Yuxarı

Rusiya İraqa girəcəkmi?

Rusiya İraqa girəcəkmi?

moskva-7 Politoloq: “Baş verənlər məhz Rusiyanın əleyhinə yönəlib” Son günlər dünya mediasında Rusiyanın İraqa girəcəyi ilə bağlı xəbərlər yayılır. Bu barədə bir sıra ekspertlər müxtəlif ziddiyyətli fikirlər irəli sürürlər. Amma son proseslər deməyə əsas verir ki, Rusiya İraqa girəcək. Təbii ki, Rusiyanın İraqa girməsi üçün bir “səbəb”i olmalıdır. Rusiyanın İraqa girməsinin ən tutarlı arqumenti İŞİD-dir ki, bu istiqamətdə Moskva üçün artıq əsas yaradılıb. İŞİD lideri əl-Bağdadinin İraqa qaçması ilıə bağlı yayılan informasiyalar təsadüfi deyildi və bu məlumatların dövriyyədə uzun müddət qalması Rusiyanın İraqa girməsi üçün artıq zəmin yaranacağını deməyə əsas verir.   Qeyd edək ki, İraq təhlükəsizlik qüvvələri İŞİD lideri Əbubəkr əl-Bağdadinin avtomobil karvanına təşkil edilən hücumla bağlı növbəti məlumat yayıb. Rəsmilər Bağdadinin yaralanması ilə bağlı öncədən yaydıqları xəbəri təkzib edərək təşkilat liderinin avtomobil karvanında olmadığını açıqlayıb.   Xatırladaq ki, “Röyter” agentliyi İraq Hərbi Hava Qüvvələrinin əl-Bağdadinin maşın karvanına hücum etdiyini, nəticədə təşkilat liderinin ağır yaralandığını iddia etmişdi. İraqın baş nazirinin açıqlaması da maraq doğurur. Baş naziri Haydar al-Abadi ölkə ərazisində İŞİD terror qruplaşması ilə mübarizə üçün Rusiya və İranın iştirakı ilə koalisiyanın yaradılmasını təklif edib.  Baş nazir ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün İraqa lazımi dəstək vermədiyini bildirib. “Rusiya aviasiyasının İraq ərazisində İŞİD-ə qarşı əməliyyatlarda iştirakına hazırıq. Ancaq bu barədə prezident Vladimir Putinlə hələ müzakirə aparılmayıb”, - baş nazir söyləyib. İraq baş nazirinin açıqlamasına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İlya Roqaçev bildirib ki, əgər müraciət daxil olarsa, Moskva Bağdadın hərbi kömək haqqında xahişini qiymətləndirəcək.   İraq ordusu da öz növbəsində Ramadi şəhərinin İŞİD-in əlindən alınması uğrunda hərbi əməliyyata başlayıb. İraq hökuməti - dəyişən siyasət... Göründüyü kimi, proseslər Rusiyanın İraqa girəcəyi ehtimallarını gücləndirir. Rusiyanın artıq “səbəb”i var. İŞİD-i tamamilə məhv etmək üçün İraqa girmək zəruridir. Digər tərəfdən İraq hökuməti də buna tərəfdar görünür. Qeyd edək ki, ABŞ-ın İraq siyasəti özünü doğrultmayıb və Vaşinqtona qarşı narazılıq güclənib. ABŞ-ın dəstəklədiyi güclərə qarşı daim altrnativlərə isti yanaşması, eyni zamanda dəstək verməsi də bu ölkəyə qarşı etimadı heçə endirib.   Elə ABŞ-ın aparıcı mətbu orqanları olan “Foreign Affairs” və “New York Times” nəşrləri də bu ehtimalları təsdiqləyir. Nəşr yazır ki, ABŞ-ın Yaxın Şərqdə “İŞİD”-ə qarşı apardığı uğursuz əməliyyatlar İraq dövlətində də çaşqınlıq yaratmaqdadır. Nəşrlərin iddiasına görə, Vaşinqtonun bu ərazilərdəki “qeyri-ciddi” fəaliyyəti İraqı Rusiya ilə əməkdaşlıq etməyə sövq edir.   “Foreign Affairs” nəşri yazır ki, Amerika hərbçilərinin “İŞİD”-in tərkibində toplanan terrorçulara qarşı “mübarizədə” məyusedici nəticələri, İraq dövlətini terrorçulara qarşı mübarizədə əsas tərəfdaş kimi Rusiyanı görməyə vadar edir. Bəlkə də elə bunun nəticəsidir ki, İraq hərbçiləri İran, Rusiya və Suriya ilə kəşfiyyat mübadiləsi mərkəzinin yaradılmasını elan ediblər.   İraqın Xarici İşlər Nazirliyinə istinad edən qaynaqlardan verilən məlumata görə, ABŞ bu ölkəyə silah təchizatı müqabilində ölkə qarşısında çoxlu şərtlərlə çıxış edir. Lakin İraqın müdafiə naziri Haled al-Obeydi bu ilin əvvəllərində Moskvaya etdiyi səfər zamanı “ABŞ-dan fərqli olaraq, Rusiya silahlarının bu ərazilərdə özünü daha yaxşı sübut etdiyini” bəyan etmişdi.   Qeyd edilməlidir ki, Rusiyanın Suriyada “İŞİD”-ə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar ölkənin şiə əhalisi tərəfindən böyük sayğı ilə qarşılanıb. Ölkədəki nüfuzlu şiə hərəkatı olan “Bədr” Amerika Birləşmiş Ştatlarının “İŞİD”-ə qarşı mübarizəsini “qeyri-ciddi” xarakterizə edərək, Rusiyanın hava hücumlarına dəstək bəyanatı ilə çıxış ediblər. İraqlı deputat İbrahim Bahr al-Ulum “New York Times” nəşrinə verdiyi açıqlamada bildirib ki, ölkədəki sadə insanların ancaq bir narahatçılıqları var- “İŞİD” qüvvələrini İraqdan necə qovmalı? Artıq onlar hiss etməyə başlayıblar ki, ABŞ-dan fərqli olaraq, Rusiya bu istiqamətdə daha ciddi fəaliyyətlə məşğuldur.   “Amerikalılar Marsda su tapmaq iqtidarında olan texnologiyaya malik olmasına baxmayaraq, nə üçün “İŞİD” üzərində qələbə qazanmaqda bu qədər aciz görünürlər?”-deyə Kufə Universitetinin professoru Hacı Əhməd belə bir sorğuyla ABŞ-ı sual qarşısında qoyur.   Lakin bəzi ekspertlər hesab edirlər ki, İraq rəsmi şəkildə tam olaraq Rusiyaya meyllənsə, bu, onlar üçün böyük bir səhv olacaq. Rusiya İraqda intensiv fəaliyyətə başlasa, Suriyada olduğu kimi, yerli əhalini nəzərə almayacaq.   Bundan başqa böhranı danışıq yolu ilə həll etmək baxımından Rusiyanın heç bir strategiyası yoxdur. İŞİD üzərinə yağan rus bombaları qısamüddətli gözləntilərdə effektli ola bilər. Lakin vaxt keçdikdən sonra bu addımın fəsadları özünü büruzə verəcək.   Xilasedici Putin?   İraqın şiə əhalisi Putini "xilasedici" kimi görür. Bəzi məlumatlara görə, yerli əhali rusiyalı liderin müsəlman əsilli olduğunu iddia edirlər: "Əslində, Putinin atası İraqda mağaza sahibi olub. Cənubi Nasiriyə şəhərində yaşayıb. Mağazasında ərəb dilində "tin" kimi səsləndirilən əncir növü satıb. Bu səbəbdən babası onu "Əbu Tin" deyə çağırıb. İkinci Dünya müharibəsindən sonra Əbu Tin Rusiyaya köç edib. Burada sarışın bir rus qızı ilə evlənib və onun Əbdüləmir adlı oğlu olub. Ancaq rus dilində "Əbdüləmir" sözünü demək çətinlik doğurduğundan o, "Vladimir" kimi çağırılıb". Siyasi şərhçi Elçin Xalidbəyli isə “Cumhuriyət”ə açıqlamasında bildirib ki, Rusiyanın İraqda cərəyan edən hərbi-siyasi proseslərə müdaxilə etmək ehtimalı o qədər də yüksək deyil: “Üstəlik, ABŞ İraqı tam şəkildə özünün nəzarət məkanı hesab edir. Və bu məkana kənar müdaxilə ehtimalına xüsusi qısqanclıqla və sərt reaksiya ilə qarşılıq verir. Hətta ABŞ-ın ən yaxın müttəfiqləri belə, İraqda Ağ Evin müəyyənləşdirdiyi cizgilər daxilində hərəkət edə bilirlər. Bu baxımdan, Rusiya üçün İraqa müdaxilə o qədər də asan məsələ deyil. Yəni bunun üçün ABŞ-ın birbaşa razılığının alınması qaçılmazdır. Əks halda, Rusiya İraqa yaxın düşə bilməz. Əslində, Rusiyanın Suriyaya daxil olması da elə ABŞ və Qərbin razılığı ilə daxil ola bilib. Yəni ABŞ və Qərb istəməsəydi, Rusiyanın hərbi texnikasının Suriyaya göndərilməsi mümkün olmazdı. Buna misal kimi, Kremlin uzun müddət israrla cəhdlər göstərməsinə baxmayaraq, ABŞ və Qərbin Rusiyanı Suriyaya yaxın buraxmamasını göstərmək olar. Ancaq indi Rusiyanın Suriyaya girməsinə icazə veriblər. Bununla da Rusiyanı ABŞ və Qərbin yaratdığı, ancaq Ağ Evin nəzarətindən çıxmış kimi görünən "Suriya bataqlığı"na çəkiblər”.   O bildirib ki, Kreml ABŞ və Qərbin bu oyununda həvəslə iştirak etsə də, əslində bütün baş verənlər məhz Rusiyanın əleyhinə yönəlib: “Buna misal kimi, son vaxtlar Suriyada baş verənlərə görə əsas ittihamların Rusiyaya qarşı yönəlməsini göstərmək olar: “Üstəlik, Suriyaya müdaxilədən sonra Rusiyanın regiondakı müttəfiqləri və müsəlman dünyasıyla münasibətləri ciddi şəkildə pozulmağa başlayıb. Bütün bunları nəzərə aldıqda, hətta Rusiya İraqa girmək üçün hansısa səbəb və ya bəhanələr uydurmuş olsa belə, ABŞ və Qərbin istəyi, razılığı olmadan bunu etməyin mümkünlüyü inandırıcı görünmür. Əgər, Rusiya İraqa da girərsə, deməli, bu hansısa səbəbdən ABŞ və Qərbə lazım olub. Və bu halda, hərbi-siyasi blefə meylli olan Rusiyaya qarşı hansısa yeni ssenarilərin qurulmasından da şübhələnməyə əsaslar yaranacaq”.   Cavad





Həftənin ən çox oxunanları