Yuxarı

Əsədin Moskva səfərinin pərdəarxası

Əsədin Moskva səfərinin pərdəarxası

[caption id="attachment_385" align="alignleft" width="260"]Elxan Şahinoğlu Elxan Şahinoğlu: “Putinin əsas məqsədi Krımın işğalını ABŞ-a həzm etdirməkdir”[/caption]

Suriya prezidenti Bəşər Əsədin gözlənilmədən Rusiyaya səfəri dünya gündəmində daha bir şok effekti yaradıb. Bəzi düşüncələrə görə, Rusiya tərəfindən təşkil olunan bu səfər Əsədin artıq blokadadan çıxdığı görüntüsü yaratmağa hesablanıb. Amma eyni zamanda bu addım dünyada birmənalı qarşılanmayıb və çoxsaylı versiyalar irəli sürülüb. Qeyd edək ki, bu Əsədin 2011-ci ildən bəri Suriyada vətəndaş müharibəsi başlayandan bəri xarici ölkəyə ilk səfəridir. Səfəri çərçivəsində Əsəd Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Əsəd qeyd edib ki, Rusiyanın münaqişədə iştirakı terrorçuluğun yayılaraq daha təhlükəli olmasının qarşısını alıb. Putin isə bildirib ki, Suriya xalqı beynəlxalq terrorçuluğa qarşı mübarizədə bir neçə ildir demək olar ki, tək qalmışdı.

Gözlənildiyi kimi, Putin və Əsəd görüşündə Suriya böhranından çıxış yolları, hərbi əməliyyatların bundan sonrakı gedişatı müzakirə olunub. Diqqət çəkən bir məqam Suriyadan böyük bir kürd heyətinin bu görüşdə iştirakı olub. Politoloqlar Putin və Əsədin müzakirələr əsnasında kürdlərə muxtariyyət sözü verdiklərini düşünürlər. Bunun qarşılığında isə “İŞİD”lə savaşmaları üçün kürd birliklərinin silahlandırılması barədə razılıq əldə edilib. Bütün bunlar isə ilk növbədə, Türkiyənin bölgədəki maraqlarıyla üst-üstə düşmür.

Qeyd edək ki, görüşdə diqqət çəkən məqamlar da var. Putinin “Suriyanın gələcəyini Suriya xalqı müəyyən edəcək”  kimi fikrinin Əsəd sonrası dövrlə bağlı olduğu bildirilir. Bu da Rusiyanın israrla Əsədin Suriya rəhbərliyində qalmasını və taktiki addımlarını məhz bunu, üzərində qurmadığını deməyə əsas verir. Rusiya yalnız öz maraqlarına oynayır. Bu prosesdə əgər Rusiyanın mənafelərinə uyğun olacaqsa, Əsəd qurban verilə bilər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib ki, Bəşər Əsədlə Vladimir Putinin görüşü Suriya böhranının siyasi həllinə doğru yönəlib. Onun sözlərinə görə, ABŞ-ın bu məsələdə mövqeyi təəssüf hissi doğurur. Ryabkov həmçinin Kremlin məhz ABŞ-ın ucbatından Yaxın Şərqdə yaranmış konfliktləri ən yüksək səviyyədə həll etməyə çalışdığını bildirib. Qeyd edək ki, bundan öncə ABŞ Rusiyanın Suriya prezidenti Bəşər Əsədi Moskvada qəbul etməsini tənqid edib. Ağ Evin nümayəndəsi Erik Şultsun bildirir ki, Moskva və Dəməşq arasındakı indiki münasibətlər Suriyada siyasi perspektivinin nizama salmasını təhlükə altına qoyur: “Biz hesab edirik ki, öz xalqına qarşı kimyəvi silah tətbiq edən bir prezidenti belə səmimi qarşılamanın nəticəsində Rusiyanın Suriyada siyasi keçidi təmin etmək durur”. Dövlət Departamentinin nümayəndəsi Con Kirbi isə deyib ki, Əsədin Rusiyaya səfəri onun üçün heç də gözlənilməz olmayıb: “Bəşər Əsədin Moskvaya gəlməsində təəccüblü heç nə yoxdur. Nəzərə alsaq ki, son vaxtlar Rusiya ilə Suriya yaxınlaşıb və Rusiya Bəşər Əsədi qorumaq üçün ona qarşı olan silahlıları qırır, odur ki, Əsəddə özünəinam da yaranıb”.

Avropa “yolverilməz” deyir

Fransa prezidenti Fransua Olland isə bildirib ki, Suriya prezidenti Bəşər Əsədə dəstək verilməyə yönəlik istənilən addım yolverilməzdir. Əsədin Moskvaya qəfil səfər edərək Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmasına toxunan Olland ümid elədiyini bildirib ki, bu danışıqlar Suriyada keçid siyasi proseslərin yaxınlaşmasını sürətləndirəcək. “Mən istərdim inanam ki, prezident Putin Bəşər Əsədi siyasi keçidə bacardıqca tez başlamağın və öz postunu tərk eləməyin zəruriliyinə inandıra bilib. Güman edirəm ki, görüşün anlamı bu olub” - deyə qeyd edib Fransa prezidenti. Onun sözlərinə görə, əgər Rusiyanın Suriyadakı əməliyyatının hədəfi Bəşər Əsədi hakimiyyətdə saxlamaqdısa, o zaman Suriya məsələsi nizamlana bilməz. Almaniya kansleri Angela Merkel bəyan edib ki, Suriyadakı münaqişə siyasi yolla həll edilməlidir, lakin bu, tez bir zamanda mümkün deyil: “Suriya üçün siyasi həll yolu tapılmalıdır, lakin hazırda bunun yaxın zamanlarda baş tutacağı gözlənilmir. Bəllidir ki, Bəşər Əsəd kimi adamın siyasi gələcəyi yoxdur”.

Türkiyədən sərt təpki

esed-putinMəlumdur ki, Əsədin getməsini istəyən və ona verilən hər cür dəstəyə qarşı olan dövlətlərin öndə gələnlərdən biri də rəsmi Ankaradır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında “müttəfiqinizin düşməni ilə əməkdaşlıq etməyin”,- deyə bildirib. Bir saata yaxın davam edən telefon danışığı Putinin təşəbbüsü ilə baş tutub. Yayılan məlumatlara görə, Putin Suriya prezidenti Bəşər Əsədlə təcili görüşü barədə Ərdoğanı məlumatlandırıb: "Əsəd ölkəsinin gələcəyini düşünür. O, keçid hökumətinin qurulmasına hazır olduğunu dedi". Ərdoğan isə öz növbəsində Əsədə inanmadığını bildirib: "Uzun müddətdir ki, bunu müzakirə edirik. Sizə dəfələrlə Əsədə inanmadığımızı demişik. Əsəd bununla vaxt qazanmaq istəyir. 2012-ci ildə Əsədə keçid hökumətinin qurulmasını təklif etmişdik. Amma o zaman da bunu rədd etmişdi". Telefon danışığı zamanı Ərdoğan Suriyadakı Demokratik Birlik Partiyası (PYD) ilə bağlı Putini xəbərdar edib: "Biz PYD-ni terror təşkilatı kimi qəbul edirik. Onlarla əməkdaşlıq etsəniz, müttəfiqinizin düşməni ilə əməkdaşlıq etmiş olursuz. Bu məsələdən çox narahatıq". Türkiyənin baş naziri Əhməd Davudoğlu isə deyib ki, Putinin Moskvada Bəşər Əsədlə görüşməsi ilə Rusiya bu rejimə verdiyi dəstəyi açıq şəkildə ortaya qoydu: “Bəşər Əsəd Moskvada uzun müddət qalsa, Suriya xalqı bir az rahat nəfəs alar. Hətta daimi olaraq Rusiyada qalsın və keçid prosesi belə başlasın”. Baş nazir bildirib ki, Suriyada Əsədin getməsini təmin edəcək bir keçid olmalıdır: “Xalqın üzərinə bu dərəcədə basqı tətbiq etmiş rəhbərliyin artıq təkrar qanunilik qazanması mümkün olmadığına görə, Suriya xalqının bütün təbəqələrinin razı qalacağı bir keçid prosesi başlamalıdır. Bu vəziyyətdə hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Amma bütün diplomatik müzakirələri davam etdiririk”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Rusiya prezidenti Vladimir Putin Suriyanın dövlət başçısı Bəşər Əsədi qəfil Moskvaya çağırdı. O da qaça-qaça getdi. Başqa çarəsi yoxdur”.- deyə məsələni şərh edib: “Rusiya Əsəd rejiminin dəstəkçisinə çevrilib. İranın Rusiya qədər elə güclü hərbi texnikası və raketləri yoxdur ki, İŞİD terrorçularının mövqelərini bombalasın. İran azsaylı canlı qüvvə ilə Əsəd ordusuna kömək edə, bir də bu işə "Hizbullah" təşkilatını qoşa bilər. Əlbəttə, Putin hələ ki, Suriyanı və Əsədi itirmək istəmir və bu ölkədəki terrorçuları Şimali Qafqaza geri qayıtmadan uzaq məsafədən məhv etmək istəyir. Ancaq məncə, Putin Suriya məsələsində həqiqətən beynəlxalq aləm, ən əsası isə çox tənqid etdiyi Vaşinqtonla əməkdaşlığa can atır. Bu məqsədlə Putin Vaşinqtonun "Əsəd müvəqqəti prezident olsun" təklifini də qəbul etməyə hazırdır. Bəs bütün bunları Putin niyə edir? Məncə Putinin əsas məqsədi Suriya məsələsində Vaşinqtonla əməkdaşlıq fonunda Krımın işğalını ABŞ-a həzm etdirməkdir. Putin bunu bacararsa, Suriyadan bir müddət sonra imtina edə də bilər. Onsuz da bütün hallarda Putin anlayır ki, Əsəd keçmiş Suriyanı geri qaytara bilməyəcək. Buna nə ABŞ, nə Səudiyyə Ərəbistanı, Qətər və nə də Türkiyə imkan verər”.

Cavad





Həftənin ən çox oxunanları