Yuxarı

Lavrovdan imperiya mövqeyi

Lavrovdan imperiya mövqeyi

“Azərbaycanı Qarabağın yoxluğuna alışdırmaq lazımdır”

“Biz Türkiyə hökumətinin belə bəyanatlarına adət etmişik. Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi barədə bəyanatı tamamilə qəbuledilməz idi və müharibəyə çağırış kimi qiymətləndirilməlidir”.

Bunu Rusiyanın İrəvanda səfərdə olan xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, o, bu bəyanatı məhz müharibəyə çağırış olduğundan qəbul etmir:

“Bu bəyanat bir səbəbdən qəbuledilməzdir ki, o, sülhə yox, müharibəyə çağırır. Bəyanatda münaqişənin müharibə yolu ilə həllinə çağırış var”. XİN rəhbərinin fikrincə, bu bəyanat ATƏT-in Minsk Qrupunun və beynəlxalq ictimaiyyətin mövqeyi ilə uzlaşmır.

“Cümhuriyət”ə şərhində politoloq Cümşüd Nuriyev, Rusiyanın Qarabağ məsələsi dondurmaq istədiyini vurğuladı. Onun sözlərinə görə, Lavrov erməni olduğu üçün Ermənistanın mövqeyini dəstəkləyir:

“Əvvəla deyim ki, Lavrovun belə bir bəyanat verməyə ixtiyarı yoxdur. Azərbaycan dövləti özünün xarici siyasətini özü müəyyənləşdirir. Hansı dövlətin Azərbaycanı dəstəkləməsinə də Rusiyanın qarışmağa ixtiyarı yoxdur. Lavrov təbii ki, bir erməni kimi, Ermənistanda Türkiyənin əleyhinə danışmalı idi. Amma bu, çox ciddi bir ittihamdır. Eyni zamanda ATƏT-in həmsədri olan bir dövlətin xarici işlər nazirinə yaraşmayan bir hərəkətdir. Əgər Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etmək istəyirlərsə, bu tip bəyənatlar verilməməlidir. Lavrovun İrəvan səfərini çox təhlükəli hesab edirəm. Çünki bunun iddialarından belə görünür ki, bunlar atəşkəsi əvvəlki səviyyədə saxlamağı istəyirlər. Bunun sətiraltı mənası o deməkdir ki, Azərbaycan azad etdiyi təpələrdən geri çəkilməlidir. 1994-cü ilin 12 may atəşkəsi bərpa olunmalıdır və ondan sonra danışıqlar davam etməlidir. Bu dövlət “uşaqdır”mı, o bu dövləti bu şəkildə nə hesab edir? Burada Kələntərov soyadlı Lavrov erməni olduğuna görə, Ermənistanın mövqeyini dəstəkləyir. Və açıq şəkildə Azərbaycanı təhdid edir. Türkiyənin verdiyi bəyənat Azərbaycana dəstək üçündür. Bunu Pakistan və digər dövlətlər də edib.

Necə olur ki, islam dövlətləri Azərbaycanı dəstəkləyəndə bu, Lavrov üçün qeyri-adi səslənir, amma xristian dünyasının erməniləri dəstəkləməsi normal hall sayılır. Lavrov açıq tərəf kimi bu işlərdə iştirak etdiyinə görə, bu işlərdən kənarlaşdırılmalıdır. Və yaxud da Rusiya ATƏT-in həmsədri kimi digər dövlətlər kimi bitərəf mövqedə durmalıdır. Amma Rusiya maraqlı tərəf kimi çıxış edir, ona görə də yenidən Qarabağ məsələsinin həll olunacağına mənim inamım yoxdur. Bunlar yenidən Qarabağ məsələsini dondurmaq istəyirlər”. Lavrovun növbəti dəfə Bakı səfərinin olmasına toxunan Cümşüd Nuriyev, bu səfərdən Azərbaycanın xeyrinə heç bir şey gözləmədiyini qeyd edib. Onun sözlərinə görə, Lavrov planı yalnız Rusiyanın imperiya maraqlarına xidmət edir:

“Lavrov planının içində nə var mən bilmirəm, amma Lavrov planı bütövlükdə Rusiyanın imperiya və Emənistanın maraqlarını güdən bir məsələdir. Çünki istər Kazan, istərsə də Madrid prinsiplərindən Rusiya birdən-birə Lavrov planını hazırlaması Azərbaycanın xeyrinə olan bir məsələ deyil. Rusiyanın birinci marağı ondan ibarətdir ki, Qafqaz bütövlükdə onun nəzarətində qalsın. Regionda ona yeganə olaraq maneə Azərbaycandır. Rusiyanın ikinci əsas istəyi Türkiyənin Qafqazdan çıxmasıdır. Amerika Qafqazda olmamalıdır və Azərbaycan bir forpost dövlət kimi Rusiyanın nəzarətində qalmalıdır. Azərbaycan Avrasiya İttifaqına girməlidir. Bütün bunlar göstərir ki, Lavrovun Bakı səfərində masanın üstünə yeni bir şey yatırılmayacaq.

Hətta 5 rayonun qaytarılması planının özü də çox böyük bir tələdir. Azərbaycanı sakitləşdirmək üçün də bu addım atıla bilər. Bunun ikinci mərhələsində sülhməramlılar Qarabağa yerləşdiriləndən sonra artıq bu məsələni heç cür həll etmək mümkün olmayacaq. 1948-ci ildən bəri İsrail sülhməramlı yerləşdirdiyinə görə, Fələstin öz dövlətini qura bilmir. Dünyanın harasında sülhməramlı varsa, orda heç bir problem həll olunmur. Dağlıq Qarabağa da sülhməramlılar yerləşdirilsə, daha 25-30 il bu məsələnin dondurulmasına xidmət edəcək. Bu isə o deməkdir ki, Azərbaycanı Qarabağın yoxluğuna alışdırmaq lazımdır. Və aprelin əvvəlində baş verən hadisələr Azərbaycan üçün böyük bir motivasiyadır. Amma ermənilər ideoloji, siyasi, hərbi və bütün sahələrdə uduzublar. Lavrov da bir erməni kimi müəyyən mənada Ermənistanı şokdan çıxarmağa çalışır. Lavrovun Bakı səfərindən mən Azərbaycan üçün yaxşı heç bir şey gözləmirəm”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları