəni silahlı müxalifəti seçkilər öncəsi neytrallaşdıracaq. Eyni zamanda, Manvel Qriqoryandan Serj Sarkisyanın və Robert Koçaryanın əleyhinə izahatlar alınacaq. Bu isə eks-prezidentləri nəzarətdə saxlamaq imkanı verəcək. Bu proseslərin hamısı Serj Sarkisyanla Robert Koçaryanın üzərindədir. Paşinyan onları həbs etdirməsə də siyasi qarmağa keciriməklə özündən asılı vəziyyətə salacaq”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları