Yuxarı

Dünyəvi dövlət modelinə təhlükə

Dünyəvi dövlət modelinə təhlükə

95C6063F-909A-4CAD-AC1E-978E1B96C7D9_mw1024_s_nİran ayətullahının Bakı və Gəncəyə səfəri təhlükəli məqamlarla yadda qaldı. İranın tanınmış din xadimlərindən olan ayətullah Nuri Həmədaninin ölkəmizə səfəri, Bakıda və Gəncədə dindarlarla görüşməsi bir sıra narahatedici  məqamlarla yadda qaldı. İlk baxışda bu səfərdə qeyri-adi heç nə yoxdu və deyilə bilər ki, İran ayətullahı öz məzhəbdaşları ilə görüşə gəlib. Ancaq ayətullahla azərbaycanlı gənc dindarların görüşündə verilən mesajlar düşünməyə vadar edir. Ayətullahla görüşlərdə tələbələr son bir il ərzində Azərbaycanda 20-yə yaxın din aliminin, 100-ə yaxın islamçının şərlənərək zindana salındığı və Azərbaycan dövlətinin islamafobiya siyasəti olması ilə məlumatlar veriblər. Tələbələri dinləyəndən sonra Ayətullah Nuri Həmədani Azərbaycanda baş verən prosesləri tam izlədiyini və müsəlmanların “acı durumundan xəbərdar olduğunu” deyib. Ayətullah deyib ki,  “Azərbaycanda gedən islamafobiyaya, ədalətsizliyə, əxlaqsızlığa səbəb olan hallarla bağlı azərbaycanlı alimlər və ruhanilərin böyük vəzifələri vardır”. Daha sonra ayətullah  “Azərbaycan ruhanilərinin özlərini şəhadətə və cihada hazırlamalı, xalqı da bu yolda ayağa qaldırmalı olduğunu” deyib. İran İslam Respublikasının Azərbaycan Respublikasına münasibətini bilməsəydik, ayətullahın Quzey Azərbaycana səfəri və verdiyi mesajlarına əhəmiyyət verməmək olardı.  Qısaca onu xatırladaq ki, İranın hakim rejimi Azərbaycan Respublikasının varlığını, güclənməsini istəmir; Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə yaranmış Dağlıq Qarabağ münaqişəsinin uzanmasında maraqlıdır; İran Azərbaycandakı dünyəvi dövlət quruluşunu, təhsil sistemini qəbul etmir, islam inqilabını Azərbaycana ixrac etməyə çalışır. İran Azərbaycana düşmən münasibətini Ermənistana etdiyi hərbi və iqtisadi yardımlarla dəfələrlə isbat edib. Yüksək rütbəli İran həbçiləri dəfələrlə Azərbaycanı ilhaqla təhdid ediblər. İranın Azərbaycana münasibəti əvvəlki kimi qalır. Bəlkə mövcud dünya dəngələri olmasa, qonşuluqda qüdrətli türk dövləti yerləşməsə, İran rejimi Azərbaycan Respublikasının müstəqilliyinə  başqa müdaxiləllər haqqında düşünərdi. Ancaq molla rejimi olduqca hiyləgər taktika yürüdür. 20 ildir ki, boy göstərmədən tərəfdarlarının sayını artırır. 90-cı illərdə İranın dayağı təkcə bir kəndlə məhdudlaşırdısa, hazırda bu arealın böyüməsinə çalışırlar. O cümlədən də ölkənin müxtəlif regionlarında nüfuz dairəsi formalaşdırmaq istiqamətində düşünürlər. İran ayətullahı Quzeyə səfərinin elə öz cameələrinin durumunu öyrənmək, qüvvələri sərf-nəzər etmək məqsədilə reallaşdığını söyləyə bilərik. Yeri gəlmişkən, ayətullah Nuri Həmədaninin Azərbaycan və türk düşməni, irticaçı bir fars şovinisti olduğunu vurğulamaqda fayda var. İslam dininin müqəddəs ehkamlarını inkar edən bu bölücü rafizi “cənnətdə hamı farsca danışacaq” kəlamı ilə məşhurdur. İran ayətullahının səfəri bir neçə təhlükəli nüansla yadda qaldı:

  • Nuri Həmədaninin qarşılayan özəl kontingent boy göstərdi.
  • İran ayətullahı “xilaskar” kimi qəbul edildi.
  • Aşkar göründü ki, Quzey Azərbaycanda bir cameə cameə formalaşıb.
“İran Azərbaycandakı tolerantlıq mühitindən sui istifadəsi edir” artıq yumşaq ifadədir. İran əlverişli şəraitdən maksimum istifadə edib.  Quzey Azərbaycanda  həmədanilərin, sistanilərin fətvasını dinləyə bilən bir qüvvə yaranıb. Deməli, dünyəvi dövlət modelinə ciddi təhlükə yaranıb. Siyasi hakimiyyətin demokratik təsisatlara, müstəqil mediaya qarşı apardığı repressiyalar, Qərbyönümlü partiyaların faktiki olaraq çökdürülməsi də dini radikalların meydanını genişləndirən, şüurlarda  müxtəlif tipli islam ideyalarını tətikləyən faktorlardandır. Elman Cəfərli  





Həftənin ən çox oxunanları