Yuxarı

Rusiyanı Suriyaya çəkən iqtisadi maraqlardır

Rusiyanı Suriyaya çəkən iqtisadi maraqlardır

putin1 “Moskvanın məqsədi  İŞİD-in qara bazara çıxardığı ucuz neft satışının qarşısını almaqdır” Rusiyanın Suriyada aviasiya əməliyyatları həyata keçirməsinin arxasında iqtisadi maraqların olduğu bildirilir.  Rusiya prezidenti Vladimir Putin son zamanlarda verdiyi açıqlamalarda Suriyadakı hərbi varlığını terrora qarşı Suriya dövlətinə dəstək verdiklərini söyləyərək əsaslandırdı. Bəzi ekspertlər hesab edirlər ki, bu siyasi fəaliyyətdən arxasında isə Rusiyanın iqtisadi maraqları durmaqdadır.    Rusiya milyarderlərindən Gennadi Timçenkoya aid olan "Soyuzneftoqaz" şirkəti Suriyadakı yanacaq və digər enerji mənbələrinin aşkarlanması və emallı işlərini icra edən şirkətlərdən biridir.   Enerji maraqları "Soyuzneftoqaz" 2004-cü ildə Deyrezor və Palmira (Tədmur) bölgələrini də əhatə edən 12 və 14-cü blok olaraq adlandırılan bölgədə qaz və neft axtarmaq üçün Suriya enerji bazarına ilk addımını atmışdı. Daha sonra 2005-ci ildə Suriyada Devon Energy Ltd ilə birlikdə şimal və şərq blokları da daxil olmaqla 26 layihədə iş həcminin 50 %-ni əlinə almışdı. Şirkətin əhatə dairəsində olan bloklarda cəmi 17 quyu və bir milyon ton neftin olduğu bildirilir. Şirkət son dəfə 25 dekabr 2013-cü il tarixində bağladığı müqavilə ilə Suriyanın dəniz bölgələrində də qaz axtarmaq və çıxarmaq üçün icazəsi almışdı. 2013-cü ildə investisiyalar yatıran şirkət bölgədə qaz emalı zavodu və təbii qaz boru xətti da inşa edib. Hal-hazırda isə 1,3 milyard m³ həcmi olan ikinci qaz emalı zavodunu da inşa edir.   Bundan başqa Raqqa və ətraf bölgələrində fəaliyyət göstərəcək olan bir enerji layihəsinin də ilk mərhələsi 2014-cü ilin noyabr ayında “Soyuzneftogaz” nümayəndəsi tərəfindən tanıdılmışdı. Layihənin 2016-ci ilin son rübünə qədər tamamlanması gözlənilir. "Qazprom", "Lukoil", "Soyuzneftoqaz" kimi enerji şirkətləri dünyaya açılan Rusiyanın Əsəd rejiminə verdiyi ciddi hərbi dəstək bölgədə nə cür böyük maraqlarının olduğunu ortaya qoyur.   İqtisadçı-ekspert Qulu İbrahimli də hesab esdir ki, Rusiyanın Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamasından sonra neftin qiymətində tədrici artım baş verməkdədir: “Artıq bir çox müşahidəçilər bu qənaətdədir ki, Rusiyanın Suriyaya müdaxiləsinin kökündə də əsas məqsədlərdən biri məhz İŞİD-in "qara bazara" çıxardığı ucuz neft satışının qarşısını almaqdır”. Qulu İbrahimlinin fikrincə, hazırda Rusiya ictimai diqqəti "terrorçuların məskunlaşdığı bölgələri" bombardman etdiyi fikri üzərində cəmləməyə yönəltsə də, yaxın vaxtlarda hərbi əməliyyatların ağırlıq mərkəzini Suriya və İraqın neft istehsal edən və neftin daşındığı bölgələrinə keçirəcək: "Artıq İŞİD-in Rakkadan Mosula çəkildiyi xəbərləri yayılıb. Çox güman ki, yaxın günlərdə ruslar bu istiqamətdə də əhəmiyyətli irəliləyişlər əldə edəcək: həm neft çıxarılan bölgələr, həm də daşınmanın həyata keçirildiyi yollar bombalanacaq".   Rusiyaya qarşı cihad? suriya “Anadolu” agentliyinə açıqlamasında “Müsəlman qardaşlar” təşkilatının Suriya qanadının (“İhvan”) sözçüsü Ömər Məşuh bildirib ki, Rusiya bombarmançı təyyarələrinin Suriyada mülki əhalini vurması açıq şəkildə işğal faktorudur: “Rusiya Bəşər Əsəd rejimini qoruyaraq maraqlarını müdafiə edəcəyini zənn edir. Rusiya Əfqanıstan və Çeçenistan təcrübəsini təkrarlayır. 5 ildir ki, Əsəd rejiminə, İrana və Hizbullaha necə müqavimət göstərmişiksə, Rusiyaya qarşı da elə mübarizə aparacağıq”. Bununla paralel olaraq “İhvan” hərəkatının rəsmi internet səhifəsində yayımlanan bəyanatda Suriyada əli silah tutan hər kəsin cihad etməyinin fərz olduğu qeyd edilib. Bildirilib ki, sözügedən təşkilat bütün imkanlarını bu istiqamətə yönəldəcək. Müraciətdə Rusiyaya qarşı cihada çağırışlar da yer alıb.   Qlobal qarşıdurmanın ilk simptomları “The New York Times” nəşrinə Ağ evdəki mənbədən bildirilib ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri isə İŞİD-in paytaxtı hesab edilən Raqqa şəhərinin azad edilməsi istiqamətində əməliyyata başlamağı planlaşdırır. Mənbənin məlumatına görə, ötən həftə ABŞ prezidenti Barak Obama yaxın həftələrdə İŞİD-ə qarşı hücumların olacağını təsdiqləyib, eləcə də Pentaqona Suriya müxalifətini silah-sursatla təmin etmək və Türkiyədəki bazadan hava hücumlarının gücləndirilməsi ilə bağlı təklifləri dəstəkləyib. Obama administrasiyasının planının məqsədi kürd silahlı qüvvələrinə dəstək verməkdir.  İlkin mərhələdə Raqqanın ələ keçirilməsi nəzərdə tutulmasa da, şəhərin şimal-şərq və şimal- qərb əsas nəqliyyat magistrallarından təcrid edilməsi planlaşdırılır. Qeyd edək ki, beynəlxalq koalisiya qüvvələrinə ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Avstraliya və Fransa daxildir. Türkiyənin Xarici İşlər Nazirliyi isə Suriyada İŞİD mövqelərinə zərbələr endirən rus qırıcılarının Türkiyənin hava sərhədini pozduğunu bəyan edib. Türkiyənin Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları sərhəd pozucuları ilə bağlı məlumat daxil olan kimi havaya qalxıb.   “Əfqanıstan ssenarisi” təkrarlanacaqmı? Göründüyü kimi Suriya məsələsində Rusiyanın çətinə düşəcəyini deməyə əsaslar var. Bəzi veriyalara görə isə, Rusiya Əfqanıstan tarixini təkrar yaşayacaq. Siyasi analitik Elçin Xalidbəyli hesab edir ki, Rusiya beynəlxalq mövqelərini qoruyub saxlamaq üçün əlindən gələn hər şeyi edir: “Çünki Ukraynadakı uğursuzluq Rusiyanı güncə sıxışdırıb. Digər tərəfdən, Rusiya Suriyanı özünün nəzarət bölgəsi hesab edir. Xüsusilə də Bəşər Əsəd hakimiyyəti Kreml üçün böyük əhəmiyyət daşıyır. Çünki Bəşər Əsəd hakimiyyəti dəyişərsə, Rusiyanın Suriyadakı dayaqları sıradan çıxarılmış olar. Ancaq ABŞ və Qərb Rusiyanı Suriya böhranının həlli prosesinə, o cümlədən də Yaxın Şərq regionuna yaxın buraxmamaqda maraqlıdır. Sadəcə, son vaxtlar ABŞ və Qərb bu məsələdə taktiki menevrlər etməyə çalışır. Belə ki, Yaxın Şərqdə, eləcə də Suriyada hərbi-siyasi "bataqlıq" yaranıb və artıq dərinləşib. ABŞ və Qərb bu "bataqlıq"da təkbaşına boğulmaq istəmir. Yəni orada baş verənlərin məsuliyyətini başqalarıyla, o cümlədən də Rusiya ilə bölüşməyə çalışır”. Onun fikrincə, bu baxımdan, Rusiyaya gözlənilmədən Suriyada hərbi əməliyyatlar aparmaq şansı tanınması müəyyən mənada başadüşüləndir: “Düzdür, Rusiya bu şansı öz uğuru hesab edir. Və bu proseslərdə iştiraka böyük həvəslə qoşulub. Ancaq Kremldə yəqin ki, bu "bataqlığın" Rusiyanı da öz içərisinə çəkə biləcəyini anlamamış deyillər. Çünki Rusiya üçün təxminən oxşar Əfqanıstan təcrübəsi də var. Və Suriya Rusiya üçün ikinci Əfqanıstana çevrilə bilər. Böyük ehtimalla Rusiyanı bu proseslərə cəlb edən ABŞ və Qərb də Kremli gözləyən bu təhlükəli perspektivi hesablamış olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, Suriyada aparılan hərbi əməliyyatlar Rusiyaya külli miqdarda maliyyə vəsaiti hesabına başa gəlir. İndiki maliyyə böhranı vəziyyətindəsə, belə iriməbləğli hərbi xərclər əslində Rusiya üçün qətiyyən sərfəli olmamalıdır. Deməli, bütün bunları nəzərə aldırda, Rusiyanın Suriyaya can atmaqla hansı riskləri etdiyini dəqiqləşdirmək üçün hadisələrin sonrakı istiqamətlərini izləmək və mümkün nəticələrini də gözləmək lazımdır”.   Cavad          





Həftənin ən çox oxunanları