Yuxarı

“Suriya Əsəddən sonrakı dövrə hazırlaşır”

“Suriya Əsəddən sonrakı dövrə hazırlaşır”

[caption id="attachment_385" align="alignleft" width="260"] Elxan Şahinoğlu: “Diktator başqa ölkəyə qaçmağa məcbur olacaq”[/caption] Oktyabrın 20-də ABŞ və Rusiya Müdafiə nazirlikləri arasında “Suriyada Silahlı Qüvvələr arasında Təhlükəsiz Məsafə” adlı anlaşma imzalandı. Pentaqon rəsmi Moskvanın xahişi ilə anlaşmanın şərtlərini açıqlamadı. Lakin, oktyabrın 21-də Suriya prezidenti Bəşər Əsədin Moskvaya gözlənilməz səfəri və oktyabrın 28-də ABŞ ordusunun Suriyada quru əməliyyatlarına başlamaq barədə qərar verməsi anlaşmanın şərtlərini müəyyən qədər açdı.

Belə ki, Pentaqonun rəhbəri Eşton Karter ABŞ ordusunun Suriya və İraqda hava zərbələri ilə yanaşı, quru əməliyyatları da həyata keçirəcəyini bildirib. ABŞ rəhbərliyi bundan əvvəl də Suriya və İraqda hava əməliyyatları keçirəcəklərini və yerüstü əməliyyatlar aparmayacaqlarını bəyan etmişdi. ABŞ-la yanaşı Rusiya da sentyabr ayının 30-dan Suriyada hava əməliyyatları keçirir. Rusiya rəhbərliyi isə Suriyada hava əməliyyatlarına başlayanda bu ölkədə quru əməliyyatlarının keçirilməyəcəyini bildirmişdi. ABŞ-ın quru əməliyyatlara başlama qərarı almasından sonra Rusiyanın atacağı addım da maraqla gözlənilir. Mütəxəssislər bu qərarın tərəflər arasında qarşıdurmaya səbəb olacağını bildirsələr də, məsələ bu deyil. Belə ki, iddialara görə, Rusiya və ABŞ ordusu quru və hava əməliyyatları ilə İŞİD-i məhv etdikdən sonra Suriyanın gələcək müqəddaratına dair siyasi dialoq başladılacaq.

“Obama quru əməliyyatları üçün “yaşıl işıq” yandırmayacaq”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Suriya və İraqdakı hava əməliyyatları ilə İŞİD-ə qalib gəlmək mümkün olmayacaq. E. Şahinoğlunun sözlərinə görə, Rusiya, Türkiyə və ABŞ-ın İŞİD-ə qarşı əməliyyatları hələlik nəticə vermir: “Bütün hallarda quru əməliyyatlarına başlanılmalıdır. Suriya ordusu İŞİD-ə qarşı uzun müddətdir quru əməliyyatları həyata keçirir, amma nəticədən danışmaq hələ tezdir. İnanmıram ki, ABŞ ordusu geniş quru əməliyyatlarına start verəcək. Sadəcə, əvvəlcə bunun üçün bölgəyə hərbi mütəxəssislərini yerləşdirəcək və mütəxəssislərdən istifadə edəcək ki, İŞİD-ə qarşı döyüşən müəyyən qruplara təlimlər keçsin. Amma inanmıram ki, Barak Obama Amerika ordusuna Suriyada geniş quru əməliyyatları üçün “yaşıl işıq” yandırsın. Sadəcə Obama başa düşür ki, təhlükə getdikcə böyüyür və bunun qarşısını almaq lazımdır. Bombardmanla yanaşı, hərbi mütəxəssislərini İraq və Suriyada yerləşdirəcək ki, İŞİD-lə mübarizədə nəticə əldə etmək mümkün olsun”.

- Misir, Tunis, Liviya və İraq müharibələrindən fərqli olaraq, Suriyada Əsəd rejiminə qarşı başlamış proseslər uzun vaxt apardı.

- Suriya müharibəsinin uzanmasının başlıca səbəbi, Əsədə İran, Rusiya və “Hizbullah”ın dəstək verməsidir. Üç qüvvənin dəstəyi olmasaydı, Əsəd rejimi Yaxın Şərqin digər diktatorları kimi çökərdi. Amma bu üç qüvvədən texniki, siyasi və hərbi dəstək aldığı üçün Əsəd rəqiblərinə qarşı müqavimət göstərə bilir. Amma Suriyaya nəzarətin 50%-dən çoxunu itirib. Proseslər Suriyanı Əsəddən sonrakı dövrə hazırlayır, Bəşər Əsədin özü də bunu anlayır. Moskvadakı görüşlərdən də bu nəticə ortaya çıxdı. Əsəd başa düşür ki, gələcəkdə hakimiyyətini qorumaq çətin olacaq, iqtidar hansısa bir qüvvəyə verilməlidir və terror Suriyanı dağıda bilər. Bütün qüvvələrin başlıca məqsədi Suriyada terrorun kökünü kəsməkdir. Siyasi dialoq başlasa, Əsəd hakimiyyətdə qala bilməyəcək, başqa ölkəyə qaçmağa məcbur olacaq.

- “Suriyaya sahib olan, Avrasiyaya nəzarəti ələ keçirəcək” - fikrilə razısınız?

- Suriya Avrasiyanın əsas nöqtələrinə nəzarəti ələ keçirmək siyasətinin əsas həlqələrindən biridir. Demək olmaz ki, Suriya materikin mərkəzidir və Suriyanı kim ələ keçirsə, bu areala nəzarətə sahib olacaq. Bu siyasətdə İraqın, Suriyanın və Əfqanıstanın öz önəmləri var. Bütün bunlar əhəmiyyətli ölkələrdir. Həmin dövlətlərdə terror xaosu hökm sürür və terrorla mübarizə müharibəsi gedir. Avrasiyaya tam hakim olmaq üçün bu ölkələrdə sabitlik yaratmaq lazımdır. Bu ölkələrdə terror aktlarının sayının çoxalması da dünya üçün təhlükədir. Təkcə Suriya yox, Liviya və digər ölkələrdə də ciddi problemlər var. Tədricən bu problemlərin həllinə nail olmaz lazımdır ki, Avrasiyada nisbi sakitlik yaransın. Təkcə Suriyada sabitlik yaransa və digər ölkələrdə problemlər həll edilməmiş qalsa, bu, yenə də Avrasiyaya təhlükə yaradacaq. Yəni, təkcə Suriya ilə məsələ bitmir.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları