Yuxarı

Yaxın və Orta Şərq: nə baş verir?

Yaxın və Orta Şərq: nə baş verir?

yaxin serq III yazı Rusiyanın Suriyada başladığı hərbi əməliyyatlar, Suriya böhranını daha da dərinləşdirməkdə davam edir. Bu ölkənin təyyarələri Əsəd rejiminə qarşı olan müxalif bölgələri, o cümlədən  türkmənlərin yaşadığı şəhər, qəsəbə və kəndləri bomba yağmuruna tutub. Nəticədə onlarla dinc sakin ölüb və yaralanıb. Yüzlərlə insan öz dədə-baba torpaqlarını tərk edərək nisbətən güvənli yerlərə köç etməyə başlayıb. Rusiya-Suriya-İran blokunun «İŞİD-ə qarşı mübarizə» adı altında İslam Dövlətinin nəzarəti altında olmayan dinc şəhər və kəndləri vəhşicəsinə bombardman etməsi dünya ictimaiyyətini, ilk növbədə də Türkiyəni ciddi narahat etməkdədir. Təsadüfi deyil ki, Brüsseldə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Rusiyanı Suriyaya təcavüzünə görə sərt şəkildə ittiham edib. O, Rusiyanı təcavüzkar adlandıraraq bildirib: "Suriya ilə Türkiyə arasındakı sərhəd  911 kilometrdir. İraq ilə də  351 kilometr sərhədimiz var. Bizə  təkcə Suriyadan qaçqın gəlməyib . Fərq qoymadan qaçqınları ölkəmizdə qəbul edirik. Təkcə İstanbulda 400 mindən çox  suriyalı var. Onlara 7.8 milyard dollar yardım ayırmışıq. Biz açıq qapı siyasəti həyata keçirdik. Suriya rejimi xalqına qarşı bombalardan istifadə edir. Belə bir vaxtda sərhədimizə dirənən qaçqınlara geri qayıdın deyə bilməzdik. Diktator Əsədin saxlanılmasına tərəfdar olanlar var. Onu qorumağa çalışanlar var. İran və Rusiya bunların başında durur . Rusiyanın Suriyada etdikləri ortadadır, özünə bir baza yaratmaq istəyir və bizim  sərhədlərimizi pozmağa cəhd edir. Buna bizim səbr etməyimiz mümkün deyil." Görünən budur ki, ruslar vəziyyətin daha da gərgin hal almasında maraqlıdırlar və Moskvanın bu tutumunun bütün dünyanı nüvə fəlakətinə doğru sürüklədiyi onları az narahat edir. Çin də kənarda qalmayacağının siqnallarını verir... Rusiya-Suriya-İran blokuna Çinin də qoşulması ilə dünənə qədər NATO bloku qarşısında zəif görünən Rusiya əməlli-başlı güc qazanmış olacaq. İnformasiya agentliklərinin yaydığı xəbərlərdən belə aydın olur ki, Çin hökuməti özünün "J-15" tipli döyüş təyyarələri ilə Rusiya tərəfindən Suriyada həyata keçirilən hərbi əməliyyatlara qatılmaq barədə qərar verib.  Belə ki, Çinin döyüş təyyarələri İraqın Təqaddum bazasından və Tartus sahillərində olan "Liaoning" təyyarə daşıyan gəmidən qalxaraq hücumlara dəstək verməyi planlaşdırır.  Eyni zamanda bildirilir ki, rəsmi Pekin elektron rabitə və hava hücumundan müdafiə sistemləri ilə canlı qüvvəni önümüzdəki günlərdə Suriyaya göndərəcək. İşin ən maraqlı tərəfi budur ki, Çinin də bəhanəsi eynən ABŞ, Avropa Birliyi və Rusiya kimi guya terrorizmə, konkret olaraq İslam Dövlətinə qarşı mübarizə aparmaq istəyidir. Bu ölkə bu istəyinin İŞİD sıralarında mindən artıq uyğur mənşəli Çin vətəndaşının döyüşməsi və onların Çinin gələcəyi üçün təhlükə mənbəyi olması ilə əsaslandırır. İŞİD sıralarında Türkiyə, Azərbaycan, özbək, türkmən və qazax türkləri ilə yanaşı, yüzlərlə uyğur türkünün də Dağıstan və Çeçenistandan gəlmiş həmdinləri ilə çiyin-çiyinə savaşdığı danılmaz həqiqətdir. Fəqət o da həqiqətdir ki, rəsmi Pekinin Suriyadakı hərbi əməliyyatlara qoşulmasının əsl səbəbi qətiyyən bu deyil. Çini Suriya savaşında tərəf olmağa nə vadar edir... Bu gün hər kəsin «İŞİD» adlandırdığı və az qala İblis kimi təqdim etdiyi İslam Dövləti, təbii ki, nə yaxın, nə də orta perspektivdə Çin üçün heç bir təhlükə törətmir. Belə olan halda, Çinin gerçək məqsədi nədir? Sualın cavabı sualın özü kimi olduqca sadə və bəsitdir. Çin bu gün həm ÜDM istehsalına, həm də hərbi gücünə görə ABŞ-dan sonra  2-ci yerə yüksəlmişdir, nüvə dövlətidir  və bu hal ona özünü ABŞ-la yanaşı, super güc hiss etmək imkanı verməkdədir. Madam ki, o ikinci super gücə çevrilib və istehlak etdiyi karbohidrogen ehtiyatlarının böyük hissəsini ərəblərin Bəsrə, farsların isə Fars körfəzi adlandırdıqları Kəngər körfəzindən idxal edir, özü də həmin körfəzdən əldə edilən neftin ən böyük istehlakçılarından biridir, deməli, bölgənin ABŞ-ın təkbaşına nəzarətində olması ilə barışa bilməz. Yəni körfəz neftində onun da payı olmalıdır. Yeri gəlmişkən qeyd edək ki, ABŞ «İŞİD-ə qarşı» koalisiya yaradanda Çini bu koalisiyaya dəvət etməmiş, bununla da bölgənin neft və qaz resurslarına nəzarəti onunla bölüşmək fikrində olmadığının siqnalını verdi, bu da rəsmi Pekində ciddi narazılıq yaratdı. Çinin Xarici İşlər Nazirliyi dərhal rəsmi bəyanatla çıxış edərək bildirmişdi ki, koalisiyaya dəvət edilməməsini anlaya bilmir və ardınca da geriyə çəkilmək fikrində olmadığına işarə edərək, açıq mətnlə vurğulamışdı ki, Çin istehlak etdiyi neftin böyük hissəsini həmin bölgədən idxal edir, özü də körfəz neftinin ən böyük istehlakçılarından biridir. Beləliklə, Çinin də Suriya münaqişəsinə qatılmağa hazırlaşması ilə bölgədə və bütün dünyada gərginliyin daha da artması gözlənilir və bu, qaçılmaz hal alır. Savaşa daha bir nüvə dövlətinin qoşulacağı da istisna edilmir... Artıq, gizli şəkildə də olsa, başlayan və yaxın zaman içərisində aktiv fazaya keçəcəyi istisna edilməyən III Dünya savaşının təkcə bölgəyə deyil, bütün dünyaya fəlakət gətirəcəyi heç bir şübhə oyatmır. Vəziyyəti inanılmaz dərəcədə təhlükəli edən ən əsas məsələ odur ki, qarşı duran dövlətlərdən beşi nüvə dövlətidir. Söhbət NATO üzvü olan ABŞ, İgiltərə və Fransadan, eləcə də qarşı tərəfdə yer alan Rusiya və Çindən gedir. Çox güman ki, son dövrlərdə həm ÜDM istehsalına, həm də hərbi qüdrətinə görə dünyada öncül sıralardan birinə yüksəlmiş başqa bir nüvə dövləti olan Hindistan da oyundan kənar vəziyyətdə qalmaq istəməyəcək. Onun Rusiya və Çinin yanında yer alacağı ehtimalı çox böyükdür. Hər halda bunu zaman göstərəcək və hələlik Hindistanın mövqeyi tam aydın deyil. Digər tərəfdən, nəzərə alsaq ki, Hindistan İngiltərə krallığının birbaşa təsiri altındadır, onda vəziyyətin daha da qəlizləşəcəyini təsəvvür etmək o qədər də çətin deyil.  Çinlə bağlı isə hər şey gün kimi aydındır. Təkcə bunu demək kifayətdir ki, bu ölkənin yeni hərbi doktrinasında ABŞ bir nömrəli düşmən kimi göstərilməkdədir və Amerikaya qarşı nüvə müharibəsi istisna edilmir. Bu sərt tutum, şübhəsiz ki, ABŞ-ın Asiya-Sakit okean zonasında apardığı siyasətə birbaşa cavab mahiyyətindədir. Ekspertlərin fikrincə, Asiya-Sakit okean zonasında ciddi geosiyasi yeniləşmələr baş verir. Bir çox analitiklər həmin regionda müharibənin hər an alovlana biləcəyini proqnozlaşdırırlar. Fakt budur ki, ABŞ bölgə dövlətlərinin bir-birinə olan ərazi iddialarından istifadə edərək, regionda hərbi gücünü artırır. Onun Çinə yönəlik siyasətinin sərtləşdiyi hiss olunur. Belə ki, ötən il (2014) fevralın 5-də Amerika Konqresində ölkənin Asiya siyasəti müzakirə edilib. Orada Asiya-Sakit okean hövzəsindəki ərazi mübahisələrinin həllinə balanslı yanaşmadan daha sərt mövqeyə keçilməsi qərara alınıb. Hətta güc tətbiq edilə biləcəyi də istisna edilməyib. ABŞ-Çin qarşıdurması tam realdır... ABŞ-ın Cənubi Çin dənizindəki adalarla bağlı Pekinə qarşı tez-tez iradlar bildirməsi iki dövlət arasında münasibətlərin kəskinliyinin ən bariz nümunəsidir. Bu hal Amerikanın həmin region istiqamətində sistemli siyasət yeritməsi ilə əlaqədardır. Elə bu səbəbdən də Çin sözügedən adaların yerləşdiyi məkanı öz hərbi hava qüvvələrinin müşahidə zonası elan etmişdir. 2013-cü il oktyabrın 30-da ABŞ-ın Nümayəndələr Palatasında “Çinin dəniz və digər coğrafi təhlükələri” adlı mövzunun müzakirəsi keçirilib və həmin iclasa sədrliyi respublikaçı konqresmen Dana Rohrabaher edib. İştirakçılar Asiya-Sakit okean hövzəsində Çinlə hərbi qarşıdurmanın kəskinləşdiyini bildiriblər. Buna cavab olaraq Vaşinqtonun həmin regionda hərbi gücünü artırmaq hesabına öz mövqeyini möhkəmlətməsi təklif edilib. Bu zaman Yaponiya ilə əməkdaşlıq ön plana çəkilib. Bunun məntiqi nəticəsi kimi Davos toplantısında Çin və Yaponiya nümayəndələri qarşılıqlı ittihamlarla çıxış etdilər. Fevralın 5-də Konqresdəki çıxışında ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean üzrə müavini Daniel Rassel isə daha konkret danışaraq, Pekinin Cənubi Çin dənizində cəhdlərini artırmasına qarşı çıxdıqlarını bəyan edib. O deyib ki, “...biz dənizdə olan tələblərə qarşı sərt mövqe tutmalıyıq...” Bir qədər əvvəl isə ABŞ siyasətçiləri Cənubi Çin dənizindəki anlaşılmazlıqlara bitərəf mövqedə dayandıqlarını bəyan etmişdilər. Onu da əlavə edək ki, rəsmi Vaşinqton Filippin hökumətinə Çini dəniz hüquqları üzrə Beynəlxalq Tribunala (ITLOS) verməkdə “kömək göstərib”. Bundan əlavə, həmin ölkənin prezidenti Akino “The New York Times” qəzetinə müsahibəsində Çini faşist Almaniyası ilə müqayisə edib. Bu isə ABŞ-ın hətta müharibəyə hazır olması anlamına gəlməkdədir. Bütün bunların fonunda Amerika Sakit okean hövzəsində hərbi bazalarının sayını artırır və onları daha güclü silahlarla təmin edir. Belə məlum olur ki, söhbət hansısa lokal xarakterli və ya sistemsiz addımlardan getmir. Vaşinqton strateji səviyyədə Asiya-Sakit okean hövzəsində qüvvələr nisbətini dəyişir, o cümlədən Çinə münasibətini korrektə edir.   Bəxtiyar Tuncay





Həftənin ən çox oxunanları