Yuxarı

ABŞ Türkiyəni qurban verir?

ABŞ Türkiyəni qurban verir?

“Belə çıxır ki, Rusiya ilə dünyanın yenidən bölüşdürülməsində razılaşıblar”

Rusiya-Türkiyə gərginliyi NATO kontekstindən çıxır. ABŞ faktiki olaraq, Türkiyənin müttəfiq və NATO üzvü olması məsələsini kənara qoyaraq, gərginliyi iki dövlət arasındakı siyasi böhran kimi dəyərləndirir. Vaşinqton Rusiya prezidenti Vladimir Putinin dekabrın 18-də keçirdiyi ənənəvi mətbuat konfransında Türkiyəyə dair səsləndirdiyi fikirlərə münasibətində də bunu ortaya qoydu. Ağ Evin mətbuat katibi Coşua Ernest hökumət adından Putinin Türkiyəni hədələməsinə yox, məhz ABŞ-ın adının keçdiyi açıqlamalarına reaksiya verdi. Ernest Rusiya ilə yanaşı, Türkiyəni də gərginliyi başa çatdırmağa çağırdı.

BASBAKAN RECEP TAYYIP ERDOGAN, ABD BASKANI BARACK OBAMA ILE BEYAZ SARAY'DA BIRARAYA GELDI. GORUSME SONRASI IKI LIDER  ORTAK BASIN TOPLANTISI DUZENLEDI. (ANADOLU AJANSI - CEM OZDEL) (20130516)

Suriyanı ələ keçirmək planı pozulan ABŞ faktiki olaraq, Türkiyəni yem kimi istifadə edir. Bununla Rusiyaya zərbə vurmağa çalışır. Rusiya, Çin, İran, İraq, “Hizbullah”, İŞİD və digər radikal qruplaşmaları içinə alan Suriya ABŞ üçün həlledilməz problemə çevrildi. Böhranı Rusiya-Türkiyə gərginliyi müstəvisinə keçirən ABŞ və NATO Yaxın Şərqdə dönüş nöqtəsi yaradılmağın hesabatını aparır. Bu kontekstdə Rusiya və Türkiyə arasındakı gərginlik müttəfiqlərə vaxt qazandırır. ABŞ və Avropa İttifaqından Türkiyəni Rusiyaya qarşı qızışdıracaq bəyanatların verilməsi də bundan qaynaqlanır. ABŞ Dövlət Katibi Con Kerrinin “Türkiyə sərhədlərini pozan rus təyyarəsini vurdu”. NATO-nun Baş katibi Yens Stoltenberqin “NATO sərhədlərini qorumaq üçün Türkiyəyə ordu göndərməyə hazırdır” mesajları - odun üzərində körüklə getmək demək idi. Rus təyyarəsinin vurulmasından sonra Stoltenberq və Kerrinin təkidi ilə Ankaranın məsələni NATO daxilinə daşıması, Rusiyanı aqressivləşdirdi. Moskvanın hadisənin baş verməsindən bu günədək dilə gətirdiyi məsələ də, Türkiyənin NATO-ya etdiyi müraciətlə bağlıdır. Bənzər hadisə 1914-cü ildə baş verib. Həmin ilin avqustun 11-də “Goeben” (“Yavuz”) və “Breslau” (“Midilli”) adlı iki alman zirehli gəmisi İngiltərənin təqibindən yaxa qurtarmaq üçün Osmanlıya (Çanaqqala boğazı) sığındılar. Osmanlının Hərbi naziri Ənvər Paşanın qərarı ilə gəmilərin Mərmərə dənizinə keçməsinə icazə verildi. Avqustun 16-da alman gəmiləri İstanbul sahillərinə gələrək, rəsmi qaydada Osmanlı təəbəəliyini qəbul etdiklərini bildirdilər. “Yavuz” və “Midilli” adı verilən gəmilərin alman heyətinə türk hərbi geyimi verildi və Osmanlı donanmasına qəbul edildi. Oktyabrın 27-də alman gəmiləri Qara dənizə buraxıldı və ayın 29-da  Rusiyanın Sevastopol, Odessa, Novorosiysk və Feodosiya limanlarını top atəşinə tutdular. Nəticədə Osmanlı imperiyası “ingilis tələsi”nə düşdü və I Dünya Müharibəsinin iştirakçısına çevrildi. Müharibənin son nəticəsində Osmanlı İmperiyası dağıldı. İndi həmin təhlükəli oyun Amerika tərəfindən Türkiyəyə qarşı oynanılır.

“ABŞ Türkiyənin maraqlarını qurban verdi”

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət”ə açıqlamasında, ABŞ-ın Türkiyənin maraqlarını Rusiyaya qurban verdiyini dedi. C.Nuruiyevin sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir vaxt ABŞ Rusiya ilə əlaqələrini yeni məcraya yönəltdi: “Putinin Kerri ilə Moskvadakı son görüşündən sonra Vaşinqtona növbəti görüş təyin edildi. Belə çıxır ki, bir xristian həmrəyliyi içərisində ABŞ və Rusiya dünyanın yenidən bölüşüdürülməsində razılaşır və birlikdə bu ssenarini həyata keçirirlər. Bəlkə də əvvəlcədən hazırlanmış ssenari idi ki, İslam və Türk dünyasının lideri olan bir dövləti irəliyə çıxmasının qarşısı alınsın. Çox təəssüf ki, bunu bacardılar. Həm Ərdoğanın xarici siyasətindəki yanlışıqlarının gündəmə gətirilməsi, həm də Türkiyə-İsrail münasibətlərindən yararlanan ABŞ Rusiya ilə yaxınlaşmaqla bir növ Türkiyəni öz maraqlarına qurban verdi. Ola bilər Ərdoğan hələlik bunu görmür. Nəzərə alsaq ki, Rusiya çox ciddi problemlərlə üz-üzə qalıb və daxildəki gərginliyi beynəlxalq müstəviyə keçirmək üçün Putin və rus mediası peşəkarcasına çalışır. İndiki şəraitdə ABŞ-ın birdən-birə Azərbaycana qarşı hücuma keçməsinin arxasında da bu dayanır. Bizim media qurumları məsələni səhv dəyərləndirirlər və bildirirlər ki, guya bu hücumların arxasında Azərbaycanın Rusiyaya yaxınlaşması dayanır. Bu, yanlışdır. Azərbaycan bu məsələdə Türkiyəni daha çox müdafiə etdiyinə görə, eyni zamanda Türkiyə ilə bağlı çox ağıllı qərarlar qəbul etdiyinə görə, ABŞ Azərbaycanı cəzalandırmaq məsələsini gündəmə gətirib. Əslində, demokratiya ABŞ-ın siyasi çömçəsidir, bundan istənilən dövləti qarışdırmaq üçün istifadə edir. Birdən-birə ABŞ öz çömçəsini Kris Smitin əlinə verdi. Smit də qatı ermənipərəst bir adamdır. Bütün bu faktorları nəzərdən qaçırmamalıyıq. Rusiyanın Türkiyə ilə bağlı gedişi uğrulu deyil. Bu mübarizədə heç-heçə də görmürəm”.

“Ərdoğan Rusiyanın qərarını yeni mövzuya çevirdi”

Politoloq Elxan Mehdiyev “Cümhuriyət”ə bildirdi ki, ABŞ Rusiya-Türkiyə gərginliyində Türkiyənin maraqlarını müdafiə edir. E.Mehdiyevin sözlərinə görə, ABŞ Prezidenti Barak Obama və NATO-nun baş katibi Yens Stoltenberq də Türkiyənin maraqlarını müdafiə edərək qeyd etdilər ki, Türkiyə sadəcə, sərhədlərini pozduğu üçün Rusiya təyyarəsini vurub. “NATO bu gərginlikdə Türkiyə ilə müttəfiq olduqlarını dəfələrlə elan edib. Düşünmürəm ki, ABŞ Türkiyəni əzəli rəqibi Rusiya ilə təkbətək qoyub: “Bu gərginlik Ərdoğanın yürütdüyü siyasətin nəticəsidir. Ruslar Suriyaya gələndən Ərdoğan bunu həzm edə bilmirdi. Moskvanın Ankara ilə müttəfiqlik səviyyəsində münasibətlər qurmasına baxmayaraq, Rusiya təyyarələri Suriyanı bombalayandan Ərdoğan aqressivləşdi. Ərdoğan Rusiyanın əməliyyatlarını siyasətində yeni mövzuya çevirdi. Nəticədə hadisələr arzuolunmaz məcraya yönəldi. Təyarrəni vurmamaq olardı, onu ya yerə endirmək, ya da başqa bir formada xəbərdarlıq etmək olardı”.

“Təyyarə sərhədi keçməmişdi”

Elxan Mehdiyev hesab edir ki, Türkiyənin müttəfiqləri Rusiya ilə gərginliyin dərinliyə getməsinə sevinmirlər, o cümlədən də ABŞ. Politoloqun sözlərinə görə, müəyyən bir dövrdə Türkiyədə bir Rusiya alüdəçiliyi yaranmışdı: “Zaman-zaman Türkiyənin NATO-dan çıxması, Avropa İttifaqına üzv olmaq istəklərindən əl çəkməsi kimi fikirlər də səsləndirilirdi, Rusiya ilə Türkiyənin iştirakıyla yeni birliklərin qurulması da gündəmə gətirilmişdi. Ərdoğanın Putinə “Bizi Şanxay Əməkdaşlıq Təşkilatına qəbul edin” kimi bir müraciəti də olmuşdu. Təsəvvür edin, Ankara Avropa İttifaqını kənara qoyaraq, ŞƏT-ə üzv olmaq haqqında düşünürdü. Çindən raketdən müdafiə sistemlərinin alınması müzakirə olunudu. Bu NATO daxilində kəskin reaksiya ilə qarşılandı. Belə dərin münasibətlərin kontekstində öz dostunun təyyarəsini vurub yerə salmaq, Rusiyanı özündən çıxardı.

Putin Türkiyə ilə münasibətlərdə çox səmimi olduğunu bildirmişdi. Lakin bunun müqabilində təyyarə sərhədi keçməyə-keçməyə vurdu. Təyyarənin vurulmasından sonra Türkiyənin məsələni NATO daxilinə daşıması və bununla başlayan proseslər sanki, bir nəfərin nəzarətində olan hadisələrdir. Bu nə türk, nə də rus millətin faydası olmayan və qısa müddətə bərpası sual doğuran geniş bir məsələdir. Proseslər bundan sonra necə olacaq, bu da sual altındadır”.

Mənsur





Həftənin ən çox oxunanları