Yuxarı

“Rusiya Ermənistana təzyiq edir”

“Rusiya Ermənistana təzyiq edir”

[caption id="attachment_2448" align="alignleft" width="320"]Rasim Agayev Rasim Ağayev: “Qərb narahatdır ki, Rusiya Qarabağa da qayıtsın”[/caption]

2015-ci ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşünün keçirilməsi gözlənilir. Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin ötən həftə Bakıya və İrəvana səfərləri zamanı razılıq əldə olunub. Xatırladaq ki, prezident İlham Əliyevlə Serj Sarkisyan arasında sonuncu görüş Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə 2014-cü ilin oktyabr ayında Parisdə keçirilib.

Bu danışıqlardan ötən müddətdə isə nəinki problemin həlli istiqamətində irəliləyiş əldə olunmayıb, hətta Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyət xeyli gərginləşib. Son aylar atəşkəsin pozulması isə bəzən ağır artilleriya, zirehli texnika və aviasiyadan istifadə edilməklə hərbi əməliyyatlar formasına  keçməsi ilə müşahidə olunur. Cəbhə boyu ağır döyüşlər baş verir, münaqişənin həllinə dair konkret təkliflərin olması barədə məlumatlar isə yoxdur. Məhz bu səbəbdən də rəsmi Bakı görüş xatirinə görüş keçirmək niyyətində olmadığını bəyan edib. Azərbaycan yalnız müsbət nəticə əldə olunacağına ümid  yaranacağı təqdirdə dövlət başçıları arasında  danışıqların baş tutmasını zəruri hesab edib. Bu baxımdan, həmsədrlərin sonuncu səfəri zamanı prezidentlərin görüşünə dair razılığın əldə edilməsi tərəflərin nəyin müzakirəyə çıxarılacağına dair sualın ortaya çıxmasına səbəb olub. Dağlıq Qarabağ probleminin həllinə dair yeni təkliflər barədə məlumat hələ ki, yoxdur. Əgər belə bir təklif olsaydı, bu az da olsa, mediaya sızardı. Əks təqdirdə,  məxfiliyin kifayət qədər saxlanılması ehtimalını söyləmək olar. Serj Sarkisyanın bu məsələdə hər hansı siyasi güzəştə getməsi isə Ermənistan hakimiyyətinə qarşı  kütləvi narazılığın artdığı indiki məqamda real görünmür. Ermənistan Rusiyanın son vaxtlar Yaxın və Orta Şərqdə, o cümlədən Cənubi Qafqazda hərbi-siyasi mövqelərinin möhkəmlənməsindən istifadə edib Dağlıq Qarabağ məsələsində kompromisdən yayınması üçün əlverişli şərait yaradır. Status-kvonun dəyişməz olaraq qalmasına rəğmən cəbhə xəttində döyüşlərin intensivləşməsi regionda maraqları olan vasitəçi gücləri çox güman ki, qane etmir. İkincisi, Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda hərbi fəallıq nümayiş etdirməsi ABŞ-ı və Avropanı narahat etməyə başlayıb. Ona görə də Qərb münaqişənin dərinləşməsi üçün yaranmış real təhlükələri aradan qaldırmaq üçün danışıqların bərpa olunmasına çalışır.

Politoloq Rasim Ağayevin sözlərinə görə, Ermənistanda siyasi vəziyyət gərgindir, Sarkisyanın hakimiyyəti təhlükə qarşısındadır. Azərbaycan da seçkilər ərəfəsindədir və burada da iqtidardan ictimai narazılıq var. Belə olan halda hansısa razılığa gələcəyi inandırıcı görünmür. Lakin ekspert hesab edir ki, prezidentlərin növbəti görüşü daha çox danışıqlar prosesinin bərpası məqsədi daşıyır: “Hər iki tərəf müəyyən beynəlxalq təzyiqlərə məruz qalır.

Qərb də Rusiyanın fəallığının artdığını görüb narahat olur və təşəbbüsü ələ almağa çalışır. Müxtəlif mənbələrdən mətbuata verilən məlumatlara görə, Rusiya son vaxtlar Ermənistana təzyiq göstərərək onun diqqətini bir məsələyə yönəldir. Belə ki, Ermənistan tərəfi köhnə arqumentlərlə çıxış edir. O arqumentlər Qorbaçov dövründə öz siyasi effektini vermişdi. 1980-ci illərin sonlarında 1990-cı illərin əvvəllərində deyirdilər ki, bu torpaqlar tarixən ermənilərin  olub və biz milli müstəqillik istəyirik. İndi bu tələblər köhnəlib və öz təsirini itirib. Əgər bütün xalqlar bu arqumentdən çıxış etsə, bütün dünyada xaos yaranar və müharibələr baş verər. Ona görə də Ermənistan yeni arqument tapa bilmir və mövqeləri çox zəifləyib. Bu səbəbdən də özünü kompromiss tərəfdarı kimi göstərir. Digər tərəfdən Ermənistanda daxili vəziyyət gərgindir. Hansısa ciddi hərəkət hakimiyyətdəki qüvvələrin mövqeyini laxlada bilər. Hesab edirəm ki, hazırda vəziyyət çox müəmmalıdır. Hər iki tərəf kompromisə hazır olduğunu bəyan edir, digər tərəfdən isə sərhəddə döyüşlər gedir”.

Rasim Ağayevin fikrincə, münaqişənin həlli ilə bağlı yeni təkliflər verilə bilər. Ancaq başlıca problem təkliflərlə bağlı deyil, tərəflərin kompromisə hazır olması ilə əlaqədardır: “Azərbaycan tərəfi kompromisə kifayət qədər gedib. Başlanğıcdan Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə hazır olduğunu bəyan edib. 1994-cü ildən bəri Azərbaycan atəşkəs sazişi imzalayıb gözləyir ki, beynəlxalq ğüclər bu problemi nə vaxt həll edəcək.  Hər hansı təklif və ya təşəbbüs olarsa çox güman ki, Rusiya tərəfindən irəli sürüləcək”.

Politoloq onu da vurğuladı ki, görüşün nəticələri danışıqların keçiriləcəyi yerdən, şəraitindən də çox asılıdır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları