Yuxarı

“Vaşinqton Rusiyanı çökdürməyi hədəfləyib”

“Vaşinqton Rusiyanı çökdürməyi hədəfləyib”

[caption id="attachment_481" align="alignleft" width="332"]tofiq Abbasov Tofiq Abbasov: “Kreml müdafiə səngərindən çıxmağa məcbur oldu ki, Suriyadakı mövqelərini əldən verməsin”[/caption]

“KTM Azərbaycan üçün təhlükəli deyil”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dumada çıxışı zamanı deyib ki, xarici siyasətdə prioritet məsələ MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlıqdır. Onun sözlərinə görə, Moskva bundan sonra da Belarusla münasibətlərin inkişafına diqqətini artıracaq. Xatırladaq ki, Avrasiya İttifaqı yaranandan sonra KTMT arxa plana keçmişdi.

Buna görə də yeni SSRİ-nin yaranması istiqamətində əsas müzakirə Avrasiya İttifaqı kontekstində aparılırdı. Amma görünən odur ki, Rusiya bu istiqamətdə lazım olacaq bütün rıçaqları işə salmaq niyyətindədir. Bu üzdən də KTMT-nin lazımi siyasi vasitə olacağını düşünür. Bəs belə olan təqdirdə KTMT Azərbaycan üçün hansı perspektivlər vəd edir? Azərbaycanı bu quruma üzv olmağa məcbur edəcəklərmi? KTMT Dağlıq Qarabağ problemində nə funksiya daşıya bilər?

Onu da əlavə edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 14-də keçirdiyi brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasətində əsas məsələlərdən biri olaraq qalır. O deyib ki, son vaxtlar münaqişə zonasında gərginlik və itkilərin çoxalması dialoqun bərpasını daha da çətinləşdirir.

Politoloq Tural Əliyev “Cümhuriyət”ə açıqlamasında bildirib ki, SSRİ dağıldıqdan sonra Rusiya öz təsir gücünü qoruyub saxlamaq üçün həm MDB, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində aktiv fəaliyyət göstərir: “SSRİ zamanı NATO-ya alternativ Varşava Müqaviləsi Təşkilatı idi, gördüyünüz kimi SSRİ dağıldıqdan sonra Rusiya varis rolunu oynayaraq regionda Qərbin və NATO-nun təsirini azaltmaq üçün KTMT-ni yaratdı. Yarandığı gündən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldavaya üzvlük üçün KTMT dəfələrlə müraciət edib. Rəsmi Moskva bu hərbi blokun Cənubi Qafqazda təsir gücünü artırmaq üçün bütün səylərini artırır. Təbii ki, Rusiya Xəzər-Qara dəniz hövzəsində təhlükəsizliyin qorunmasında birbaşa təminatçı rolunda çıxış etmək istəyir”.

Politoloq Tofiq Abbasov isə deyib ki, Moskva Suriya əməliyyatının necə sonuclanmasından asılı olmayaraq birqütblü nizamın olmasına son qoymaq istəyir. Onun sözlərinə görə, 25 il ərzində dünya Amerikanın hegemonluğunun xeyli sayda fəsadlar törətməsinin şahidi oldu: “Faktiki olaraq ABŞ BMT-nin funksiyalarını ya öz üzərinə götürdü, ya da onu özünə tabe etməklə planetin həssas bölgələrində vəziyyəti gərginləşdirdi, yeni münaqişə ocaqlarının yaranmasına birbaşa yol açdı. Əlbəttə ki, heç kəs Amerikanın gücünə şübhə etmədən gözləyirdi ki, dünyanın bir nömrəli məmləkəti öz nüfuzundan, bacarıq və imkanlarından layiqincə istifadə edib qarşılıqlı anlaşma, dialoq, əməkdaşlıq ənənələrinə üstünlük verib ümumi ab-havanı duruldacaq. Lakin belə olmadı. Serbiyanın parçalanması, İraqın alt-üst edilməsi, Əfqanıstanda dinc əhaliyə qarşı hərbi zorakılıq, Liviya hökumətinin devrilməsi, Suriyanın ərazisinə terror dalğasının gətirilməsi və s. bəlaların arxasında ABŞ siyasəti durdu və dağıdıcı təsiri dünya boyunca gücləndirdi. Bu niyə belə oldu? Sovet İttifaqı çökdükdən sonra, dünya nizamı tarazlığını itirdi və geosiyasi balans adlı varlıq sadəcə itdi. Bunun nəticəsidir ki, Qərb aləminin mühafizəkar qüvvələri terror və onunla bağlı bütün dəhşətləri müsəlman aləminin ayağına yazdı. Bunun üçün incə texnologiyalar, qara piar, süni mənfi obrazın yaradılması kimi gedişlər geniş vüsət aldı”. Ekspert əlavə edib ki, hələ ötən əsrin ortalarında Qərbin Çörçil və Ruzvelt kimi ən aparıcı siyasi simaları topluma bir təhlükəli fikri təlqin edib bildirirdilər ki, insanlıq qarşısında guya iki böyük və son dərəcə təhlükəli təhdid durur: “Bunlar kommunizmlə İslamdır.

Zaman ötdü və kommunizm təslim edildi. Qərb tərəf müqabili axtarışında çox büdrəmədi və süni sürətdə islam radikalizmini meydana gətirdi. Əgər belə eksperiment baş tutmasaydı, onda gərək NATO buraxılaydı, qlobal dialoq olan-qalan problemlərin həllini təmin edəydi. Proseslərin gedişatı göstərdi ki, Qərb mühafizəkarları nə NATO-nu barxacaq, nə də qalan dünyaya mülayim dolanacaq. Hərbi-sənaye kompleksinin qulluğunda duran siyasi dairələr ötən əsrin son illəri bitər-bitməz, yeni düşmənləri icad edib yeni müharibələrə yol açdılar. Və bu proses Sovet qoşunları Əfqanıstandan çıxdıqdan sonra dərhal başlandı...”

Onun dediyinə görə, indiki Yaxın Şərqin yaşadığı dəhşət bilavasitə Amerika siyasi isteblişmentinin qurduğu ssenaridir: “Əgər müharibələr vardırsa, deməli, nüfuzlu qüvvələr onların arealına müdaxilə etmək, tərəflərə silah satmaq, düşmən saydıqları hakimiyyətlərə müharibə elan etmək kimi texnoloji gedişlərdən istifadə edə bilirlər. Bu isə təmiz qazanc gətirən məsələlərdir. Həmin proseslərdə bir çox ölkələr canlı qüvvə, böyük maliyyə itkiləri, bazarların əldən çıxması kimi bəlalarla üzləşdilər. Rusiya Liviya, İraq, Yəmən, Serbiya, Ukrayna kimi ölkələrdə çoxmilyardlı itkilərlə üzləşdi. Onların ümumi həcmi 20 milyard dollara yaxındır. Belə ziyanlardan özünü sığortalamaqdan ötrü Rusiya, Çin, İran və digər ölkələr artıq məcburdurlar ki, hərəkət edib Amerika ilə ümumilikdə Qərbin monopoliyasına sinə gərsinlər”. “Ukrayna hadisələri göstərdi ki, Vaşinqton Rusiyanı zorla çökdürməyi qarşısına məqsəd qoyub”, deyən politoloq hesab edir ki, Moskva belə vəziyyətə barmaqarası baxa bilməz: “Kreml artıq müdafiə səngərindən çıxmağa məcbur oldu ki, Suriyadakı mövqelərini əldən verməsin və dünya çapında gedən proseslərə müdaxilə etsin. O ki qaldı KTMT-nin güclənməsinə, bu təşkilat hücum yox, fəal müfdafiə konsepsiyası üzrə işini qurur. Onun Azərbaycana dair heç bir təhlükəsi yoxdur. Hətta Azərbaycan Ermənistana qarşı hücuma keçsə belə, KTMT bu işə qarışmayacaq”.

Cavad