Yuxarı

Ermənilər Şuşaya qaçır

Ermənilər  Şuşaya qaçır

 

Rusiyalı jurnalist işğal altındakı Azərbaycan ərazilərində olub

Daha bir Rusiya KİV-i Azərbaycanın işğal altında olan torpaqları - Dağlıq Qarabağdan reportaj hazırlayıb. ANS PRESS-in məlumatına görə, Rusiyanın gazeta.ru saytının əməkdaşları reportajlarında son günlər cəbhə xəttində gərginliyin artmasından, Şuşa, Ağdam və Xankəndi şəhərlərində insanların həyat tərzindən yazıblar. Rusiyalı jurnalist Aleksandr Rıbin işğal altında olan Qarabağda, təmas xəttinin Ağdam istiqamətində yerləşən mövqelərdən birində olub.

Hərbiçilər bildiriblər ki, atışma olanda çobanları, kənd təsərrüfatı texnikasını və mal-qaranı cəbhə xəttindən təxliyyə edirlər. Müxbir işğal altında olan ərazilərdəki insanların həyat tərzi ilə də maraqlanıb. “Ətrafda geniş çöllərdir, əkin-səpin yoxdur. Ancaq yaxınlıqdakı kəndlərdən ermənilər ora heyvan otarmağa gəlirlər. Müharibə rəsmi olaraq 22 il əvvəl dayandırılsa da atəşkəs pozulur. Nəticədə hər iki tərəfdən hərbiçilər və dinc sakinlər  öldürülür”, - deyə müxbir yazıb.

O qeyd edib ki, təmas xəttindəki erməni mövqelərinə getmək üçün üç il əvvəl qazılan xəndək-yollarla hərəkət etmək lazımdır. Yoldan bir neçə kilometr aralıdan dərin səngərlərlə ancaq piyada getmək mümkündür.

Müxbir yazır ki, döyüşlər qızışandan bəri təmas xəttinə yaxın kəndlərdən ermənilər qaçıb Şuşaya yerləşir. Martın əvvəlindən Xocavənd rayonunun kəndlərindən Şuşaya qaçanlar var. Onlardan biri - Ani adlı erməni qadındır. O deyir ki, mərmilər evinə çox yaxın yerə düşdüyündən martın əvvəllərində Şuşaya yerləşib. Jurnalist daha sonra Aşot adlı bir mayorla söhbət edib. Aşot deyir ki, mövqeləri iki il əvvəldən başlayaraq betonla bərkidiblər. Çünki torpaq örtük minaatan zərbələrinə davam gətirmir.

Müharibə dayandırılıb, amma bitməyib...

“Yeməkxana da əvvəl açıqda idi, ancaq bağlamaq, betonlamaq lazım gəldi. Yeməkxananın damı ağır artilleriyanın ən azı bir zərbəsinə davam gətirə və döyüşçülərə öz mövqelərini tutmağa imkan verə bilər. Cəbhə xəttində təcrübəli əsgərlərlə yanaşı, gənclər də xidmət edirlər.  Səngərlərin  dibinə və divarlarına  dəmir-beton plitələr döşənib. Elə yerlər var ki, tərəfləri bir-birindən 200 m məsafə  ayırır. Həmin sahələr sıx formada minalanıb”, - deyə Aşot bildirib. Erməni hərbiçilər də deyirlər ki, müharibə dayandırılıb, amma bitməyib.

Daha sonra Aleksandr Rıbin Xankəndindən və Şuşadan danışır. O, Şuşanın “ruhlar şəhəri”nə çevrildiyini yazır. Bildirilir ki, müharibəyə qədər Şuşada 50 mindən çox insan yaşayırdı. Onların əksəriyyəti azərbaycanlı idi. Hazırda isə burada 5 minə qədər erməni yaşayır.

Məscid, onun ətrafındakı bir zamanlar azərbaycanlılar yaşayan evlər ya dağıdılıb, ya da boş qalıb.  Ermənilərin belə yaşamadığı Azərbaycanın işğal altında olan rayonlarına Suriyadan insanlar köçürülüb. Suriya erməniləri bu torpaqlara savaşdan qaçaraq gəliblər. Son zamanlarda Qarabağa 60 min erməni köçürülüb. Separatçı rejimin rəhbərliyi onlara məskunlaşmaları üçün Laçın rayonu yaxınlığında da boş torpaq sahəsi ayırıb.

Məlumdur ki, Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən şəxslərin adı XİN tərəfindən hazırlanan “qara siyahıya” salınır. Həmçinin həmin şəxslərin Azərbaycana səfərlərinə qadağa qoyulur. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, Aleksandr Rıbinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri qeyri-qanuni xarakter daşıyır.

Azərbaycan XİN Rusiya

telekanalını sərt

tənqid etdi

“Bu səfərlə bağlı araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq rusiyalı jurnalist Aleksandr Rıbinin  “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi məsələsinə baxılacaqdır”, - deyə Hikmət Hacıyev bildirib. Bu rusiyalı jurnalistlər tərəfindən hazırlanan ilk reportaj deyil. Yanvar ayında Rusiyanın "Lifenews" telekanalının əməkdaşları işğal olunmuş ərazilərə Azərbaycanın icazəsi olmadan səfər ediblər. Telekanal müxbiri Yelizaveta Xramtsova qondarma Dağlıq Qarabağ rejiminin yardımı ilə təmas xəttində olub, erməni əsgərlərlə görüşüb. Jurnalist reportajı separatçı rejimin 25 illiyi ilə əlaqədar hazırlayıb.

Yelizaveta Xramtsova qeyd edib ki, Dağlıq Qarabağın müstəqilliyi dünya ictimaiyyəti tərəfindən tanınmır. Dünya ölkələri bu ərazini müstəqil dövlət kimi deyil, Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

"Lifenews"əməkdaşı Dağlıq Qarabağda məskunlaşan erməni ailəsində, xalçatoxuma, tikiş fabriklərində olub. Həmin vaxt məsələ ilə bağlı açıqlama verən  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Lifenews" saytının müxbiri Yelizaveta Xramtsovanın Azərbaycanın icazəsi olmadan işğal zonasından keçərək Azərbaycan-Ermənistan ordularının təmas xəttində olmasını şərh edərkən bildirib.

"8 yanvar 2016-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim haqqında efirə getmiş veriliş kanalın bu qəbildən olan növbəti təxribatçılıq cəhdidir", - deyə XİN təmsilçisi vurğulayıb.





Həftənin ən çox oxunanları