Yuxarı

Qorxulu Yaxın Şərq planı

Qorxulu Yaxın Şərq planı

Elxan Şahinoğlu: “Yeni münaqişə ocaqları yaranacaq”

Sədrəddin Soltan: “İranın parçalanması da reallaşa bilər”

ABŞ prezidenti Barak Obama İran və Səudiyyə Ərəbistanı Yaxın Şərqi bərabər şəkildə bölüşdürməyə çağırıb. Ağ Ev rəhbəri Səudiyyə Ərəbistanına İranla "soyuq sülh” bağlamağı təklif edib:

“Səudiyyə Ərəbistanı regionu İranla “bölməyə” razılaşmalıdır. Bu iki ölkə regionu bölmək üçün effektiv bir üsul tapmalı, “soyuq sülh” kimi bir razılaşmaya nail olmalıdırlar. Əgər dostlarımıza desək ki, “Siz haqlısınız, İran bütün problemlərin mənbəyidir və biz sizi İranla bağlı məsələlərdə dəstəkləyirik”, bu, de-fakto o deməkdir ki, dini zəmində bütün münaqişələr davam edəcək”.

Qorxulu plan yenidən masada

Obamanın təklifindən çıxan məntiq budur ki, Ağ Ev rəfə qaldırdığı qorxulu planı yenidən masaya qoyur. İran və Səudiyyə Ərəbistanını Yaxın Şərqi böldüşdürməyə məcbur etmək Ağ Evin “Böyük Yaxın Şərq Layihəsi”nin tərkib hissəsidir. SSRİ dağıldıqdan sonra Amerika bu proyektin reallaşdırılmasına çalışır. Yaxın Şərqin 95%-nin müsəlmanlardan ibarət olmasını nəzərə alsaq, ABŞ-ın məqsədi bununla İslamın mərkəzi hesab olunan regionu ələ keçirməkdir. Bunun üçün “idarəolunan xaos nəzəriyyəsi”nə üstünlük verən ABŞ bölgədə və dünyada anarxiya mühitinin yaradılmasını planlaşdırır. Buna gedən yol da dünya dövlətlərinin sayını artırmaqdan keçir. Planın reallaşması yönündə İsrail - ABŞ - İngiltərə blokunun ən zəif həlqəsi məhz Yaxın Şərqdir. Çünki bu region üzərində ABŞ, Avropa İttifaqı, Çin və Rusiya arasında böyük bir rəqabət var. Görünən odur ki, ABŞ bölgənin iki gücü - İran və Səudiyyə Ərəbistanı arasındakı rəqabəti gücləndirməklə regionda xaos mühitini dərinləşdirib rəqiblərini meydandan kənarlaşdırmaq istəyir. Əgər blok bölgədə öz koloniyaları funksiyasını yerinə yetirən kiçik dövlətlər yarada bilsə, Yaxın Şərqi ələ keçirə biləcək. Bu məqsədlə ABŞ-ın “Beynəlxalq Əlaqələr Komitəsi” (CFR), Dövlət Departamenti, CIA kimi beyin mərkəzlərinin hazırladığı “Yeni Dünya Nizamnaməsi” strategiyası əsasında Yaxın Şərqin 5 dövləti 14 yeni dövlətə parçalanmalıdır. Parçalanması planlaşdırılan ölkələrə Suriya, İraq, Səudiyyə Ərəbistanı, Liviya və Yəmən daxildir.

Səudiyyə Ərəbistanı

Ən böyük parçalanma Səudiyyə Ərəbistanı üçün planlaşdırılır. ABŞ-ın beyin mərkəzlərinə görə, Səudiyyənin parçalanmasından 4 yeni dövlət yaratmaq mümkündür. Həmin strategiyaya əsasən, mövcud dövlət özünü yalnız ölkənin mərkəzi hissəsində qoruyacaq. Bildirilir ki, bu dövlət “Şimali Ərəbistan”, “Cənubi Ərəbistan”, “Şərqi Ərəbistan” və “Qərbi Ərəbistan” adlı ölkələrə parçalanacaq.

Suriya və İraq

Plan əsasında İraq və Suriya ərazilərində 3 yeni dövlət qurulmalıdır. Suriyanın Aralıq dənizi sahillərində “Ələvi Dövləti”, Şimali Suriya və Şimali İraqı birləşdirən “Kürdüstan dövləti” yaradılmalıdır.

Həmçinin Suriya və İraq ərazilərinin bir hissəsini əhatə edən “Sünni Ərəb Dövləti”, o cümlədən İraqın cənubunda “Şiə Dövləti” qurulmalıdır.

Yəmən

Parçalanma Yəməndən də yan keçməyəcək. Ölkə “Şimali Yəmən” və “Cənubi Yəmən” olmaqla iki yerə bölünəcək.

Liviya

Liviya da parçalanacaq. Qəbilələr arasındakı qarşıdurma nəticəsində ölkənin Şərqində “Sirənqaya”, Qərbində “Trəblus” və Cənub-qərbində “Fizə” adlı dövlətlərin qurulması planlaşdırılır.

“İraq və Suriya parçalana bilər”

Politoloq Elxan Şahinoğlu “Cümhuriyət”ə açıqlamasında bildirib ki, Obama müraciətində göstərdiyi ünvanlarda haqlıdır. E.Şahinoğlu hesab edir ki, Səudiyyə Ərəbistanı və İran arasındakı gərginlik məzhəb elementi daşıyır: “Bu, ölkələri daha böyük fəlakətlərə aparır. İki ölkə arasındakı münasibətlərin tənzimlənməsinə ehtiyac var. Bu, əslində, süni məzhəb qarşıdurmasıdır. Görünür ki, ABŞ da bölgədə və İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə sabitliyin yaranmasında maraqlıdır”.

Elxan Şahinoğlu qeyd edib ki, yeni dövlətlər İraq və Suriyada yarana bilər: “Faktiki olaraq, İraqın Şimalında bir Kürdüstan dövləti yaradılıb. Bu dövlətlə Bağdad arasında böyük məsafə var. Region muxtar qurum olsa da, özünü müstəqil dövlət kimi aparır. Bəşər Əsədin özü də çətin ki, bundan sonra ölkənin ərazi bütövlüyünü təmin edə bilsin. Təsadüf deyil ki, ABŞ və Səudiyyə Ərəbistanı Suriya haqqında “B” planından danışırlar. Atəşkəsdən sonra danışıqlarda nəticə olmasa, Suriya bir neçə yerə parçalana bilər. Bunun nəticəsində yeni dövlətlərin yaranması mümkündür. Bu, heç kəsin marağında deyil. Çünki yeni dövlətlərin yaranması yeni münaqişələrin meydana çıxması demək olacaq”.

“İranın parçalanması mümkündür”

Yaxın Şərq və İran üzrə ekspert Sədrəddin Soltan “Cümhuriyət”ə bildirib ki, İran və Səudiyyə Ərəbistanı arasında son hadisələrdən sonra gərginlik var. S.Soltan hesab edir ki, ABŞ bu gərginliyin azaldılmasına çalışır: “Səduiyyə də Amerikanın müttəfiqidir. Həmçinin İranla münasibətlərini yaxşılaşdırmağa çalışır. Nəticədə iki ölkə arasındakı gərgin münasibətlər ABŞ-ın bölgədəki maraqlarını təhdid edir. Səudiyyə ABŞ tərəfdədirsə, İran Rusiyanın tərəfindədir. Amma bu iki ölkə arasında barışıq olarsa, bu zaman ABŞ-ın regionda hərəkət etməsi daha asan olacaq. Bununla İranı Rusiyanın təsirindən çıxarıb bölgədə Qərbin maraqlarını təmin edən qrupa qatmaq olar. Nəticədə Obama bu iki dövlət arasındakı gərginliyin uzunmüddətli olmasını normal saymır”.

Sədrəddin Soltanın sözlərinə görə, ABŞ-ın bir neçə il əvvəl irəli sürdüyü “Böyük Yaxın Şərq Proyekti”nə əsasən, bölgədə yeni dövlətlərin yaradılması gözləniləndir: “Bu proses davam edir. Bunlardan biri İraqın Şimalındakı Kürd dövlətidir. Perspektivdə Səudiyyə Ərəbistanında da yeni dövlətlərin yaranması mümkündür. Sadəcə, ərəb dövlətlərində yeni dövlətlər etnik yox, məzhəb baxımından yarana bilər. Həmçinin İran da parçalana bilər. İranın da uzunmüddətli proseslər nəticəsində parçalanması mümkündür.

Əgər bu ölkədə milli haqlar təmin olunmazsa, yaxud Səudiyyədə krallıq əbədi olaraq qalarsa, bu dövlətlər də məzhəbi yöndən parçalana bilər. Yəni Yaxın Şərqdə yeni dövlətlərin yaranması ehtimalı yüksəkdir və proseslər də bu yöndə cərəyan edir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları