Yuxarı

Fransız nəşrindən islama həqarət

Fransız nəşrindən islama həqarət

[caption id="attachment_3311" align="alignleft" width="290"]Haci Sahin Hacı Şahin Həsənli: “Bu münasibət müsəlmanlarda aqressiya doğurur”[/caption]

Quran terroru lənətləmiş, anarxiya çıxarmağı və fitnə-fəsad törətməyi ən dəhşətli hadisə adlandırmışdır. İslam hər bir terror, zülm və xəyanəti qadağan edir. Hər cür anarxist hərəkətə, pozuculuğa şiddətlə qarşı çıxır. İslamiyyət zərərə zərərlə qarşılıq verməz. İslam dini ədaləti bərqərar etmək, azğın nəfslərin zülm və istibdadını qırmaq, insan vicdanını orta yola gətirmək üçün Allah tərəfindən göndərilmişdir. Ona görə də İslam dini bu məsələyə çox həssas yanaşır.

Belə ki, Quran haqsız yerə bir kəsin canına qıymağı, qan tökməyi bütün bəşəriyyətə qarşı işlənmiş ən dəhşətli bir cinayət kimi xarakterizə edir. Son günlər islam aləmində baş verən hadisələrin baxış bucağına nəzər salsaq, heç də müqəddəs kitabda qeyd olunduğu kimi buna əməl edilmir. İslam dinini terrorla əlaqələndirənlər, müsəlmanları təhlükəli terrorçu kimi qələmə verirlər. Səudiyyə Ərəbistanında şiə din xadiminin edam olunması hadisəsinin ardınca qalmaqallarla məşhur fransız satirik jurnalı "Charlie Hebdo" yenidən müsəlman aləmini qarışdıracaq xüsusi nömrəsini buraxmağa hazırlaşır. Jurnal bu dəfə üz səhifəsində “Terrorçu Allah” karikaturasını nəşr edəcək. Ağ-qara şəkildə uzun ətəkli paltar geyinmiş ağsaçlı kişi təsvir edilib. Onun kürəyində “Kalaşnikov” avtomatı göstərilib, saqqalı, üst-başı isə qan ləkələrinə boyanıb. Şəkilaltı söz kimi isə bunlar yazılıb: “Bir il keçib amma qatil hələ azadlıqdadır”. Jurnal bu nömrəni redaksiyaya hücumun ildönümü münasibətilə hazırladığını bəyan edib. Məsələ ilə bağlı tanınmış ilahiyyatçı, dini ekspert Hacı Şahin Həsənli Cebhe.info-ya deyib ki, böyük dövlətlərin maraqları onu tələb edir ki, müsəlmanlar arasında təzyiq xarakterli ixtilaflar yaransın. Təəssüflər olsun ki, bu münaqişələrin arxasında siyasi maraqlar dayanır: “Bəzən də müsəlmanlar böyük hadisələrin iştirakçılarına çevrilirlər. Müsəlman dünyasına bu mənada vəhdəti lazımdır. Ən əsası isə məzhəblərarası münasibətlərdə anlaşma olmalıdır. Bu tipli görüşlər müsəlmanlar arasında təqdim olunmalıdır. Bütövlükdə islam dövlətlərində yaşayan insanlar həssas dönəmdə vəhdətə gəlməli və bütün müsəlmanları belə çağırışlara cəlb etməlidirlər”. Fransız satirik jurnalında “Terrorçu Allah” karikaturası məsələsinə gəlincə, ilahiyyatçı deyib ki, Avropada növbəti dəfə islamafobiyanın zərurətləri görünür. Bunu qətiyyən söz azadlığı ilə bağlamaq düzgün olmaz: “Soz azadlığı adı altında insanları tapdalamaq, onları təzyiqlərə məruz qoymaq qətiyyən söz azadlığı çərçivəsinə sığmır. Müsəlmanlar üçün müqəddəs olan Allahın, “Quran”ın təhqir olunması yolverilməzdir. İslama qarşı belə münasibət müsəlman aləminin özündə də aqressivlik doğurur və bunlar hansısa terror aktlarının yaranmasına gətirib çıxarır. Belə münasibətlərdə son dərəcə diqqətli olmaq lazımdır.

Müsəlmanların da bu məsələlərə etirazları olarsa, elmi və dünyəvi şəkildə təkliflər planını ortaya qoymalıdırlar. Müsəlmanların içində islama aid olmayan qruplaşmalar var. Hər halda onlar dünyada müsəlman kimi qəbul olunurlar və sonra da hansısa zorakı üsullarla cavab addımı atırlar. Nəticədə də islamın özünə zərər gəlmiş olur. Bəzən bu tipli karikaturalar islamafobiya dalğasının güclənməsinə gətirib çıxarır. Bu addımlar İslamı Avropa insanlarının gözündən salmağa xidmət edir. Ona görə də bütünlükdə müsəlman aləmi, dövlətləri bu məsələyə olduqca həssas yanaşmalıdırlar. Bu hadisələrə zorakılıqla cavab vermək isə yolverilməzdir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları