Yuxarı

Avropa NATO-ya alternativ yaradır

Avropa NATO-ya alternativ yaradır

Qoca qitə ABŞ-dan qopmağa can atır

Avropa Komissiyasının sədri Jan Klod Yunker vahid Avropa Ordusunun yaradılması təklifini irəli sürüb. Yunkerin fikrincə, həmin ordudan, əgər bu ideya gerçəkləşərsə, o cümlədən, Rusiyanın yaratdığı təhlükələrin də öhdəsindən gəlmək üçün istifadə oluna bilər:

“Vahid ordu ümumi xarici siyasətin qurulmasında və Avropa təhlükəsizlik siaysətini bütün dünyada həyata keçirməyə imkan verəcək. Avropa İttifaqı bu addımla öz dəyərlərinin müdafiəsində möhkəm dayandığını Rusiyaya başa sala bilər”.

Almaniya Kansleri Angela Merkel, Xarici işlər naziri Frank-Valyter Ştaynmayer, Müdafiə naziri Ursula fon der Leysen və Bundestaqın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Norbert Röttgendən təklifə dəstək gəlib. Komissiya sədrindən əvvəl isə fon der Leysen Avropa İttifaqının vahid ordusunu yaratmağı təklif eləmişdi. Xanım nazir bildirib ki, Avropada II Dünya Müharibəsi və “soyuq müharibə”dən sonra formalaşmış intizamın dağıdılmasına imkan vermək olmaz.

Dövlətlər hərəkətə keçiblər

Vahid Avropa Ordusunun yaradılması təklifi hələ 2000-ci illərin əvvəllərində gündəmə gəlsə də, 2 il əvvəl Rusiya Silahlı Qüvvələri Ukrayna ərazilərinə müdaxiləsiylə yenidən aktuallaşdı. Aİ-nin sessiyalarında müakirəyə çıxarılan məsələyə ABŞ və NATO-dan da dəstək gəlmişdi. NATO-nun qənaəti budur ki, Şərqi Avropa ölkələri, Aİ və Şimali Atlantik Alyanası üzvü olmayan dövlətlərin təhlükəsizliyinin təmin olunması üçün ümumi ordunun yaradılması tarixi zərurətdir. Avropa İttifaqının bir sıra dövlətləri də təklifə müsbət yanaşırlar.

Fransaya görə, Vahid Avropa Ordusunun qurulması Aİ-nin ortaq büdcəsindən maliyyələşdirilməlidir. İsveçin Baş naziri Fredrix Renfeldt də rəsmi Parisin mövqeyindən çıxış edir. Aİ-dən çıxmağa hazırlaşan, İngiltərə isə təklifə bir az məsafəli yanaşır. Baş nazir David Kameron VAO-nun qurulmasının o qədər də cəlbedici təklif olmadığını düşünür. Aİ üzvü olan və olmayan bəzi qitə dövlətləri birlik ordusunun yaradılması üçün addımlar atmağa başlayıblar.

Avropa ölkələri bunun üçün öz silahlı qüvvələrinin sayını azlatmağı və peşəkar ordu sisteminə keçməyi planlaşdırırlar. Müdafiə xərclərini azaldan və ordunu kiçildəcək dövlətlər 1 il ərzində təklifin reallaşdırılmasını istəyirlər. 2014-cü ildən başlayaraq Portuqaliya, Almaniya, İtaliya, İsveç, Yunanıstan və Fransa ordu islahatlarına başlayıblar. Ordularının sayını azaldan dövlətlər müdafiə olunmaq məsələsində birlik ordusuna ümid edirlər. NATO üzvü olan Türkiyədən də təklifə loyal münasibət var.

Qonşudakı təhlükə

İtaliyada nəşr olunan “To Vima” qəzeti yazır ki, VAO üçün qitə dövlətlərinin Silahlı Qüvvələrinin sayının 40% azaldılması, 18-20 aylıq hərbi xidmət müddətini pilləli formada 3 il ərzində 3 aya endirilməsi və 20 min nəfərdən ibarət peşəkar ordunun yaradılması nəzərdə tutulir. Qəzet yaxın aylarda ortaq anlaşmanın imzalanacağını da istisna etmir. Mənbənin iddiasına görə, prioritet qitə dövlətlərini Rusiya təhlükəsindən qorumaqdır:

“Ukraynada baş verənlər Şərqi Avropa və Aİ-də təşviş yaradıb. Krım və Donbasın işğalından dərhal sonra qitə dövlətləri qonşuda Rusiya kimi təhlükənin olduğunu başa düşdülər. Buna görə də, ortaq müdafiə zərurəti yarandı. VAO-nun da qurulmasında bu məsələ əsasdır”.

Kreml: “Hədəf ABŞ-dır, Rusiya yox”

Planın özünə qarşı olduğunu bilən Rusiya hərəkətə keçib. Kremlə yaxın mənbələrin yaydıqları məlumatlara görə, bu Rusiyaya qarşı olan plan yox, Avropanın ABŞ-dan qopmaq cəhdləridir. “Sputnik” yazır ki, Ukraynada baş verən böhran Avropanın zəif nöqtələrini üzə çıxardı: “Bundan qorxan Avropa dövlətləri kömək üçün dərhal NATO və ABŞ-a müraciət etdilər. Lakin istədikləri cavabı ala bilmədilər. Digər yandan ABŞ Avropa İttifaqı üzərində güclü təsirlərə malikdir. Bu, Aİ tərəfindən təhdid kimi qəbul olunur. Yəni VAO “təcavüzkar Rusiya”nın yürütdüyü siyasətə qarşı yaradılmır, Avropa sadəcə, Amerikanın təsir dairəsindən qopmaq istəyir”. İddialarında bir az da irəli gedən mənbələr, bunun Aİ-nin parçalanmasını rəsmiləşdirəcəyini, Avropa və ABŞ arasında gərginliyə səbəb olacağını bildirirlər.

Almaniya - Fransa İttifaqı ABŞ-a qarşı?

Kremlin qənaətinə görə, əsasən Fransa və Almaniya tərəfindən dəstəklənən təklifdə əsas məqsəd ABŞ-ı qitədən sıxışdıracaq Almaniya-Fransa İttifaqının qurulmasıdır. Qeyd olunur ki, əsasən də Almaniya İkinci Dünya Müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq üçün regionda üstünlüyünü təmin etməyə çalışır. Buna görə də, Aİ-nin siyasi qərarlarında üstünlüyünü təmin etmiş Almaniya Avropanın hərbi sisteminə nəzarəti ələ keçirməyə də iddialıdır.

Rusiya ilə müttəfiqlik fonunda NATO xaricində Avropa Federasiyası, yaxud VAO-nun qurulması təbliğatı da bunun nəticəsidir. İngiltərənin Almaniyanın cəhdlərinə qarşı çıxması da təsadüf deyil. Bu, ABŞ-ın mövqeyidir. Kameron hökuməti Almaniya ilə yanaşı, Fransanın da hansı məqsədlər arxasından qaçdığını bilir. Buna görə də, Avropanın NATO və ABŞ-ın təsir sferasında qalmaq üçün VAO-nun qurulmasının qarşısını almaq üçün sistemli oyun oynayır. Kremlə yaxın mənbələrin iddialarına görə də, birlik ordusunun ABŞ-a qarşı olduğunu bilən NATO da qurulacaq VAO-da pay sahibi olmaq niyyətindədir. Buna görə də, ordunun yalnız NATO və Aİ-nin tərkib hissəsi kimi qurulmasını dəstəkləyir.

“Türkiyəni də bura daxil etmək istəyirlər”

Politoloq Qabil Hüseynli “Cümhuriyət”ə VAO-nun ABŞ-a yox, Rusiyaya qarşı olduğunu deyib. Q.Hüseynli bildirib ki, ABŞ Avropanın özünü qorumaq iqtidarına malik olmasını və hərbi xərcləri artırmasını istəyir:

“Bu ideya yeni deyil, 10 ildən çoxdur ki, Avropa dövlətləri Vahid Avropa Ordusunu yaratmağa çalışırlar. Hətta bir vaxtlar buraya Türkiyəni də daxil etmək istəyirdilər. İndi bu məsələ yenidən aktuallaşıb. Çünki Rusiya NATO və Avropa İttifaqını hədəfə alıb, bu birliklər arasında nifaq salmağa, parçalamağa cəhd edir. Bu nöqteyi-nəzərdən Avropa Ordusu təklifi Rusiyaya qarşı yönəlikdir. Əslində, Avropa Rusiya qarşısında ABŞ-sız özünü müdafiə etmək istəyir, eyni zamanda hərbi xərcləri artırmaq niyyətindədir. Avropa Rusiyanın istənilən an baş verə bilən hərbi təcavüzünü dəf etmək gücündə olmaq ideyasını ortaya atır”.

“Amerikaya arxayın olmaq olmaz”

Qabil Hüseynlinin sözlərinə görə, bu ideyanı bütün dövlətlər tərəfindən müdafiə olunmaması təəssüfləndiricidir:

“Əgər bu baş tutmursa, NATO-ya daxil olan dövlətlər hərbi xərcləri artırmalıdır. Çünki Avropanın bütün ağırlıqlarını ABŞ daşıya bilməz. İndiyədək Amerika daşıyır, qitənin təhlükəsizlik tədbirlərini də ABŞ görür. Buna görə də ya hərbi xərclər artırılmalıdır, ya da Vahid Ordu qurulmalıdır. Çünki Rusiyanın iqtisadi göstəriciləri zəifləsə də Kreml xarici dövlətlərə, xüsusilə Avropaya yönəlik şantajlarını dayandırmır. Belə bir şəraitdə ABŞ və Avropa anti-Rusiya işləri üzərində fəal işləyirlər. Baltikdən Qara dənizinədək olan arealda yerləşən dövlətlərə canlı qüvvələr və döyüş texnikaları göndərir. Moldova və Gürcüstana da hərbi qüvvələrini yerləşdirir. Avropa da buna adektvat olaraq hərəkətə keçib, təkcə Amerikaya arxayın olmaq olmaz”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları