Yuxarı

“Putinin geri yolu görünmür”

“Putinin geri yolu görünmür”

[caption id="attachment_502" align="alignleft" width="312"]arzu_nagiyev_260414 Arzu Nağıyev: “MDB və Avrasiya İttifaqının funksiyaları ayrılır”[/caption]

Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Sammitin gündəliyində 17 məsələ olub: Beynəlxalq terrorçuluqla mübarizə, hərbi və sərhədyanı əməkdaşlığın möhkəmləndirilməsi və s. məsələlər. MDB-yə Qazaxıstanın sədrlik müddəti başa çatıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev MDB dövlət başçıları şurasının sessiyasında deyib ki, səmimi desək, sədrlik dövründə iqtisadi vəziyyətə görə, bizim çətin vaxtlarımız oldu: “Lakin missiyamızı tam şəkildə yerinə yetirməyə çalışdıq. MDB çərçivəsində planlaşdırılan bütün tədbirləri keçirdik”.

O əlavə  edib ki, bu ay MDB ziyalılarının forumu Astanada, MDB ölkələrinin hökumət başçıları şurasının görüşü isə Düşənbədə keçiriləcək. Daha sonra çıxış edən MDB-nin İcraçı katibi Sergey Lebedev bildirib ki, 2016-cı ildə sədrlik Qırğızıstana veriləcək: “ Sədrlik edən dövlət kimi Qırğızıstan təklif edib ki, MDB dövlət başçılarının növbəti sessiyası 2016-cı ilin 16 sentyabrında Qırğızıstanda keçirilsin”.

Onu da əlavə edək ki, MDB Dövlət Başçıları Şurasının sammitində 16 sənəd imzalanıb. Bu sənədlərin arasında dövlət başçılarının BMT-nin 70 illiyi, terrorizmlə mübarizə və Çernobl AES-dəki qəzanın 30 illiyi ilə bağlı bəyanatı, miqrasiya, penitensiar xidmətləri rəhbərlərinin şurasının formalaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması kimi məsələlər var. Həmçinin 2016-2020-ci illərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi proqramı, MDB  Antiterror mərkəzi rəhbərinin təyin olunması, MDB-yə növbəti il üçün sədr ölkənin müəyyənləşdirilməsi və növbəti zirvə toplantısının keçirilməsi kimi məsələlər razılaşdırılıb. Üzv ölkələr 2020-ci ilədək hərbi sahədə əməkdaşlıq Konsepsiyasını da təsdiq edib. MDB-nin dövlət başçılarının sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, bu gün MDB ölkələrinə bir sıra neqativ xarici faktorlar təsir göstərir. Onun sözləriə görə, bu faktorları MDB prezidentləri ilə də müzakirə edib: "Biz zala daxil olarkən Azərbaycan prezidenti və digər bir neçə həmkarımla bu barədə danışdıq. Bu mənfi xarici faktorlara bir sıra ixrac mallarının qiymətlərinin düşməsi, dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik, bir çöx regionlarda siyasi gərginliyin artması daxildir. Bütün bunlar regionda iqtisadi fəallığın ləngiməsinə gətirib çıxarıb”. Putin bildirib ki, MDB ölkələrinin ÜDM-i azalıb, ölkələr arasında mal dövriyyəsi də zəifləyib: "Bu situasiyada biz milli iqtisadiyyatımızın xarici bazarlardan asılılığını azaldılması üçün kompleks tədbirlər barədə düşünməliyik. MDB daxilində işgüzar əlaqələrin canlandırılması barədə fikirləşməliyik”.  Putin bunun üçün 2011-ci ildə imzalanmış MDB-də azad ticarət zonası haqqında müqaviləni xatırladıb:"Bu müqavilənin bütün potensialını açmaq lazımdır”.

MDB sammiti və gözləntilər barədə danışan siyasi analitik Arzu Nağıyev deyir ki, əsasən, prezidentlərdən ibarət olan yığıncaqda BMT-nin yaranmsaının 70 illiyi, beynəlxalq terrorizmlə mübarizə, MDB-nin növbəti sammitinin keçirilmə yeri və sədrliyin Qırğızıstana keçməsi məsələlri müzakirə edilir: “Geniş tərkibdə isə Çernobıl hadisəsinin 30 illiyi,sərhədlərin qorunmasının gücləndirilməsi və yəqin ki, Suriya məsələsi əsas istiqamət olacaq. Yəni Azərbaycanla, daha doğrusu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gündəlikdə məsələ qoyulmadığı üçün elə mühüm bir gözləntim yoxdur”.

Analitik əlavə edir ki, MDB indiyə qədər müəyyən formada humanitar məsələlərdə müəyyən bir iş görüb, bundan başqa dövlətlər arasında vizasıs gediş-gəliş, ümumi məkanda təhsil məslələrində ortaq bir layihə həyata keçirilir: “Buna baxmayaraq, iqtisadi cəhətdən nəzərdə tutulan heç bir layihə həyata keçməyib və təbii ki, bizim üçün prioritet məsələ olan ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılmayıb. Buna isə heç bir işarə də yoxdur, deməli bundan sonra da MDB-nin aktivləşməsi ilə bağlı söhbət aparmaq inandırıcı deyil...” MDB-nin Rusiyanın yeni SSRİ layihəsində yer alıb-almayacağına gəlincə, politoloq bildirir ki, bir sıra dövlətlərdə belə bir fikir ola bilər: “Lakin hətta ən yaxın və birgə layihələr həyata keçirən dövlətlər də müstəqilliyini əldən vermək fikrində deyil. Gürcüstanın MDB üzvlüyündən imtina etməsinə baxmayaraq, Rusiya ilə ortaq layihəsi var, Ukrayna və Moldova da misal gətirilə bilər. Məlumdur ki, Qazaxstanda eyni zamanda həm də Avrasiya İttifaqı dövlət başçılarının da görüşü keçirilir. Əsas fikir, zənnimcə, iqtisadi məsələlərin məhz bu çərçivəyə salınmasından gedir. Yəni MDB və Avrasiya İttifaqının funksiyaları ayrılır. MDB humanitar istiqamətdən başqa keşmiş sovetlər birliyi sərhədləri içində fikir mübadiləsi üçün bir qeyri-formal məkana çevirilir. Lakin bu yeni bir dövlətin yaradılması demək deyil. Yəni dünyada bu gün baş verən siyasi və digər prosesləri izləmək baxımından MDB-nin olması labüd görünür, lakin bu heç də SSRİ-nin bərpası və ya yenidən qurulması demək deyil. Bu, eyni zamanda KTMT-yə da aiddir. Bu gün bu qurumdan öz məqsədləri üçün istifadə edən Ermənistan heç də SSRİ-nin bərpası üçün çalışmır, sadəcə olaraq, kiminsə himayəsi altında öz təcavüzkar ideyalarını həyata keçirir. Elə də digər dövlətlərin də burada özəl maraqları var”. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə vurğulayır ki, Rusiya artıq hərb dili ilə danışmağa başlayıb. Onun fikrincə, eyni zamanda, bu və ya digər formada ambisiyalarını da gizlətməməyə başlayıb: “Keçmiş sovet respublikalarını öz təsir dairəsi hesab etməkdədir, onların azad xarici siyasət yürütmələrini, Avroatlantik məkana inteqrasiya xəttini qəbul etmir. İndi isə Ukrayna böhranından sonra aqressivləşən Putin son şanslarını yoxlamaqdadır.

Burada onun geriyə yolu görünmür. Odur ki, radikal formada vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq. Bunlardan biri də zorla da olsa, öz ətrafında MDB dövlətləri timsalında yeni siyasi-ideoloji blok yaratmağa çalışacaq. Son dövrlər bu məkanda Avropanın, ABŞ-ın əleyhinə qara piar da təsadüfi görünmür və bunun ilhamvericisinin Kreml olmasına şübhə yeri qalmır. Odur ki, ən azı, bu sammitdən Avroatlantik məkanın əleyhinə bəyanatın çıxmasını və Rusiyanın son əməliyyatlarına dəstək ifadə edən açıqlamanın olmasından təəccüblənməməliyik”.

Cavad





Həftənin ən çox oxunanları