Yuxarı

Türkiyəyə qarşı alman xəyanəti

Türkiyəyə qarşı alman xəyanəti

Almaniya tarixi xətaya imza atdı

Aydın Mirzəzadə: “Bu, türk dünyasında çox neqativ qəbul olunacaq”

İqbal Ağazadə: “Almaniya ciddi səhvə yol verdi”

Zahid Oruc: “Avropa məkrli siyasət aparır”

Araz Əlizadə: “Bu, Türkiyə üçün ağır zərbədir”

Almaniya Bundestaqı qondarma erməni soyqırımını tanıyıb. Deputatlar Osmanlı İmperiyasının 1915-ci ildə ermənilərə qarşı “soyqırım” törətdiyini bildirən sənədi qəbul edib. Bundestaq sənədi demək olar ki, yekdiliklə qəbul edib. Bir deputat sənədin əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Cümhuriyət”ə şərhində bunu Almaniyanın böyük səhvi kimi qiymətləndirdi:

“Qondarma erməni soyqırımını tanımasını müasir dövrdə Almaniya Bundestaqının ən böyük siyasi səhvi hesab edirəm. Olmayan bir məsələni gündəmə çıxarmaq və onu qəbul etmək tarixi bir səhvdir. Almaniya kimi ciddi dövlətçiliyi olan, nüfuzlu dövlət olan Almaniya Bundestaqının qondarma soyqırımı tanıması əslində, Almaniyanın xarici siyasətinin böhran keçirdiyini göstərir. Digər tərəfdən isə, bunun Almaniya və Türkiyə münasibətlərinə nə cür təsir edəcəyinin fərqinə varmalıydılar. Türkiyənin imicinə, tarixinə toxunan saxta bir qərarın qəbul edilməsi əlbəttə ki, türk dünyasında çox neqativ qəbul olunacaq. Azərbaycan ictimaiyyəti bu məsələni diqqətdə saxlayırdı. Almaniyanın belə bir qərar qəbul etməsinə çox mənfi qiymət verəcək. Bunun nə cür fəsadları olacağını zaman göstərəcək. Hər halda bu, türk dünyasıyla Almaniyanın münasibətlərinə müsbət təsir göstərməyəcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə Almaniya Bundestaqının son zamanlar ciddi səhvlərə yol verdiyini dedi:

“Qondarma soyqırımın tanınması artıq tarixi arxivdir. Kimin bu soyqırımı tanımasıdan asılı olmayaraq Türkiyənin regionda yerini heç kim dəyişə bilməyəcək. Qaldı ki, Almaniyanın tanımasına, onsuz da Almaniya Bundestaqı son zamanlar ciddi səhvlərə yol verir”.

Parlamentin deputatı Zahid Oruc vurğuladı ki, Bundestaqın bu cür qərarı saxta soyqırımlardan həqiqi soyqırımlara yol açır:

“Öncə qeyd edim ki, parlamentlərin siyasi proseslərə qoşulması, açıq şəkildə məhkəmə orqanlarının işlərini öz üzərinə götürmək istəməsi, tarixi kateqoriyada olan məsələlərə toxunmaq istəməsi heç də yaxşı deyil. Bu hallaq parlamentin xalq təmsilçiliyinə, funksiyalarına xələl gətirir. Deputatların funksiyası tamam fərqlidir. Onlar bu cür bölücülük və ya ittiham şəklində fəaliyyət aparırlarsa, o zaman özlərinin iddia etdiyi saxta soyqırımlardan həqiqi soyqırımlara yol açırlar. Kayzer Almaniyası Dünya Müharibəsi zamanı Osmanlı İmperiyası ilə müttəfiq idi və ermənilərin xəyanətlərinə yaxşı bəllidir. Heç kim bu məsələdə Almaniyanın indiki elitası qədər bilgili deyil. Çünki bütün arxiv materialları həm də Berlində toplanıb. Diplomatik yazışmalar, Vilsonun qərarları, ermənilərin xəyanətləri və bunun nəticəsində köçürmə, Qafqazda ermənilərə dövlət qurulub verilməsi, 60-ci illərdə soyqırım məsələsi çıxandan sonra Türkiyəyə qarşı bir silahın qazanılması və yetərincə digər bilgilər mövcuddur. Bundestaqın bu qərarından öncə də Almaniya və Qərb dövlətləri məkrli siyasət aparırdılar. Təyyarənin vurulmasını təmin edərək Rusiya ilə Türkiyəni üz-üzə qoyan Qərb, bununla iki böyük dövlətin birləşməsinin qarşısını aldı. Avrasiya məkanındakı geopolitik düzəni məhz bu ölkələr diktə edir. Sonrakı dövrdə PKK-nı uzun müddət əlində saxlayan, silahlandırıb, böyük maliyyə verərək hədəf göstərənlər həmin terror birləşmələrini Türkiyənin içinə sala bildilər. Bunun nəticəsində Türkiyədə törədilən qətliamlar demək olar ki, gündəlik hall alıb. Bu terrorları niyə soyqırım kimi tanımaq istəmirlər?”

Zahid Orucun fikrincə, bu cür qərarlar Türkiyənin xarici siyasətinə sərhəd qoymaq mümkün deyil:

“PKK vasitəsilə müharibəni Türkiyənin içərisinə salanların Suriyada həyata keçirdikləri bəs nədir? Məgər Qərb yaxın şərqdə soyqırım törətməyib? İŞİD məgər bizim ixtiramızdır? İslamın qara bayrağını uydurub, muzdluları bir yerə yığıb başkəsənlər ordusunu Əl Bağdadinin ətrafında toplayanlar bilmirlər ki, regionda sabitliyə kim zərbə vurur? Bu gün Şərq soyqırım cəbhəsidir. Aralıq Dənizi özü boyda bir soyqırım dənizinə çevrilib. 10 minlərlə qəbir daşlarının maketini dənizə buraxıblar. İndi su üzərində qəbirlər üzür. Ayan adında körpə uşağın əvvəl sahilə, sonra isə dənizə doğru olan şəkli dünyanın olmayan vicdanını bir az tərpətmişdi. Onda da başladılar ki, bu qədər insan kütləsi niyə gəlir? Məgər suriyalılar əyləncə və ya turizim məqsədilə köç edirlər. 2 milyona yaxın suriyalı Türkiyədədir. Bundestaqın bu qərarı Ankaraya təşəkkürdümü? Angela Merkel tez-tez gəlib Ərdoğanla şəkil çəkdirir. Göstərmək istəyirlər ki, Ankara ilə münasibətlərin yaxşılaşmasında maraqlıdırlar. Ancaq digər tərəfdən Almaniya Bundestaqı Türkiyə əleyhinə bu cür qərar çıxarır. Güya bununla ermənilərə kömək edirlər. Bu gün artıq ermənilər dərk edirlər ki, 100 il bundan öncə bolşeviklərin əlinə necə işləyirdilərsə, indidə Qərb bunlardan Türkiyə əleyhinə işləyir. Ağıllı erməni bu məsələlərdə sevinməz. İndi də İrəvanda toy-bayram görünmür ki, Bundestaq qərar verib və ermənilər bununla da gedib Türkiyəni cəzalandıracaqlar. Ərdoğanı bu vasitələrlə neytrallaşdırmaq, onu öz ideallarından geri çəkindirmək, Türkiyəni cilovlamaq və onun xarici siyasətinə sərhəd qoymaq qeyri mümkündür”.

Zahid Oruc bu qərarın Azərbaycana da ziyanı olduğunu vurğuladı:

Nə Ərdoğan, nə də bundan sonra gələcək prezidentlər Osmanlı dövründə baş verib hadisəyə görə gedib Avropa Məhkəməsində və yaxud da tirbunallarda cavab verməyəcək. Əksi ermənilərin başının üzərindən yumruq əksik olmayacaq. Bunu tam məsuliyyətimlə deyirəm ki, məsələ sülh yolundan real soyqırıma doğru daşınır. Qərbin məqsədi də budur ki, Türkiyəni qəzəbləndirib ermənilərin soyqırımını doğursunlar. Bunun Aərbaycana da ziyanı var. Çünki ATƏT-İn Minsk qrupunun üzvü olan ölkə 100-il əvvəlki həqiqətlərdən məlumatlı deyilmi ki, Türkiyənin içərisindən çıxarılan ermənilərin İrəvana, Gəncəyə, Qarabağa gətirmişdilər. Sonra da dedilər ki, bu xalqın bir hissəsi qırılıb, müharibədə ölüb indi isə gəlin Azərbaycanın hesabına bunlara bir dövlət verək. Təəssüf ki, o dövrün Osmanlı paşaları da bu məsələdə rol oynamışdılar. Ancaq bu məsələyə görə Türkiyə Cümhuriyyətini qəti şəkildə qınayası deyilik. Bu düşmənin işinə yarayardı və onu çoxları da arzulayırlar. Ona görə də hesab edirəm ki, Bundestaqın qərarı real olaraq heç bir nəticə doğurmayacaq. Müəyyən bir dövr münasibətlərə təsir göstərəcək. Amma bununla türklər Almaniyada işləməkdən əl çəkəsi deyillər. Əksinə bu ermənilərin xeyrinə işləyəcək. Nə də ki, türklər “Mercedes” almaqdan imtina etməyəcəklər. Almaniyanın bu qərarını dondurmağın, bu qərarı heçə çevirməyin yeganə yolu ermənilərə təzyiqlərin davam etdirilməsidir. O zaman görəcəklər ki, səmərəsiz bir işlə məşğul olublar. Bir neçə günlərini parlamentdə boşa keçiriblər”.

Milli Məclisin üzvü, Azərbaycan Sosial Demokratik Partiyasının sədri Araz Əlizadə bu qərarın Almaniya-Azərbaycan münasibətlərinə təsirli olacağını hesab etmir:

“Mən düşünmürəm ki, bu qərar Almaniya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərsin. Bu, Türkiyə üçün ağır zərbədir. Çünki çox böyük miqdarda türk almaniyada yaşayır. Türkiyənin Almaniya ilə iqtisadi münasibətləri var”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları