Yuxarı

Rusiya Qarabağa qoşun yeridə bilər

Rusiya Qarabağa qoşun yeridə bilər

rusiya ordusuKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağa  qoşun yeritməyə hazırlaşır. Ermənistanda nəşr olunan “Haykakan Jamanak” qəzeti belə bir iddia ilə çıxış edib. Qəzetin verdiyi məlumata görə, KTMT baş katibinin müavini Valeri Semerikov bildirib ki, qurum yalnız üzv ölkələrin ərazisində deyil, kənarda da, o cümlədən Qarabağda da sülhməramlı missiya gerçəkləşdirə bilər.

“Azərbaycanın KTMT-yə ehtiyacı yoxdur”

Millət vəkili Zahid Oruc “Cümhuriyət” qəzetinə açıqlamasında bildirdi ki, KTMT yetkilisi V.Semerikovun bu bəyanatı tamamilə qanunsuz, heç bir beynəlxalq hüquqa dayanmır. Z.Orucun sözlərinə görə, KTMT rəhbərliyində təmsil olunan şəxslər keçmişdə kəşfiyyat sisteminə bağlı olublar: “Yəqin ki, onlar bu gün də xidmət sferası ilə əlaqəli çalışırlar. Nikolay Bordyujanın keçmişi onu deməyə əsas verir ki, onlar hansısa mövqe ortaya qoyarkən, bunun müəyyən prosedurlara uyğun olmasını gözləməlidirlər. Düşünmürəm ki, bu KTMT ölkələrinin hər birinin verdiyi qərardır. İnanmıram ki, hansısa bir ölkə, məsələn, Qazaxıstan, yaxud başqa bir dövlət hərbi qüvvələrini Dağlıq Qarabağa göndərər. Hər halda təşkilat adına çıxış edən rəsmilər indiyədək ehtiyatlı mövqelər sərgiləməyə çalışıblar. Fərqindədirlər ki, bu cür bəyanatlar kəskin reaksiyalar doğurur. Azərbaycan haqlı olaraq deyir ki, Dağlıq Qarabağ Ermənistan ərazisi deyil və KTMT öz məkanına daxil olan ərazilərdə hərəkət etməlidir. Deyə bilərlər ki, NATO Balkanlara müdaxilə edəndə həmin ölkələr NATO üzvü deyildilər. Bunun cavabı odur ki, tərəflərin özləri bunun üçün NATO-ya müraciət etmişdilər. İndiki halda isə Azərbaycan KTMT qüvvələrinə ehtiyac duysaydı, həmin təşkilatın sıralarına daxil olardı”.

“Bu, Ermənistanın manipuliyativ mövqeyidir”

Zahid Oruc qeyd edib ki, Azərbaycan indiyədək Rusiyanın heç bir hərbi ittifaqında iştirak etməyib. Millət vəkilinin sözlərinə görə, bu həm Ermənistanın orada iştirakı ilə bağlı idisə, eyni zamanda bu, bizim təhlükəsizlik planlarımızla əlaqəli idi: “Azərbaycan uzun illər NATO ilə yaxşı əməkdaşlıq etdi. Lakin nə yazıqlar ki, bəzi Qərb dairələri öz müttəfiqlərini meydanda tək qoydular. Yaxud siyasi cəhətdən sövdələşmələrə gedib onları satdılar. Ukrayna və Gürcüstanın ciddi aksiyalara, toqquşmalara meydan olmaları buna sübutdur. KTMT-nin hansısa bir adla, hansısa bir şəkildə Dağlıq Qarabağa daxil olmasına, bu münaqişəyə müdaxilə etməsinə əsası yoxdur. Məsələn, Azərbaycan Qazax və Gədəbəydən, yaxud Tovuzdan Ermənistanın daxilinə qoşun yeridərsə, bu halda münaqişə genişlənərsə, həmin müqavilə prinsiplərinə görə, KTMT Ermənistana yardım etmək istəyər. Ancaq indiki halda Azərbaycanın öz ərazi məkanında hərbi addımlarının həmin quruma nə aidiyyatı var? Qarabağ nə vaxtdan həmin birliyin coğrafi hissəsi olub? Yaxud strateji mənada öhdəlik götürüb ki, Cənubi Qafqazla bağlı sülh planları KTMT-nin inhisarında olmalıdır? Düşünürəm ki, bu Ermənistanın manipuliyativ mövqeyidir və hesab edir ki, bununla Azərbaycanın Rusiya ilə münasibətlərini korlayacaq, KTMT-yə daxil olan ölkələrlə əlaqələrini kəsəcək. Ona görə də, bu tip məsələni daim gündəmdə saxlayır”.

“Ermənistan mediası Rusiyanın dilində danışıb”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan KTMT-nin üzvü deyil, bu baxımdan da qurum hansısa formada belə bir addım ata bilməz. E.Mirzəbəylinin sözlərinə görə, bu barədə nə danışıqlar prosesində razılıq əldə olunub, nə də indiki şəraitdə bunun müzakirələri aparılır: “Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunan məsələdir. Ümumiyyətlə, bölgəyə sülhməramlı qoşunların yerləşdirilməsi məsələsi gündəmə gələrsə, bunun üçün müəyyən prosedurlar yerinə yetirilməlidir. Buna qədər Azərbaycanın tələbləri və şərtlərinə əməl olunmalıdır. Əvvəlcə Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir, qaçqın və məcburi köçkünlər öz ərazilərinə geri qayıtmalıdırlar. Bundan sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün müvafiq addımlar atılmalıdır. Şübhəsiz bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş verməlidir. Bu prosesdən sonra təhlükəsizliyin təmin edilməsi ilə bağlı bölgəyə BMT-nin müvafiq mandatı ilə sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündür. Azərbaycan ilk növbədə, buna razılıq verməlidir. Digər tərəfdən Minsk Qrupu həmsədrləri tərəfindən belə bir qərarın qəbul olnması yönündə müvafiq addımlar atılmalıdır. Buna görə də, Ermənistan mətbuatının yaydığı məlumatlar nəbz yoxlanışından başqa bir şey deyil. Bu, informasiya savaşının bir nüansı ola bilər. Digər tərəfdən bu, Rusiyanın da istəyi ola bilər ki, bunu Ermənistan mediası vasitəsilə dilə gətirir”.

“Özünə qarşı növbəti cəbhə açmaq Rusiyanın xeyrinə deyil”

Elçin Mirzəbəyli bildirib ki, Rusiyanın təkidi ilə KTMT-nin Dağlıq Qarabağa qoşun yeridəcəyi gözlənilən deyil. BAXCP yetkilisi hesab edir ki, bu addımı beynəlxalq səviyyədə Rusiyanın lehinə olmayacaq: “İndiki şəraitdə özünə qarşı növbəti cəbhə açmaq Rusiyanın xeyrinə deyil. Mövcud şərait Rusiyanın Dağlıq Qarabağa qoşun yeritməsinə imkan vermir. Rusiya görüntü xatirinə neytrallığını qoruyub-saxlamağa çalışır. Çünki digər münaqişələrdən fərqli olaraq, Rusiya bu məsələdə vasitəçilik missiyasını yerinə yetirir”.

Mənsur





Həftənin ən çox oxunanları