Yuxarı

Dünya yenidən bölüşdürülür

Dünya yenidən bölüşdürülür

Rus abs

Rusiya və ABŞ-ın gizli planı var

“Əsəd və Putinin Moskva görüşü Suriya böhranının diplomatik yolla həlli üçün yeni şans yaradıb”. Rusiyalı politoloq Dmitri Trenin belə bir iddia ilə çıxış edib. Trenin görüşdən sonra Rusiyanın Əsədlə bağlı yeni plan hazırlayacağını bildirib: “Putin Suriyada əbədi qalmaq niyyətində deyil. Onun üçün hazırda təkcə qalib kimi yox, həm də sülh tərəfdarı olan lider kimi görünmək vacibdir. O yaxşı anlayır ki, gələcəkdə Əsəd ya hakimiyyətdən gedəcək, ya da ki, Suriyanın bölüşdürülməsinə razı olacaq. Suriya bir daha 2011-ci ildən əvvəlki halına dönməyəcək”.

Treninin iddialarından ortaya çıxan məntiq budur ki, ABŞ əzəli rəqibi Rusiya ilə birlikdə Suriyanın bölüşdürülməsinə razı olacaq. Bunu isbat edən detallardan biri, Putinin etdiyi son çıxışıdır. Kreml başçısı çıxışında Rusiya ordusunun İŞİD-in İraqdakı mövqelərinə qarşı hərbi əməliyyatlar keçirməyəcəyini açıqlayıb. Bu isə o deməkdir ki, Rusiyanın İŞİD-in Suriya mövqelərini vurmaqda əsas hədəfi ABŞ-ın Suriyadan Uzaq Şərqə açılan yolunu bağlamaqdır.

Əsədin Moskva səfərindən əvvəl rəsmi Vaşinqton və Moskva arasında imzalanmış Suriya anlaşması da bu ölkənin bölüşdürülməsinin rəsmiləşdirilməsi kimi qəbul edilə bilər. Məlum olduğu kimi, oktyabrın 20-də ABŞ Pentaqonu ilə Rusiya Müdafiə Nazirliyi arasında, Hərbi Hava Qüvvələri arasında “Təhlükəsiz məsafə”yə dair razılaşma imzalandı. Pentaqon Rusiyanın istəyi ilə anlaşmanın şərtlərini gizli saxladı.  Qərb ölkələri və Suriya Azadlıq Ordusu rus təyyarələrinin İŞİD yox, Əsədə qarşı olan qüvvələrin mövqelərini vurduğunu iddia edirlər. Rusiya isə iddiaları rədd edir. Moskva hava hücumlarına Suriya prezidenti Bəşər Əsədin tələbləri əsasında həyata keçirdiyini bildirir. Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov da Pentaqonla əldə edilmiş anlaşmanın ABŞ və Rusiya təyyarələrinin manevr imkanlarını müəyyən qədər məhdudlaşdırdığını bildirib. Antonov müqavilə barədə əlavə məlumat verməsə də, razılaşmanın Suriyanın bölüşdürülməsinə dair olduğu aydındır. Məhz müqavilənin imzalanmasının səhəri günü - oktyabrın 21-də Əsədin Moskvaya gözlənilməz səfəri də təsadüfi deyil. Çox güman ki, Putin Moskvada Əsədə anlaşmanın şərtləri barədə məlumat verib. Həmin müqavilə əsasında yaxın gələcəkdə Əsəd rejimi və Suriya Azadlıq Ordusu arasında atəşkəs haqqında anlaşma əldə edilə bilər. Bu vəziyyətdə Rusiya və ABŞ Suriyada möhkəmləndiyi mövqelərində qalacaqlar və bu hadisə Suriyanı iki yerə - “Amerika Suriyası” və “Rusiya Suriyası”na böləcək. Bundan sonra İŞİD-in ortadan götürülməsi üçün Rusiya və ABŞ ordusu öz bölgələrində İŞİD-in mövqelərinə qarşı hərbi əməliyyatları gücləndirəcəklər.

Suriyanın ABŞ və Rusiya arasında bölüşdürülməsini dünyada müvəqqəti sülhün təminatı kimi də başa düşmək olar. Məsələn, İŞİD aradan götürüləndən sonra tərəflər arasında Suriyanın gələcək müqəddaratına dair diplomatik danışıqlar başlaya bilər. Təbii ki, prosesin bu mərhələsində Vaşinqton və Moskvanın tezliklə nəticə əldə edəcəkləri inandırıcı deyil. Rusiya burada “Ukrayna kartı”nı da aça bilər ki, bu da tərəflər arasında fikir ayrılığını dərinləşdirəcək. Çox güman ki, ilkin olaraq, əlaqələrdə sabitliyin yaranması üçün Ağ Ev Kremlin tərəflərin Ukraynada tutduğu mövqelərində qalması şərtinə razılıq verəcək. Beləliklə də, Ukrayna da Suriya məsələsi kimi əsas müzakirə predmetinə çevriləcək. Rusiya və ABŞ-ın Ukrayna və Suriyanın bölüşdürülməsinə dair gizli anlaşmanın əldə edilməsinin səbəbi proseslərin öz çərçivəsini aşaraq, ölkələr arasında qaynar müharibənin başlaması riskinin artmasından qaynaqlanır. Bir ay əvvəl Pentaqonun Rusiyaya qarşı müharibə planını müzakirəyə çıxarması təhlükənin hansı həddə olmasını sübut edir. Putin də buna cavab olaraq, Ağ Evə Avropanın Rusiyanın “İskəndər M” raketləri ilə çəpərləndiyini xatırlatdı. Ukraynanın Suriya prosesləri ilə əlaqələndirilməsi təsadüfi deyil. Çünki Suriyaya sahib olan tərəf böyük ölçüdə Avrasiyaya nəzarəti ələ alacaq. Məsələn, ABŞ-ın Orta Asiya, Mərkəzi Asiya və Çin ətrafında 200-dən çox məntəqədə hərbi bazası var. Amerikanın regiona nəzarətdə zəif olduğu əsas region məhz Yaxın Şərqdir. Suriyaya qədər bütün ölkələrdə varlığını təmin etmiş ABŞ Suriyanı ələ keçirəcəyi halda İran, Çin, Orta Asiya və Mərkəzi Asiyanı təsiri altına alacaqdı. Bu isə, Rusiyanı həmin bölgələrdəki mövqelərini itirmək təhlükəsi ilə üz-üzə qoyacaqdı. Beləliklə də, ABŞ və Rusiya Suriyanın önəmini nəzərə alaraq, məsələnin həlli yolunu diplomatik masa arxasında axtarmağa çalışacaq.

Əfqan





Həftənin ən çox oxunanları