Yuxarı

Ermənistanın KTMT-dəki sədrliyi nəyi dəyişəcək?

Ermənistanın KTMT-dəki sədrliyi nəyi dəyişəcək?

 Ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçirilmiş sessiyasında sədrlik Tacikistandan Ermənistana keçdi. Bu sessiyada “kollektiv təhlükəsizlik baxımından əhəmiyyət daşıyan” bir neçə məsələ müzakirə olundu, sənədlər imzalandı. KTMT-nin məhz Rusiyanın kurasiyasında və NATO-ya “alternativ güc qoymaq” iddiası ilə yaradıldığı hər kəsə məlumdur. Bu təşkilatın loqotipi belə NATO loqotipini xatırladır. asaadddd Lakin KTMT uzun müddətdir nə NATO kimi “standartlar sistemi” yarada bilir, nə də səmərəli əməkdaşlıq nümunəsi ortaya qoyur. Düzdür, vaxtaşırı təlimlər keçirilir, lakin bu təlimlərdə də rusiyalı hərbçilərin baş rolda, digər üzvlərin isə “köməkçi heyətdə” olduğu hiss olunur. Rusiyanın hərbi gücünün kölgəsində qalan KTMT-nin digər ölkələri NATO ölkələri kimi nə hərbi potensial nümayiş etdirə, nə də müdafiə sənayesi yarada bilmirlər.   Postsovet ölkələri Estoniya, Litva və Latviya NATO ilə əməkdaşlıq çərçivəsində nizamlı, peşəkar ordu yaratdığı halda, MDB ölkələrində belə inkişaf müşahidə olunmur. Keçmiş SSRİ ölkələrindən Rusiya, Ukrayna və Belarusu, bir də müəyyən silahlar və texnikalar istehsal edən Azərbaycanı çıxmaqla, digər “keçmiş qardaşlar” hələ də ortaya ciddi iş qoya bilmir, “hərbi tələbatları”nı Rusiya silahları ilə ödəyirlər. Azərbaycanın ordu quruculuğunda müəyyən uğurların olması Rusiyanın da diqqətini çəkir və davamlı olaraq Azərbaycanın KTMT-yə qoşulması məsələsi gündəmə gətirilir. Lakin bu məsələ o qədər də real və aktual deyil. Azərbaycanın Qərblə arası nə qədər pozulsa da, Qarabağ münaqişəsi həllini tapmadan Ermənistanın olduğu ittifaqa qoşulmaq risk daşıyır. Son proseslərə baxdıqda isə Ermənistan hakimiyyəti özünü daha arxayın hiss edir. Azərbaycanın Avropa İttifaqı ilə və ATƏT-lə münasibətləri pozulub, lakin rəsmi İrəvan Avrasiya İqtisadi Birliyində təmsil olunur, üstəlik də qarşıdakı 1 il ərzində KTMT-nin sədri olmaq Ermənistan üçün “müəyyən gedişlər” etməyə ümid yaradıb. Ermənistanın KTMT sessiyalarında dəfələrlə Azərbaycandan şikayət etməsi birinci dəfə deyil, bu şikayətlər Düşənbədə də səsləndirildi, elə yenə havada qaldı. Təsadüfi deyil ki, vaxtaşırı olaraq Ermənistan tərəfi Qarabağ cəbhəsində yox, məhz Azərbaycanla olan sərhədlərdə qarşıdurma yaratmağa, bununla da KTMT-nin diqqətini çəkməyə çalışır. Azərbaycan qoşunları Ermənistana soxulmayacaq. Bu aksiomdur və Rusiya da bunu bilir, ona görə də Azərbaycana “pulu çatdığı qədər” silah almaq imkanı yaradır. Lakin bu, Ermənistana heç də sərf etmir, çünki münaqişənin gərginləşəcəyi halda Ermənistan qoşunları ciddi müqavimət göstərmək imkanına malik olmayacaq. Bəs Ermənistan nəyə ümid edir? Rəsmi İrəvanın qarşıdakı bir il ərzində ən böyük ümidi KTMT “sülhməramlı” qüvvələrini Dağlıq Qarabağa yerləşdirmək və bu yerləşmədə üstünlüyü öz tərəfində saxlamaqdır. Rusiya tərəfindən davamlı açıqlamalar verilməsinə baxmayaraq, Ermənistan hakimiyyəti Azərbaycana silah satışında embarqo tətbiq edilməsi xəyalından əl çəkmir. 2016-cı ilərzində Ermənistan tərəfindən bu cür təzyiqlərin artacağı istisna olunmur. Lakin Ermənistanın sözü o qədər keçərli deyil. KTMT Azərbaycanı tənqid edən bəyanat qəbul etmədi, bundan əvvəlki illərdə olduğu kimi Sarksiyan və tərəfdarları yenə narazı qaldı. Bununla bərabər, Ermənistan özünü “təhlükəsizlik ixrac edən ölkə” kimi göstərməyə çalışır və Tacikistanın Əfqanıstanla olan sərhədlərinə əlavə dəstək qüvvələri göndərməyi vəd edir. İrəvanın fikrincə, bu jest Düşənbənin mövqeyini dəyişə bilər. Burda söhbət tədricən simpatiya qazanmaqdan gedir. Azərbaycanla danışıqlarda irəliləyişə nail ola bilməyən Ermənistan rəhbərliyi “blef diplomatiyası”na əl atmağı və müxtəlif vasitələrlə Azərbaycanı çəkindirməyə çalışır. Bu qəti şübhə doğurmur. Lakin bir fakt var ki, bu bir il ərzində Azərbaycan sadəcə atəşkəsi yenidən “donmuş forma”ya qaytarmalı olacaq, müharibə ritorikasında çəkinəcək. Ermənistanın ümidi elə bu yollarla xal qazanmağadır. Bütün təhlil edilən məqamlar, ümidlər və perspektivlər fonunda bir böyük və acı həqiqət var: Rusiyanın sözü keçən yerdə Ermənistanın sözünün heç bir ciddiyyəti qalmır. Ermənistan onsuz da Rusiyadan dəstək görüb, ola bilər ki, yenə görəcək. Ermənistanın iqtisadiyyatında bu dəstək hiss olunacaqmı? Çətin ki... İrəvan bir il ərzində əsas diqqətini təhlükəsizliyə yox, “seçici dəstəyini” artırmağa yönəldəcək. Rüfət Əhmədzadə





Həftənin ən çox oxunanları