Yuxarı

Savaş kartları açıldı

Savaş kartları açıldı

Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı məsələ yenidən aktuallaşıb.

Türkiyə kəşfiyyatına yaxın olan mənbələrdən alınan məlumata görə FETÖ  lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında olan Fətullah Gülən təşkilatın üzvlərinə və rəhbər şəxslərinə Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı yeni savaşın başladılması haqqında təlimat verib. Qeyd edək ki, FETÖ 2015-ci ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə cəhd edib və legitim hakimiyyəti hərbi yolla devirməyə çalışıb. Uğursuz cəhddən sonra Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar başlanıldı və təşkilat üzvlərinin əksəriyyəti həbs olunaraq zərərsizləşdirildi. Bu günə qədər Türkiyədə 5 hərbi çevriliş baş verib ki, onlardan yalnız sonuncusu - FETÖ-nun cəhdi uğursuz olub.

Ancaq yayılan məlumatlardan belə məlum olur ki, FETÖ hələ də hakimiyyət uğrunda mübarizəsini davam etdirir.  Maraqlıdır, FETÖ-nun planı nədir və Türkiyəyə qarşı savaş açmağa gücü qalıbmı?

Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, FETÖ-nun təlimatları uzunmüddətli planlardır. N.Məmmədova hesab edir ki, bu, ABŞ kəşfiyyatının FETÖ kartını yenidən işə salmasıdır: "Əslində, yayılan məlumatlardakı təlimatlar hansı ki, onların Gülən tərəfindən öz tərəfdarlarına göndərildiyi deyilir, yeni bir şey deyil. Məsələn, iddiaya görə Gülən onlardan tələb edir ki, olduqları ölkələrdə kamuflə olsunlar və həmin ölkələrin vətəndaşları ilə ailə qursunlar, Türkiyəyə sərmayə qoyuluşuna mane olsunlar, yeni tərəfdarlar tapsınlar və s. Bunlar və bunlardan daha artığı zatən indiyədək FETÖ-nun Türkiyəyə qarşı fəaliyyətində həyata keçirilirdi. Sadəcə, ola bilsin ki, FETÖ kartı Qərb kəşfiyyatları tərəfindən yenidən işə salınıb. Bu da sözsüz ki, Türkiyədə keçirilən seçkilərlə birbaşa bağlıdır.

Seçki ərəfəsində və seçkilərdən dərhal sonra ABŞ və Avropa Birliyi  Türkiyəyə qarşı daha radikal addımlar atdılar. Türkiyəyə silah embarqosu, müxalifətə dəstək, PKK vasitəsilə Türkiyəni hədələmə, terror təhlükəsi xəbərdarlığı edərək öz vətəndaşlarının Türkiyəyə getməsinə mane olmaq və s. Lakin Ərdoğanın güzəştlərə getmədiyini görərək yenidən ola bilsin ki, FETÖ vasitəsilə nəyəsə nail olmaq istəyirlər. Gördüyümüz kimi Qərbin birbaşa təhdidləri seçki ərəfəsində və seçki sonrası radikal xarakterli idisə, FETÖ-nun təlimatları daha uzunmüddətli, strateji təxribat planlarını nəzərdə tutur”.

Nəzakət Məmmədovanın sözlərinə görə, ilk baxışdan həyata keçirilməsi vaxt aparan, lakin nəticələri ölkə üçün daha təhlükəli olan məsələlərdən söhbət gedir: "FETÖ-nun bunu etmək üçün gücünün qalmasına gəlincə, Türkiyədə 15 iyuldan sonra aparılan əməliyyatlar bu təşkilatı ölkə daxilində xeyli zəiflətsə də, ölkə xaricində onun dayaqları hələ zəifləməyib. Güclü əlaqələri və maliyyə mənbələri hələ də qalır. FETÖ Avropa Birliyi və İslam Əməkdaşlıq Təşkilatı  tərəfindən terror təşkilatı kimi tanınsa da, bir çox Avropa və islam ölkələrində onun dayaqları hələ də möhkəmdir. Hətta Qırğızıstan belə Türkiyənin çağırışlarına məhəl qoymayaraq FETÖ məktəblərini və iqtisadi obyektləri bağlamaqdan imtina etdi.

ABŞ-da isə FETÖ yenə də mövqelərini saxlayıb. Gülənin ekstradisiya olunmaması özü hər şeyi deyir. Baxmayaraq ki, bu məsələdə də ABŞ siyasi elitasında fikir ayrılığı var. Prezident Tramp onu ekstradisiya etmək istəsə də, Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon bundan imtina etdi. Görünür, Gülən hələ ki, onlara lazımdır. Çünki ABŞ öz agentlərini lazım olmayanda ya öldürür, ya da təhvil verir. Öcalanın təhvil verilməsi, Ben Ladenin öldürülməsi buna misaldır”.

ABŞ-ın Fətullah Güləni Türkiyəyə təhvil verməsi məsələsinə gəlincə, N.Məmmədova hesab edir ki, bu, bir halda mümkündür: "ABŞ Türkiyədən istədiyini alarsa, Güləni Türkiyəyə verə bilər. Ümumiyyətlə, buna çox misallar çəkmək olar. Dediyim isə sadəcə, bir nümunədir. Yəqin ki, nə vaxtsa Türkiyə tərəfindən istədiyi güzəştə nail olsa idi, ABŞ Güləni təhvil verərdi. Hazırda isə Ərdoğana təzyiq vasitəsi kimi Pensilvaniyada saxlayıb. Hazırlanan təlimatlar isə bir ruhani xadimin başının məhsulu ola bilməz. Bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin öz agentlərinə verdiyi təlimat ola bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları