Yuxarı

Suriya erməniləri Qarabağda

Suriya erməniləri Qarabağda

Süni məskunlaşdırma erməni əhalisinin sayını artırır Akif Nağı: “Bu, işğalçı ölkənin beynəlxalq hüquqa meydan oxumasıdır” Suriyada vətəndaş müharibəsi başlayandan bu ölkədən Ermənistana 20 000 erməni gəlib. Məlumatı Ermənistan Diaspor Nazirliyinin nümayəndəsi Firdus Zakaryan verib. Ermənistan və Azərbaycan KİV-lərində yer alan məlumatlara görə, Suriyadan bu ölkəyə üz tutan ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilir. Ailələrin əsasən Laçın, Kəlbəcər və Zəngilan rayonlarında məskunlaşdığı bildirilir. Bir neçə gün əvvəl bura 20-yə yaxın erməni ailəsinin yerləşdirilməsi yayılan məlumatlar arasındadır. Suriyadan qaçan erməni ailələrinin Qarabağda yerləşdirilməsi İrəvanda müzakirə olunan əsas məsələlərdən biridir. Azərbaycan Xarici İşlər Nazirliyi və digər səviyyədə xəbərdarlıqlarına baxmayaraq, Ermənistan yetkililəri gizli və açıq formada suriyalıları Qarabağda məskunlaşdırır. Dəməşq - İrəvan, Beyrut - İrəvan, Suriya - İraq - İran - Ermənistan reysi Suriyadan qaçan insanlar qonşu dövlətlərə, əsasən də Türkiyə, Liviya, İraq və Livana üz tutduqları halda ermənilər Ermənistana gəlirlər. Ailələr Ermənistana Dəməşq - İrəvan, Beyrut - İrəvan təyyarə reysləri ilə çatdırılır. Bir çox hallarda İraq üzərindən keçməklə İrandan da istifadə edirlər. Suriyalı ermənilərin bölgə dövlətlərinə yox, məhz Ermənistana gəlmələri planlı şəkildə həyata keçirilir. ABŞ-da fəaliyyət göstərən “Amerika Erməniləri Milli Komitəsi”, “Amerikan Erməni Assambleyası”, “Hay Dat Komissiyası”, Fransadakı erməni diasporu və digər erməni diaspor təşkilatları daxildir. Qarabağda yerləşdirilən erməni ailələrinə maliyyə yardımlarını da bu qurumlar ayırır. Erməni diasporu tərəfindən yardım ayrılacağı ilə aldadılan erməni ailələrinə İrəvanda müəyyən yardım göstərilir. Lakin Qarabağda yerləşdirildikdən sonra bu yardım kəsilir. Ermənistanda nəşr olunan “Aravot”, “Haykakan Jamanak” və “Lragir” kimi nəşrlər yazırlar ki, Qarabağda yerləşdirilmiş erməni ailələr üçün dövlətdən ayrılan maddi vəsaitlər olduqca azdır, əksər hallarda isə ümumiyyətlə yardım olunmur. Zənginlər Avropaya, yoxsullar Ermənistana Vəziyyətdən xəbər tutan suriyalı ermənilərin bir qismi isə Avropa və digər dövlərlərlə üz tutmağa üstünlük verirlər. Qərbə üz tutan erməni ailələri əsasən zəngin olurlar, yoxsulları isə erməni diasporu Qarabağa gətirir. Qarabağdakı qondarma respublikanın “iqtisadiyyat”ını inkişaf etdirmək məqsədilə zəngin erməni ailələrini bölgəyə gətirmək cəhdi nəticə vermir. Zənginlər Ermənistanla yanaşı separatçı rejimi də tanımadıqlarını bildirirlər. Onlar hesab edirlər ki, Serj Sarkisyan bu addımı özünə siyasi dəstək qazanmaq üçün atır. 1975-ci il Suriyadan Ermənistana gələn ermənilərə viza rejimi tətbiq olunmur və qeyd-şərtsiz qondarma respublikanın “vətəndaşlığı” verilir. Ermənistan hakimiyyəti və erməni diasporunun fəallıq göstərdiyi bu köçürmə işində maraqları var. Məqsəd budur ki, Qarabağ məsələsinin həllinədək bölgədə say tərkibinə görə, erməniləri artırmaqdır. Təsadüfi deyil ki, Qarabağa yerləşdirilən suriyalı ermənilərə verilən qondarma respublika “pasport”u 1970, 1980 və 1990-cı illərə rəsmiləşdirilir. SSRİ-nin dağılmağa başlamasının son illərində (1975-ci il) də Qarabağa kütləvi şəkildə Yaxın Şərq dövlətlərindən, xüsusilə də Livandan erməni ailələr köçürüldü. İndi də Suriyadan başlayan köç sənədləri həmin tarixə yazılır. Həmin vaxt əsas məqsəd Sovet İttifaqının dağılmasınadək Qarabağda etnik erməniləri azərbaycanlılarla müqayisədə saylarını çoxaltmaq idi. Buna nail olundu, say olaraq ermənilər azərbaycanlıları üstələdi. Ermənistan SSRİ-dən çıxdıqdan sonra Qarabağa olan iddiasını o tezislə gündəmə gətirdi ki, “Qarabağda yaşayan ermənilər öz gələcək müqəddəratlarını təyin etmək hüququna sahibdirlər və Azərbaycandan ayrılmaq barədə qərar qəbul ediblər”. Danışıqlarda bu gün də İrəvanın üzərində dayandığı əsas iddia budur. Demoqrafik cədvəli dəyişmək planı Suriyadan Ermənistana üz tutan ermənilər də o məqsədlə Qarabağda yerləşdirilir ki, aralıq statusunun müəyyən olunmasına dair gələcəkdə keçiriləcək referendumda ermənilərin səs çoxluğuyla bölgənin “müstəqilliyi”, yaxud Ermənistanın tərkibində qalması planlarını həyata keçirsinlər. Suriyalı ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanı narahat etməlidir. Çünki bu, danışıqların yekunlaşmaq üzrə olduğu məlumatlarının yayıldığı vaxt və referendumdan əvvəl bölgənin demoqrafik vəziyyəti İrəvanın lehinə dəyişəcək. Həmçinin bu, Ermənistanın Qarabağdakı erməni əhalisinin azərbaycanlılardan çox olması tezisini gücləndirəcək və beynəlxalq səviyyədə erməni iddialarının tanınmasına zəmin yarada bilər. Rusiyanın rolu Suriyalı ermənilərin Qarabağda yerləşdirilməsi və danışıqların davam etdiyi vaxt bölgənin demoqrafik vəziyyətinin İrəvanın maraqlarına uyğun dəyişdirilməsi Rusiya ilə razılaşdırılıb. Qarabağın erməniləşdirilməsi Moskvanın 200 illik imperiya planının tərkibinə daxildir. 1975-ci ildə minlərlə Livan ermənisini də Qarabağda Moskva yerləşdirmişdi. 1990-cı illərin əvvəllərində Qarabağda döyüş başlayanda Ermənistana yardım edən də Rusiya idi. Danışıqlarda dönüş nöqtəsinin yarandığı vaxt Rusiyanın bu işdə maraqlı olmasına gəlincə, Moskvanın əsas hədəfi Azərbaycanı növbəti dəfə ermənilərin xeyrinə parçalamaqdır. Kreml elə bir zəmin yaratmaq istəyir ki, bu parçalanmaya Azərbaycan etiraz etməsin. Əgər referenduma qədər demoqrafik vəziyyət maksimal həddə Ermənistanın lehinə olsa, səsvermədə birmənalı olaraq Ermənistanın istəkləri həyata keçəcək və Dağlıq Qarabağ Azərbaycandan qoparılacaq. Lakin müharibədən qaçıb, savaşın davam etdiyi Qarabağda yerləşən ermənilərin burada uzun müddət qalıb-qalmayacaqlarını da zaman göstərəcək. Bütün hallarda rəsmi Bakı prosesin qarşısına keçəcək təxirəsalınmaz tədbirlər planı həyata keçirməldir. “Putinin planıdır” İranda nəşr olunan “Ərman” qəzetindəki məqaləsində İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani PKK və suriyalı erməniləri Rusiyanın yerləşdirdiyinə diqqət çəkib: “Moskva erməni və PKK-dan Azərbaycan və Türkiyəyə qarşı istifadə edir. Rusiya suriyalı ermənilər və PKK silahlılarını Qarabağda yerləşdirməklə bölgədə güc tarazlığını öz lehinə dəyişmək istəyir. Putinin bu planında Qərbə yönələn Azərbaycanı özünə çevirmək, bu dövləti Avrasiya İttifaqı və Gömrük Birliyinə cəlb etmək niyyəti də var. Şübhəsiz ki, Qarabağa yerləşdirilən suriyalı ermənilər və PKK burada əsas təzyiq vasitəsidir”. Rusiyanın Azərbaycan torpaqlarını işğal etməsi üçün Ermənistana birbaşa kömək etdiyini xatırladan Əfşar Süleymani məqaləsində prezident Vladimir Putinin Azərbaycanı Moskvanın təsir dairəsinə salmaq niyyətinin olduğunu bir neçə dəfə vurğulayıb. Keçmiş səfir qeyd edir ki, Putin Azərbaycanı Avrasiya İttifaqı, yaxud Gömrük Birliyinə qoşmaqla Qarabağdakı qondarma respublikanın “müstəqilliyinə” nail olmaq istəyir. “Hökumət təcili olaraq, hərəkətə keçməlidir” “Qarabağ Azadlıq” Təşkilatının sədri Akif Nağı “Cümhuriyət”ə bildirib ki, ermənilər öz xislətlərinə uyğun olaraq hər şeyi şişirdirlər. QAT sədri qeyd edib ki, beynəlxalq təşkilatlardan yardım almaq, öz iddialarını qəbul etdirmək üçün müxtəlif vasitələrə əl atırlar: “20 min erməninin Suriyadan çıxaraq, Ermənistana gəlməsi qeyri-realdır. Beynəlxalq təşkilatlar rəqəmləri yoxlamalıdır. Amma müəyyən qədər Suriyadan erməni gəlib, müxtəlif vaxtlarda da bu ailələr Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşdirilib. Bu, beynəlxalq hüquq normalarının kobud formada pozulmasıdır. Təəssüflər olsun ki, hadisələr beynəlxalq təşkilatların gözləri qarşısında baş versə də, heç bir reaksiya yoxdur. Suriyalı ermənilərin Qarabağda yerləşdirilməsi, Ermənistanın beynəlxalq hüquqa meydan oxumasıdır. Ermənistanın bu addımların qarşısını almaq üçün Azərbaycan hökuməti adekvat addımlar atmalıdır, beynəlxalq səviyyədə Ermənistana sanksiyaların tətbiq olunmasına nail olunmalıdır. Azərbaycana məxsus bölgədə demoqrafik vəziyyətin dəyişdirilməsi, kobud qanun pozuntusudur. Ermənistandan da ailələri Qarabağa köçürülür, xüsusilə Laçın rayonuna. Bu rayonda çoxlu sayda erməni ailəsi yerləşdirilib. Azərbaycan hökuməti təcili şəkildə məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıb, prosesin qarşısını almalıdır”. Mənsur Rəğbətoğlu  





Həftənin ən çox oxunanları