Yuxarı

Baş naziri bitirən qısqanclıq

Baş naziri bitirən qısqanclıq

Qabil Hüseynli: “Qərbdə Davudoğlunun nüfuzu getdikcə artırdı və bu, Ərdoğanın xoşuna gəlmədi”

Türkiyənin iqtidar partiyası AKP-nin sədri və Türkiyə hökumətinin başçısı Əhməd Davudoğlunun istefası hələ də müzakirə mövzusudur. Davudoğlunun istefa səbəblərinin mahiyyəti tam olaraq açıqlanmasa da bəzi siyasi analitiklər bunun məhz Ərdoğanın planı olduğunu deyirlər. Davudoğlu son dönəmlər, xüsusilə baş nazirin olduğu zamandan sonra Qərb dünyasında böyük nüfuza yiyələnmişdi. Belə ki, Almaniya nümayəndə heyətinin Ankaraya səfəri nəticəsində Əhməd Davudoğlu ilə görüş keçirib, ancaq Ərdoğanla görüşdən imtina edib. Bunun nəticəsi olaraq Ərdoğan Davudoğlunu istefaya göndərib.

Məsələnin digər tərəfi isə prezident idarəçiliyə keçiddir. Ehtimal olunur ki, Əhməd Davudoğlu bu sürəcin başlamasına qarşı çıxdığı üçün Ərdoğnla münasibətləri pisləşib. Türkiyənin uzun illərdən bu günə qədər gələn parlament idarəçiliyinə son qoymaq istəyən Ərdoğana qarşı münasibətlər birmənalı deyil. Ancaq Davudoğlunun istefaya getməsi Ərdoğanın bu mübarizədə qalib gəldiyinin bir növ göstəricisidir.

Qərb dünyasının Davudoğlunu dəstəkləməsi isə açıq-aşkar görünür. Təbii ki, bunu Ərdoğan da çox gözəl anlayır. Davudoğlunu istefaya göndərməklə də, Ərdoğan bir növ özünə təhlükəsiz zəmin yaratmış oldu ki, siyasi arenada ən böyük rəqibi sayılan Davudoğlunu siyasətdən kənarlaşdırdı. AKP-nin 22 may tarixində planlaşdırılan qurultayında da təbii ki, Ərdoğana yaxın olan şəxs başqan və hökumətin rəhbəri olacaq. Bu da növbəti seçkilərə qadər Ərdoğanın siyasi səhnədə söz sahibi olaraq qalacağına bir işarədir. Davudoğlunun isə nə zamansa yenidən aktiv siyasətə dönəcəyi hələ ki, sual altındadır.

“Cümhuriyət”ə şərhində politoloq Qabil Hüseynli bu istefanın səbəbi kimi Ərdoğanın qısqanclığını vurğuladı. Onun sözlərinə görə, Davudoğlunun Qərb dünyasında nüfuzu getdikcə artırdı və bu Ərdoğanın xoşuna gəlmədi: “Ərdoğan hər şeyə çox güclü nəzarət edir. Davudoğlunun sürətlə parlaması, Qərb ölkələrində xüsusi bir məhəbbətlə qəbul edilməsi əlbəttə ki Ərdoğanı qıcıqlandırdı. Ərdoğannın ətrafına yığdığı adamların böyük hissəsi Qaradənizli, Laz və digər kökənli insanlardır. Türklərin içindən bir dənə normal siyasətçi çıxmışdı onun da qarşısını aldılar. Bunun çoxda qabardılmasının tərəfdarı deyiləm, amma məsələ burasındadır ki, Davudoğlu alimdir, professordur çox gözəl nitq qabiliyyəti var, hamı tərəfindən çox gözəl qəbul olunan bir siyasətçidir. Qərb ölkələri Ərdoğana münasibətdə çox ehtiyatlıdırlar.

Davudoğlunun timsalında Ərdoğanı əvəz edəcək bir şəxs kimi görürdülər. Ərdoğanda belə hesab edirdi ki, prezidentlik sisteminə keçid və konstitusiyaya dəyişiklik məsələsində Davudoğlu ona yaxından köməklik göstərmir. Xüsusilə Davudoğlunun Qərb aləmində nüfuzunun artması Ərdoğanı qıcıqlandırdı. Davudoğlu nə qədər də inkar etsə, bir gün yenə də partiyanın başında peyda olacaq. Davudoğlu yenə də Ərdoğanın rəqibi kimi gündəmə gələcək. Güman edirəm ki, o zaman artıq Ərdoğanın Davudoğluna təzyiq etmək və uzaqlaşdırmaq imkanı olmayacaq. Hal-hazırda gedən proseslər də Davudoğlunun xeyrinə işləyir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları