Yuxarı

Ermənistanda müharibə təlaşı

Ermənistanda müharibə təlaşı

Üzeyir Cəfərov: “Elə düşünürlər ki, başımızı danışıqlarla aldadacaqlar”

Azərbaycan prezidentinin 26 iyun Silahlı Qüvvələr günü verdiyi mesajlar düşmən tərəfdə müharibənin hər an başalana biləcəyi barədə təlaş yaradıb. Prezidentin Dağlıq Qarabağ münaqişəsi barədə zaman-zaman səsləndirdiyi bəyanatlar, həmçinin bu günlərdə danışıqlar haqda bəzi nüansları açmasından sonra Ermənistan təlaş içərisindədir. Ermənistan çox yaxşı bilir ki, Azərbaycanın aprel döyüşlərində üzü ağ çıxması əslində gələcək qalibiyyətdən xəbər verir. Bu isə düşmən ölkəni narahat etməyə başlayıb. Hətta ölkə ictimaiyyəti arasında da müharibə xofu güclənməkdədir.

Hərbi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə deyib ki, son günlər prezidentin ordu ilə bağlı çıxışları, düşmənə qarşı sərt bəyanatları onu göstərir ki, bu tip mesajlar əslində Ermənistanla birgə beynəlxalq qurumlara da aiddir: “Bu mesajlar həmçinin Ermənistana havadarlıq edən Rusiyaya da yönəlir. Bu bəyanatlardan görünür ki, Azərbaycanın Daqlıq Qarabağla bağlı addımları qətidir. Prezident hərbçilərlə görüşündə bəzi sərt fikirlər səsləndirdi. O fikirlər də Ermənistanda sözsüz ki, narahatçılıq yaradır. Ermənistan elə fikirləşir ki, elə Azərbaycanın başını bu danışıqlar prosesi ilə aldadacaq. Guya bunlar bizim üçün torpağı işğaldan azad edəcəklər.  Biz də bunların nağıllarına qulaq asacağıq. Əslində son vaxtlar bəzi narazılıqlarım var. Biz ATƏT-in mənasız danışıqlarının ardına düşmüşük. Prezident öz çıxışında da qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası dünyada ən ali orqandır və ondan yuxarı orqan yoxdur. Əgər bu təşkilat 4 məlum qətnamə qəbul edibsə və o qətnamələr hələ də qüvvəsindədirsə, yerinə yetirilməyibsə onu heç kim inkar edə bilməz. Ona əsasən danışıqlarımızı aparmağa davam etməliyik. Rusiyanın kefi istəyəndə 3 rayon və ya 5 rayon təklif edir.  Ermənistan isə vaxt udmaq üçün həm danışıqlar prosesinə gedir, həm də Serj Sarkisyan bizim işğal altında olan torpaqlarımızı azad etməmək üçün çox həyasızcasına səfərlər həyata keçirir. Ermənistan narahatdır və bilir ki, Azərbaycan tərəfini itkilər də qorxutmur”.

Ekspert əlavə edib ki, Azərbaycan o mövqedədir ki, qəti surətdə öz ərazilərini azad etməlidir: “Ermənistan özü özünü pis vəziyyətə salıb. Bəzən ikibaşlı, üçbaşlı oyunlar oynayırlar. Gah Rusiyanın Ermənistandan çıxarılmasını tələb edirlər,  gah hava məkanının onlara verməsinin əleyhinə çıxış edirlər. Onlar özləri də gözəl bilirlər ki, Rusiyadan çox asılıdırlar və bu ölkə olmasa Ermənistan tükənər. Ermənistanın sərhədləri rus əsgərləri tərəfindən mühafizə olunur, həmçinin bu ölkənin səması rus hərbi qüvvələri tərəfindən müdafiə olunur. İqtisadiy-yatı tamamilə Rusiyanın əlindədir. Bunlar hamısı oyuncaq bir vəziyyətindədir. Ölkə başçısının siyasətinin başlıca vəzifəsi də ondan ibarət idi ki, Ermənistan bu bəyanatları eşitsin. Hətta yerində bir cümlə də işlədib ki, Onlar Helsinki yekun aktını diqqətlə oxusunlar, yəni ermənilər bunu baş-ayaq oxumasınlar. Orada xalqların öz müqəddəratını təyin etmə hüququ var. Son vaxtlar ərzində ilk dəfə idi ki, ölkə başçısı belə açıq bəyanatlar səsləndirirdi. Ermənistan bundan narahat olmalıdı. Çünki başqa torpaqda oturub. Bu dəfə tam mənası ilə hər şey deyildi. Artiq Moskva deyir ki, Putin Barak Obama ilə telefonla danışacaq və bundan sonra məsələ ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yiyəsinə çatdırılacaq. Bu da bir təkandır. Azərbaycan döyüşlərdə iştirak edib. Həmçinin belə fikirlər bildirməsi çox ağıllıdır. Bununla yanaşı öz vətəndaşlarını sığortalamış bir addımdır. Əks halda hər iki tərəfdən itkilər verilə bilər. Buna isə biz hazır olmalıyıq, müharibədirsə itkilər də olmalıdır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları