Yuxarı

Virtual Azərbaycan: Hamılıqla ermənilərə uduzuruq

Virtual Azərbaycan: Hamılıqla ermənilərə uduzuruq

Ermənistanla elan olunmamış müharibə virtual dünyada da davam edir. İşin pis tərəfi odur ki, burada da biz yenə uduzan tərəfik. Hazırda Google Maps, Maps.me və digər internet məkanlarında Azərbaycan haqqında informasiyalar Ermənistanla müqayisədə çox azdır. Bunun da nəticəsində internet xəritələrində gah Azərbaycan ərazisi təhrif edilir, Qarabağ, eləcə də Naxçıvan Ermənistanın tərkib hissəsi kimi göstərilir, Azərbaycan ərazisinin yer adları tamamilə başqa dildə, başqa adda, bəzən də erməni mənşəli toponimlərlə göstərilir. 

Cebhe.info əməkdaşı Azərbaycan tərəfdən bu işin kim, hansı qurum tərəfindən görülməsini öyrənmək məqsədilə informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlu ilə əlaqə saxlayıb.

Mütəxəssis bildirib ki, bu işlə hər kəs məşğul olmalıdır. Onun sözlərinə görə, bu məqsədlə dövlət QHT-lərə qrantlar ayırır:

"QHT-lərə Dövlət Dəstəyi Fondu Azərbaycanın xeyrinə olan informasiyaların yayılması üçün layihələr qəbul edir. Həmin layihələri udan qeyri-hökumət təşkilatları bu fəaliyyətlə məşğul olmalıdırlar. Yəni, bu xəritələri düzəltməlidirlər. Məsələn, "Vikipediya”da rus dilində Azərbaycanla məlumatlar axtarın, görəcəksiniz ki, onların hamısı ermənilərin yerləşdirdiyi Azərbaycan əleyhinə məlumatlardır. Hansı ki, "Vikipediya” böyük bir platformadır. Dünya demək olar ki, bütün məlumatları "Vikipediya”dan əldə edir. Bu gün rus dilində bilən adam "Vikipediya”da məlumat axtarırsa, Azərbaycan əleyhinə olan məlumatlarla qarşılaşacaq. Bizdə isə bu işlə məşğul olan konkret bir qurum yoxdur. Ancaq Rabitə və Yüksək Texnologiyalar Nazirliyini göstərirlər ki, onlar məşğul olmalıdırlar. Ancaq bu, bütün ictimaiyyətin vəzifəsidir. Tələbələrin, AMEA-nın, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin. Ümumilikdə, bütün dövlət qurumları bu işdə fəal olmalıdır. Bu, kiminsə vəzifəsi, öhdəliyi deyil. Sadəcə olaraq, bu işdə dövlət QHT-lərə kömək edir. Məsələn, Gənclər Fondu bu cür layihələrə dəstək verir və QHT-lər də bu işlə məşğul olmalıdır. Təbii ki, müvafiq dövlət qurumları da bu işə diqqət ayırmalıdırlar". 

Məcid Həsənli

Cebhe.info





Həftənin ən çox oxunanları