Yuxarı

Sərkisyandan şok iddia

Sərkisyandan şok iddia

Sülhəddin Əkbər: “Hökumət bu barədə açıqlama verməlidir”

Arzu Nağıyev: “Sərkisyan hakimiyyətini qorumaq üçün manevrlər edir”

Zərdüşt Əlizadə: “Serjikin cani komandası Ermənistanı məhv edib”

Ermənistan prezidenti Serj Sərkisyan bildirib ki, aprel döyüşündən sonra Dağlıq Qarabağda vəziyyətin stabilləşməsində Rusiya da böyük rol oynayıb: “Qarabağdakı özünümüdafiə qüvvələri sabitliyi bərpa edib və vəziyyəti nəzarətə götürüblər. Bunda təbii ki, Rusiya da mühüm rol oynayıb. Azərbaycan sülhün yaradılması üçün Rusiyaya xahişlə müraciət edib”.

Ermənistan prezidentinin iddiasına cavab almaq üçün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, telefona cavab verən olmadı. Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev dəstəyi götürmədi.

Analitiklər isə Sərkisyanın iddiasını əsassız hesab edirlər. Bu onunla əsaslandırılır ki, Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etməyə çalışır və bu nöqteyi-nəzərdən Rusiyaya belə bir müraciət inandırıcı deyil.

“Hökumət cavab verməlidir”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Cebhe.info-ya bildirib ki, bu elə bir açıqlamadır ki, buna ancaq dövlət başçısı, yaxud hökumət adından Xarici İşlər Nazirliyi münasibət bildirə bilər: “Düşmən tərəfdən belə yüksək səviyyədə açıqlama varsa, Azərbaycan cameəsinin buna cavab almaq hüququ var. Azərbaycan hökuməti də bu yöndə cəmiyyəti obyektiv olaraq məlumatlandırmalıdır ki, Azərbaycan məsələ ilə əlaqədar danışıqlar aparıb, yoxsa yox?”.

“Özbaşına heç nə deməz”

Politoloq Arzu Nağıyev Cebhe.info-ya Sərkisyanın özbaşına heç bir bəyanat vermək iqtidarında olmadığını deyib. A.Nağıyevin sözlərinə görə, o, çox güman ki, son təlimatlarını Astanada keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putindən alacaq: “Xarici işlər naziri Elmar Məmmədyarov Avropada səfərdədir. Eyni zamanda mayın 31-dəki çıxışında Azərbaycan prezidenti Ermənistanın bu kimi iddialarına öz nöqtəsini qoydu. Biz sülh tərəfdarıyıq. Vyana görüşündə ortaya qoyulmuş bir ay müddəti gözləyirik. İyun ayında prezidentlərin görüşü yüksək səviyyədə keçirilsə, bu görüşün nəticəsinə uyğun olaraq müəyyən addımın atılması da mümkün ola bilər. Lakin bununla bağlı biz istənilən nəticəyə də hazırıq. Həmçinin təcavüzkarı danışıqlar masasına əyləşdirmək üçün gücdən də istifadə etmək imkanımız var. Lakin biz sülh tərəfdarıyıq. İstər Kazan, istərsə də Madrid prinsiplərindən çıxış edərək, bu məsələni həll etmək iqtidarındayıq. Ermənistan ordusunda baş verən həbslər, istefalar və Qarabağ separatçıları arasında baş qaldırmış anlaşılmazlıqlar Sərkisyanın iqtidarını laxlatmağa başlayıb. Vəziyyət həddən artıq gərgindir. Sərkisyan da öz hakimiyyətini qorumaq və Qarabağın separatçı rejiminə müstəqillik sözü verdiyi üçün müxtəlif siyasi manevrlər edir”.

“Serjik Ermənistanı pis günə qoydu”

Politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya Ermənistan prezidentinin bu iddiasının məntiqsiz olduğunu bildirib: “Serj Sərkisyan Ermənistan xalqını aldatmaq üçün o qədər yalanlar danışıb ki, indi bu cür variantlara əl atır. Bir qədər savadlı insanlar onun nə dediyini anlayır. Hamı bilir ki, Qarabağ münaqişəsinə Rusiya başlayıb. Bu yolla da Azərbaycanı öz nəzarətində saxlayır. Ermənistan da bütün addımları Rusiyanın iradəsi altında atır. İndi də bu məqamda açıq şəkildə öz ağasına qarşı çıxır. Sərkisyan açıq formada deyə bilməz ki, mənim başçılıq etdiyim cinayətkar zümrə, Ermənistan dövləti və xalqını məhv edib. Buna görə də, mənasız sözlərlə diqqəti yayındırmağa çalışır. Reallıq budur ki, Serjikin cani komandası Ermənistanı məhv edib, pis günə qoyub”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları