Yuxarı

Rusiya etnik-dini müharibəyə doğru

Rusiya etnik-dini müharibəyə doğru

Moskvanın İŞİD planı bumeranq effekti verdi

rusiya ordusu

Rusiyanın Suriyada İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatlar Moskvanın əleyhinə işləməyə başlayıb. Başda Səudiyyə Ərəbistanı olmaqla bir sıra ərəb dövlətləri Kremlin İŞİD planını pisləyərək, Rusiyaya qarşı “cihad” elan etdilər. Təxminən 10 gün əvvəl verilən qərardan sonra İŞİD Əfqanıstan - Türkmənistan sərhədində peyda olub.

“İslam Dövləti”nin Rusiya üçün həssas olan bölgədə - Orta Asiyada (yaxud Mərkəzi Asiyada) ortaya çıxması təsadüfi deyil. Təşkilat rəhbərliyi və bu qurumu idarə edən güclər bununla Rusiyanı hərbi əməliyyatlardan çəkindirməyə çalışır. Əslində həmin qüvvələr Rusiya İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayan kimi bu təşkilata həyatda qalmaq sığortasını verdilər. Beləliklə, Moskvanın İŞİD planı “İslam Dövləti”nin fəaliyyətinə bəzi Qərb və ərəb dövlətləri tərəfindən legitimlik qazandırdı. Çünki, İŞİD-in hazırkı hədəfi Yaxın Şərqdə işğal etdiyi regionlarda möhkəmlənmək yox, Rusiyanı vurmaqdır.

Vladimir Putin BMT Baş Assambleyasının Nyu-York toplantısından qayıdan kimi İŞİD-ə müharibə elan etməsi rəqiblərini sevindirdi. Çünki Vaşinqton və Brüsselin baş ideoloqları Kremlin bu planının sonradan bumeranq effektilə Rusiyanın özünə dəyəcəyini bildirdilər. Bunun üçün kifayət qədər əsaslar var. Məsələn, Rusiya Federal Təhlükəsizlik Bürosunun son hesabatına görə, federasiyadan 3 mindən çox vətəndaş İŞİD-ə qoşulub. Bu terror təşkilatının güclü nüfuza sahib olduğu regionlardan biri isə dini və etnik qarşıdurma riskinin yüksək olduğu Şimali Qafqazdır. Əbu Bəkr əl-Bağdadi hələ ilin əvvəlində Şimali Qafqazı “İslam Dövləti Xilafəti”nin “Əmirliyi” elan edib. Əbu Məhəmməd adlı şəxsi isə özünün bölgədəki “əmiri” təyin edib.

Rusiyanın İŞİD əməliyyatı federasiyada etnik və dini çərçivədə qarşıdurma riskini yüksəldir. Kremlə cavab olaraq, Qərbin müəyyən siyasi dairələri Rusiyanın müstəqil olmaq uğrunda gizli mübarizə aparan Başqırdıstan, Dağıstan, Çeçenistan, Tatarısan və Kabardin-Balkar kimi muxtar respublikalarında milli-dini zəmində vəziyyəti gərginləşdirə bilərlər.

ABŞ və Avropa İttifaqınının tətbiq etdiyi ağırlaşdırılmış iqtisadi sanksiyaların hələ də qüvvədə qalması və bunun Rusiyaya 500 milyard dollara başa gəlməsi də burada əhəmiyyətli faktor ola bilər. Krımın Rusiyaya ilhaq edilməsindən bu yana ölkədə başlayan iqtisadi böhran, işsizliyin sürətlə artması, rublun məzənnəsinin aşağı düşməsi və məzənnəni saxlamaq üçün Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarından xərclədiyi külli-miqdarda pullar, böhranla paralel olaraq dövlət və hökumət qurumlarında artan korrupsiya halları federasiyada sosial partlayışa zəmin yaradıb. Moskva Suriyanın Bəşər Əsəd rejiminin əsas dəstəkçisidir. Əsədə həm diplomatik, həm də hərbi dəstək verən Moskva 2011-ci ildən bu günədək BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı bütün qərarlarına veto qoyur. Kremlin bu mövqeyi Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istəyən Ərəb dövlətləri və ABŞ-ın maraqlarına uyğun deyil. BƏƏS rejiminə düşmən mövqeyində dayanmış İŞİD də Putinin qərarlarından narazıdır. Hətta, təşkilat lideri Bağdadi “Putinin hakmiyyətdən uzaqlaşdırılmasının və Qafqazın Rusiya işğalından azad edilməsi”nin vacibliyinə də diqqət çəkib. Rusiya kəşfiyyatı isə Çeçenistandan 1000-ə yaxın mücahidin İŞİD-ə qoşulduğunu bildirir.

Rusiyanın İŞİD əməliyyatları təkcə Suriya böhranı ilə əlaqədar deyil. Kremlin prioritet hədəfinin Əsəd rejimini qorumaq istəyi kimi görünsə də, ən əhəmiyyətli hədəfi Qərblə arasında davam edən taktiki oyunu lehinə bitirməkdir. Moskva Suriya məsələsindən istifadə edərək, ABŞ və Aİ-ni Ukraynada mövqe dəyişdirməyə də məcbur etmək haqqında düşünə bilər. Buna görə, siyasi analitiklər Suriya və Ukrayna böhranlarını Rusiya baxımından Qərblə geosiyasi arenada mövqelərini tənzimləyən faktorlar kimi qiymətləndirirlər. Məhz buna görə də Putin Suriya müharibəsi ilə Ukraynadakı qarşıdurma arasında birbaşa əlaqə yaratmağa çalışır. Əlbəttə, Vaşinqton Moskvanın İŞİD əməliyyatlarından hansı niyyəti güddüyünü görür və bu səbəbdən Rusiyanın başını özünə qatacaq planların işə salınmasına maraq göstərir. Məsələn, İŞİD-i idarə edən güclər proseslərin çıxılmaz dalana doğru inkişaf etdiyini nəzərə alaraq, təşkilatın Orta Asiyadan sonra Şimali Qafqazda fəallaşmasını gündəmə gətiriblər. Son 1 ayda Rusiya Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Bürosunun Dağıstan və Çeçenistanda təhlükəsizlik tədbirlərini gücləndirməsi federasiya üçün son dərəcə real dini və etnik qarşıdurmanın olmasının mesajıdır.

Əfqan





Həftənin ən çox oxunanları