Yuxarı

Hakimiyyətdə ikitirəlik yaranıb

Hakimiyyətdə ikitirəlik yaranıb

Moskva Nalbandyanı önə çıxarır

Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son gəlişmələr Ermənistan hakimiyyəti daxilində çat yaradıb. Rejim münaqişəyə münasibətdə müharibə istəyənlər və istəməyənlər olmaqla iki tirəyə parçalanıb. Bir tərəfdə Serj Sarkisyan - Seyran Ohanyan bloku münaqişənin həlli üçün müharibə variantına üstünlük versə də, əks tərəfdə xarici işlər naziri Evdard Nalbandyanın başçılıq etdiyi “sülh göyərçinləri” var. Bu özünü nazirin son bəyanatında da göstərdi.

Ziddiyyətlər dərinləşir

Prezident Serj Sarkisyanın əksinə gedən Nalbandyan “Ermənistan həmişə Qarabağ münaqişəsinin danışıqlar yolu il həllinin tərəfdarı olub” deməklə Azərbaycanla danışıqlar masasına oturmağa hazır olduqlarını bildirdi. O, yayılan məlumatların yalan olduğunu, Ermənistanın heç vaxt danışıqlar prosesini tərk etmədiyini vurğulayıb. Nalbandyanın iddialarının əksinə olaraq, aprelin 24-də Serj Sarkisyan rəsmi qaydada Ermənistanın danışıqlardan imtina etdiyini deyib. Erməni prezident qeyd etdi ki, indiki şərtlərdə danışıqlar prosesinə qayıtmaq mənasızdır. Analitiklər hesab edirlər ki, nazir və prezident arasındakı ziddiyyətli mövqeyini yaradan səbəblər də Dağlıq Qarabağ münaqişəsinə baxış bucaqlarındakı fərqlilikdir.

Ermənistan hakimiyyətində “Qarabağ klanı”nı təmsil edən Sarkisyandan fərqli olaraq, Nalbandyan “qarabağlılar”ın hökumətdən getməsini tələb edən mühafizəkar yerlilərin başında dayanır.

Kreml Nalbandyanın əlini niyə gücləndirir?

Aprel əvvəlində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələr ilə qarşıdurmada ağır itkilər verməsinə etiraz olaraq, İrəvanda hakimiyyətin “Qarabağ klanı”na etiraz aksiyaları başlamışdı. Aksiyalar davam etdikcə və itkilərin sayı çoxaldıqca Sarkisyan kompromisə hazır olduqlarını açıqladı. Nalbandyandan da Sarkisyana dəstək gəldi. Lakin prezidentin çıxışını Qarabağ erməniləri kəskin etirazla qarşıladılar və “Qarabağ üçün kompromisə getməyən qətiyyətli prezident istəyirik!” şüarlarıyla paytaxtda aksiyalara start verildi.

Bu səbəbdən və Rusiya Xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən sonra Sarkisyan geri addım atdı və danışıqlardan çəkildiyini açıqladı. Görünən odur ki, Sarkisyanla anlaşa bilməyən Kreml “kartı” Nalbandyanla oynamağa başlayıb. Rusiyanın hakimiyyətdə Nalbandyan faktorunu qabartmasının səbəbi də “Qarabağ klanı”nın güzəştsizliyidir. Görünən odur ki, Kreml Qarabağ münaqişəsini Ermənistanda hakimiyyət çevrilişi etməklə həll etmək istəyir.

ABŞ və Rusiya arasında “bazarlıq”

Rusiyanın bu addıma getməsinin səbəbi şübhəsiz ki, Sarkisyanın geri addım atmamaq istəyindən irəli gəlir. Moskva Sarkisyan qədər səbrli deyil, Türkiyə və ABŞ bölgədə öz nüfuz dairəsini genişləndirmədən bu məsələni həll etməyə çalışır. Digər tərəfdən 2017-ci il Suriya məsələsinin həlli üçün sonuncu ildir. Gələn məlumatlara görə, ABŞ və Rusiya arasında Cənubi Qafqaz və Suriya məsələlərində anlaşma olub. ABŞ Suriyada, Rusiya isə Cənubi Qafqazda möhkəmlənəcək. Plan əsasında Bəşər Əsəd həyati təhlükəsizliyi qarşılığında hakimiyyətdən gedəcək və Suriyada koalisiya hökuməti qurulacaq.

Rusiya da həmin vaxtadək Cənubi Qafqazdakı münaqişələri həll etmək üçün hərəkətə keçib. Plana görə, Dağlıq Qarabağ münaqişəsini həll edən Rusiya bölgədə ən zəif həlqəsi olan Azərbaycanı özünün dominant olduğu birliklərə (Avrasiya İttifaqı, Gömrük Birliyi) qoşmaq niyyətindədir. Bunun yolu isə Ermənistan və Azərbaycanı eyni qurumda təmsil olunmasına şərait yaradan Qarabağ münaqişəsinin həllindən keçir. Sarkisyanın dirəniş göstərməsi isə planı pozur və Kreml də alternativ variant kimi Dağlıq Qarabağ münaqişəsinin həllini Ermənistan hakimiyyətindən “Qarabağ klanı”nı uzaqlaşdırmaqda görür. Gələn məlumatlara görə, Rusiyanın Ermənistan hakimiyyəti üçün namizədi Edvard Nalbandyandır.

“Haykakan Jamanak”dan sensasion iddia

Ermənistanda nəşr olunan “Haykakan Jamanak” qəzeti də sensasion iddia ilə çıxış edib. Qəzet diplomatik mənbələrə istinadən yazır ki, Edvard Nalbandyan Ermənistanın növbəti prezidenti ola bilər.

“Bu iddiaların mənbəyi məlum deyil. Bu günədək bu vəzifəyə iddialılar arasında Konstitusiya məhkəməsinin başçısı Qaqik Harutyunyan, Ermənistanın İngiltərədki səfiri Armen Sarkisyan, Prezidentin müavini Vigen Sarkisyanın adları hallanıb. Keçmiş milli təhlükəsizlik şurasının başçısı Artur Bağdasaryanın adı da hallanır. Edvard Nalbandyanın adı isə bu siyahıda yenidir. Görünür ki, hansısa gizli əllər Nalbandyanın prezident olmaq yolundakı əngəlləri aradan qaldırır”.

“Aravot”, “Lragir.am” kimi mənbələr Dağlıq Qarabağ ətrafında baş verən son gəlişmələrin Ermənistanda çevrilişə səbəb olacağını istisna etmirlər.

Mənbələrin qənaətinə görə, Qarabağla bağlı hakimiyyət daxilindəki qruplaşmalar arasında yaranmış narazılıq cəmiyyəti də parçalayır. Həssas vəziyyətdə ABŞ və Avropa İttifaqının proseslərə müdaxilə imkanlarının olmadığını nəzərə alan Aleksandr Miqranyan və Tevan Paqosyan kimi politoloqlar qarışıqlıq vəziyyətində iplərin Rusiyanın əlində olacağını bildirirlər.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət”ə bildirib ki, Ermənistan hakimiyyəti daxilində fikir ayrılıqlarının olduğu cərəyan edən son hadisələrin əvvəlindən göründü. E.Mirzəbəylinin sözlərinə görə, hakimiyyəti təmsil edən bir sıra şəxslər biri-birinə uymayan bəyanatlar səsləndirirlər:

“Bu ziddiyyət təkcə Sarkisyan və Nalbandyan arasında deyil, eyni zamanda Seyran Ohanyan və prezident arasında da var. Sarkisyanın hakimiyyətdən getmək ərəfəsində olduğunu yaxınlığında olan adamlar da hiss edirlər. Sarkisyanın keçmiş prezident Levon Ter-Petrosyanla görüşündən sonra ziddiyyətlər daha da dərinləşdi. Nalbandyan Qarabağ danışıqları prosesində Ermənistanın ənənəvi himayədarının mövqeyini ifadə edir. Sarkisyan isə düşdüyü vəziyyətdən çıxmağa çalışır. Çünki hakimiyyəti dönəminə az qaldığını başa düşür”.

Mənsur





Həftənin ən çox oxunanları