Yuxarı

Türkiyə Avropadan uzaqlaşır

Türkiyə Avropadan uzaqlaşır

“Qoca qitə” niyə sərtləşdi?

Qabil Hüseynli: “Münasibətləri Ərdoğan kəskinləşdirir”

Avropa İttifaqı Türkiyə üçün verdiyi vizasız rejim qərarının icrasından imtina edib. Aİ-dən bildirilib ki, ittifaq Türkiyəyə viza verməyəcək. İngiltərənin Baş naziri Devid Kameron da bunun mümkünsüzlüyünə diqqət çəkib və fikrini “Türkiyəyə ancaq, 3000-ci ildə viza verə bilərik” şəklində izah edib.

Brüsselin qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyası ilə qarşılanıb. Ərdoğan bildirib ki, Avropa İttifaqı davamlı formada vizasız rejim üçün Türkiyənin qarşısına şərtlər qoyur: “Bizə hər dəqiqə şərt lazım deyil. Vaxtilə Avropa İttifaqı keçmiş Baş nazir Əhməd Davudoğluna 3 milyard avro yardım sözünü verdi, amma bu günədək verdiyi vədə əməl etmir. Türkiyə Avropadan güzəşt yox, doğruluq gözləyir. Əvvəlcə bildirdilər ki, qərar iyunun 1-dən qüvvəyə minəcək, sonra vaxtı ayın 30-dək uzatdılar. Ankara bu mövzuda danışıqlar aparacaq, nəticə oldu, oldu, olmadısa günahı bizdə axtarmasınlar”.

Ərdoğan riyakarlıqda ittiham etdiyi Aİ-nin ikili yanaşmalarına adekvat cavab verəcəklərini deyib və qeyd edib ki, miqrantlarla bağlı nəzərdə tutan qanunu qəbul etməkdən imtina edəcəklər: “Əgər vəd yerinə yetirilməyəcəksə, saziş çərçivəsində (miqrantlarla bağlı) heç bir qərar və heç bir qanun Türkiyə parlamentinə çıxarılmayacaq”.

Qərarın pərdəarxası

Avropa İttifaqının imtina qərarına getməsi təsadüf hesab olunmur. İddiaya görə, gözlənilməz qərarın arxasında baş nazir Əhməd Davudoğlunun istefası dayanır. Aİ və Türkiyə arasında vizasız rejimin tətbiq olunmasının müəlliflərindən birinin də Davudoğlu olduğu deyilir. Görünür ki, Avropada nüfuzlu siyasətçi kimi qəbul olunan Davudoğlunun istefaya getməsinin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) təsir rıçaqlarını əlində saxlayan Ərdoğandan qaynaqlandığına inanırlar. Qərbli analitiklərə görə, Davudoğlu Ərdoğanın Türkiyənin prezident idarəçiliyinə keçirmək planının reallaşması qarşısında böyük əngəl idi. Nəticədə planlarına qarşı çıxan baş naziri istefaya göndərən prezident “sözəbaxan” Binəli Yıldırımı bu posta gətirdi. Yıldırım da baş nazir kimi ilk çıxışında Türkiyənin prezident idarəçiliyinə keçməsi üçün lazım olan addımları atacağını bildirdi. Məhz yeni baş nazirin bu açıqlamasından sonra Aİ vizasız rejim qərarından imtina etdiyini açıqladı. Ərdoğan da Aİ-ni fikrindən daşındırmaq üçün miqrant qanunundan imtina edəcəklərini deməklə, qarşılıqlı oynayır. Bəllidir ki, Türkiyə Yaxın Şərq, Suriya və digər ölkələrdən gələn qaçqınlar və miqrantların Avropaya çıxışını təmin qapıdır. Bir müddət əvvəl Ankara miqrant qanununu sərtləşdirəcəyini bildirdi, bu Avropanın dəstəyini gördü. Aİ bununla qitədə miqrant böhranının tədricən aradan qaldırılacağına ümid edirdi. İndi də Avropanın “Axilles dabanı”ndan “vuran” Türkiyə prezidenti “əl əli yuyar, əl də üzü” prinsipiylə oynamağ başlayıb. Analitiklər hesab edirlər ki, Ərdoğanın bu taktikası işə yarayacaq və Brüssel qərara yenidən baxmaq məcburiyyətində qalacaq.

“Türkiyənin xarici siyasəti axsayır”

Politoloq Qabil Hüseynli Cebhe.info-ya bildirib ki, son zamanlarda Türkiyə və Avropa İttifaqı arasında gərgin anlar yaşanır. Q.Hüseynli hesab edir ki, Türkiyənin daxili siyasi həyatında baş verən proseslər və Davudoğlunun istefası burada böyük rol oynayır: “Türkiyə Avropa İttifaqı ilə münasibətlərinə fikir verməlidir. Çalışmalıdır ki, bu münasibətlər qaydasında olsun. Amma Ərdoğan Brüssellə əsəbi dildə danışır. Bu da münasibətləri kəskinləşdirir. Ərdoğanın başı ölkəni prezident idarəçiliyinə keçirmək işlərinə qarışıb, buna görə də xarici siyasət axsayır. Rusiya və Avropa ilə münasibətlər hər gün korlanır. ABŞ-la da soyuq münasibətlər hökm sürür. Ərdoğan Türkiyənin maraqlarına uyğun siyasət yürütməyə çalışmalıdır”.

Mənsur Rəğbətoğlu

Cebhe.info





Həftənin ən çox oxunanları